Deputat qeyd edib ki, 414,4 milyon manatlıq uyğunluq pozuntuları, 626,3 milyon manatlıq maliyyə təhrifləri və 342,9 milyon manatlıq səmərəsiz xərclər əslində ciddi həyacan siqnalıdır: "Narahatedici məqam isə odur ki, 170,4 milyon manat birbaşa büdcəyə zərərdir və konkret məsuliyyət doğuran haldır. Bu rəqəmlərə görə cavabı kim verəcək? Hesabatlarda rəqəmlər var, amma konkret məsul şəxslərin adları və real hüquqi nəticələr cəmiyyətə açıq şəkildə təqdim olunmur. Mən bunu çox gözəl başa düşürəm və bilirəm ki, Bakı da bir günə tikilməyib. Zamanla hər şey düzələcək. Əsas odur ki, mərhələ-mərhələ də olsa biz irəliyə doğru ciddi addımlar atmaq istəyirik. 40,2 milyon manatlıq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi müsbət addımdır".
Onun sözlərinə görə, xüsusilə narahatlıq doğuran məqamlardan biri də 28,7 milyon manatlıq sosial ödənişlərlə bağlı qərardır. Bu vəsaitlərin bərpası istiqamətində konkret tədbir görülməməsi, əvəzində ödənişlərin dayandırılması qərarının verilməsi sosial baxımdan mübahisə doğuran məsələdir. Burada səhvin nəticəsinin vətəndaşın üzərinə qoyulması abi-havası yaranır.
"Dövlət vəsaitlərinin daha səmərəli idarə olunması üçün şəffaflıq, real hesabatlılıq və fərdi məsuliyyət mexanizmini gücləndirməliyik ki, bu rəqəmlər növbəti illərdə də təkrarlanmasın. Biz növbəti illər üçün pozuntuların aşkarlanması ilə yanaşı konkret məsuliyyət, açıq hesabatlılıq və ictimaiyyətə təqdim olunan real nəticələr üzərində də ciddi şəkildə işləməliyik. Milyonlarla manatlıq pozuntuların sadəcə statistika olaraq qalmasını heç birimiz istəmərik".