Tokio xaricə silah satışına imkan verən yeni dəyişikliklərlə müharibədən sonrakı dövrdə formalaşmış müdafiə ixracı məhdudiyyətlərini xeyli zəiflədib...
Poliqon xəbər verir ki, Kyodo News nəşrinin yaydığı məlumata görə, Yaponiya hökuməti müdafiə texnikasının ixracı ilə bağlı qaydaları yenidən nəzərdən keçirərək xaricə silah satışına icazə verən dəyişiklikləri təsdiqləyib. Bildirilir ki, yeniliklər ölkənin Milli Təhlükəsizlik Şurası tərəfindən də bəyənilib və bu addım Tokionun müdafiə siyasətində son illərin ən ciddi dönüşlərindən biri kimi qiymətləndirilir.
Məlumata əsasən, “Müdafiə avadanlığı və texnologiyalarının ötürülməsinin üç prinsipi”nə, eləcə də onların tətbiqi qaydalarına edilən dəyişikliklər indiyədək qüvvədə olan məhdudiyyətləri aradan qaldırır. Əvvəllər ixrac yalnız xilasetmə, nəqliyyat, xəbərdarlıq, müşahidə və minatəmizləmə kimi beş qeyri-döyüş kateqoriyası ilə məhdudlaşırdı. Yeni qaydalara görə isə avadanlıq artıq “silah” və “silah olmayan” kateqoriyalarına bölünəcək.
Qeyd olunur ki, öldürücü xüsusiyyətə malik olmayan sistemlərin, o cümlədən radar xəbərdarlıq və idarəetmə vasitələrinin ixracı faktiki olaraq məhdudlaşdırılmayacaq. “Silah” kateqoriyasına aid məhsulların ixracı isə yalnız Yaponiya ilə müdafiə texnologiyaları sahəsində məxfi məlumatların qorunmasına dair saziş imzalamış ölkələrə mümkün olacaq.
Rəsmi Tokio eyni zamanda münaqişə zonalarına silah tədarükünün qadağan olaraq qaldığını bildirir. Bununla belə, “xüsusi hallar” üçün istisna mexanizminin saxlanılması diqqət çəkir. Bu yanaşma Yaponiyanın öz təhlükəsizlik maraqları və ABŞ-nin Hind-Sakit okean regionunda keçirdiyi hərbi əməliyyatlarla bağlı situasiyalarda daha çevik qərar verməsinə imkan yarada bilər.
Yeni dəyişikliklər parlamentin silah ixracı barədə yalnız hökumət razılıq verdikdən sonra məlumatlandırılmasını da nəzərdə tutur. Bu məqam artıq müxalifət qüvvələrinin tənqidinə səbəb olub. Tənqidçilər hesab edirlər ki, parlament əvvəlcədən razılıq verməlidir, əks halda Yaponiya daha geniş silahlanma yarışına və ya xarici münaqişələrin qızışdırılmasına dolayısı ilə cəlb oluna bilər.
Müşahidəçilərin fikrincə, bu qərar Tokionun “sülhpərvər dövlət” imicindən tam imtina etməsi anlamına gəlməsə də, ölkənin regional təhlükəsizlik arxitekturasında daha fəal və sərt xəttə keçdiyini göstərir. Xüsusilə Çin, Şimali Koreya və ümumilikdə Hind-Sakit okean məkanında artan gərginlik fonunda Yaponiya müdafiə sənayesini və tərəfdaşlıq imkanlarını genişləndirməyə çalışır.
Poliqon.info