Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin təsiri azalır, beynəlxalq ekspert dünya düzəninin dəyişdiyini açıqladı
2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu dünyanın regional güc mərkəzlərinin strateji baxışlarının uzlaşdırıldığı mühüm diplomatik tribunaya çevrilib. Aprelin 17-18-də Türkiyənin ev sahibliyinə əsasən baş tutan konfrans, “Sabahı formalaşdırarkən qeyri-müəyyənliklərlə mübarizə” mövzusu adı altında dünyanın yenidən formalaşmasına xidmət edir. Bu il beşinci dəfə təşkil olunan Antalya Diplomatiya Forumu 150-dən çox ölkədən 5 mindən artıq iştirakçını bir araya gətirib. Dünyanın müharibə ocağına çevrildiyi dönəmdə konfrasın təşkil edilməsi, məlhəm rolunu oynadı. Forum, Yaxın Şərqdə regional əməkdaşlıq, terrorla mübarizə, Avropada təhlükəsizliyin nəzərdən keçirilməsi istiqamətində bir sıra problemlərin diplomatik səviyyədə həll edilməsinə üstünlük verir. Konfransın diqqətçəkən məqamlarından biri də Türkiyə, Azərbaycan və Pakistan liderlərinin yan-yana əyləşərək bir-birinin əlini qardaşlıq rəmzi kimi sıxmaları oldu. Toplantının iki gün keçirilməsinə baxmayaraq, doğurdu əks-səda hələ də beynəlxalq mətbuatın diqqət mərkəzində qalmaqdadır.
Mövzu ilə bağlı beynəlxalq siyasət üzrə ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, Antalyada Diplomatiya Forumu Türkiyənin etibarlı tərəfdaş imicini zirvələrə yüksəltdi:
“Forum, Türkiyə, Azərbaycan və Pakistan liderlərinin bir araya gələrək dünyaya verdikləri güc və birlik mesajı ilə yadda qaldı. Onlar, Cənubi Qafqazdan başlayaraq Hind və Sakit okeanı ərazilərinə qədər uzanan geniş coğrafiyada artan gücün özlərinə məxsus olduğunu nümayiş etdirdilər. Bu mesaj xüsusilə də, ABŞ, Avropa İttifaqı və Rusiya kimi qlobal güc mərkəzlərinə ünvanlanıb. Yaxın Şərq ölkələri də qardaşların birliyindən payına düşəni götürməlidir”.
Analitikin sözlərinə görə Azərbaycan, Türkiyə və Pakistanın diqqətindən kənarda qalmayan məqamlardan biri də Türk Dövlətləri Təşkilatıdır:
“Quruma daxil olan ölkələr zamanla, enerji təhlükəsizliyi və logistika sahəsində əsas oyunçulardan birinə çevrilir. Artıq ABŞ-nin qlobal təsir gücü zəifləməyə başlayıb. İranla müharibə dövründə Vaşinqtonun nə qədər aciz olduğunun fərqinə vardıq. ABŞ-nin Ukrayna-Rusiya müharibəsinin həlli istiqamətində nəticə əldə edə bilməməsi, onun beynəlxalq arenada təsir imkanlarının məhdud olduğunu göstərdi”.
İ.Cingözün fikrincə, daxili problemlər və Ukrayna-Rusiya müharibəsi Avropa İttifaqını qlobal güc statusundan çıxarıb:
“Belə bir şəraitdə yalnız TDT yüksəliş yaşayan quruma çevrilib. Antalya Diplomatiya Forumunda, TDT-nin Azərbaycan, Türkiyə və Pakistanın rəhbərliyi altında 3-cü qlobal gücə çevriləcəyi vurğulandı. Ərdoğan uzun illərdir ki, dünya sistemində hegemon ölkələrin gücdən düşdüyünü anlatmağa çalışırdı. Artıq Qərb ölkələri iki istiqamətdə qorxuya düşüb. Bir tərəfdən TDT-nin zirvələrə yüksəlməsi, digər tərəfdən isə Trampın NATO-dan çıxacağını açıqlaması, Qərbi ürək xəstəliyinə salıb”.
Ekspert vurğulayıb ki, Avropa ölkələri 1945-ci ildən bu yana müdafiə sənayesi və silah istehsalı baxımından ABŞ-dən asılı vəziyyətdədir:
“Vaşinqton təşkilatdan ayrılan kimi, Qərb ölkələrinin hərbi potensialı zəifləyəcək. Çünki ABŞ, Rusiya təhdidinə qarşı Avropanın müdafiə qalxanı rolunu oynayırdı. Beynəlxalq arenada yalnız qalan Avropa ölkələri, Türkiyənin təhlükəsizlik çətirinə sığınacaqlar. Çünki Türkiyə silah və texnikanın 80 faizini özü istehsal edir. Avropa ölkələri NATO çərçivəsində Türkiyə olmadan müdafiə sistemi qurmağın çətinliyini anlayırlar. Digər tərəfdən isə Çin Qərb bloku ilə ticarət əlaqələrini inkişaf etdirmək üçün türk dövlətlərinə ehtiyac duyur”.
Analitik, türk dövlətlərinin Asiya və Avropa ölkələri arasında körpü rolunu oynadığını bildirib:
“Cənubi Qafqazdan başlayaraq Balkanlara qədər Türkiyə olmadan güc balansı qurmaq çətindir. Türkiyənin iştirak etmədiyi sülh danışıqları ya nəticəsiz qalır, ya da imzalanan razılaşmalar uzunmüddətli olmur. Ona görə də Türkiyənin siyasi gücü beynəlxalq mətbuatın gündəmindən düşmür. Bir sözlə, Türkiyə-Azərbaycan-Pakistan qardaşlığı sayəsində yeni dünya düzəni formalaşır”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.