Müəllif: Tamara Mustafayeva, Banco.az
Pambıqçılıqda iki ildə bir ilk.
Banco.az xəbər verir ki, İran müharibəsi ilə paralel olaraq yüksələn enerji qiymətlərinin sintetik liflərin maya dəyərini artırması qlobal əmtəə bazarlarında diqqəti pambığa yönəldib.
Hedc fondlar və aktiv idarəçiləri təxminən iki ildən sonra ilk dəfə olaraq pambıq üzrə xalis alış mövqeyinə keçiblər.
ABŞ Əmtəə Fyuçers Ticarəti Komissiyasının (CFTC) məlumatlarına əsasən, 14 aprel ilə bitən həftədə Nyu-York pambıq bazarında uzun mövqelər qısa mövqeləri 16 825 müqavilə üstələyib. Bununla da 2024-cü ilin aprelindən bəri davam edən xalis qısa mövqe seriyası başa çatıb.
Bazarda baş verən bu dəyişimin əsas səbəbi enerji qiymətlərindəki artımdır. Neft qiymətlərinin yüksəlməsi ilə polyester və neylon kimi neft mənşəli sintetik liflərin maya dəyəri artır, nəticədə pambıq daha rəqabətli alternativə çevrilir. “Fitch Solutions” tərkibində fəaliyyət göstərən “BMI” analitiki Bin Hui Onqun sözlərinə görə, bu vəziyyət xüsusilə tekstil istehsalçılarının xammal seçimində dəyişikliklərə səbəb ola bilər.
Asiyada fəaliyyət göstərən tekstil istehsalçıları kimyəvi liflərin istehsalında istifadə olunan xammallar baxımından böyük ölçüdə Körfəz regionundan asılıdır. Buna görə də enerji və neft-kimya xərclərindəki artım istehsalçıların məhsul tərkibində daha çox pambıqdan istifadə etməsinə gətirib çıxara bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!