EN

Kremlin təzyiqi: Ermənistan Qərbə yaxınlaşdıqca risklər artır-ÖZƏL

Stratfor hesabatına görə, Rusiya Ermənistanın Qərbə yönəlməsinin qarşısını almaq üçün qaz, ticarət və hərbi rıçaqlardan istifadə edə bilər. ABŞ dəstəkli Zəngəzur (TRIPP) dəhlizi ilə bağlı planlar Moskvanın sərt reaksiyasını gücləndirir və mümkün addımların miqyası Aİ-Ermənistan sammitindən asılı olacaq. Qısa müddətdə risklər layihəni ləngitsə də, uzunmüddətli perspektivdə alternativ marşrutların əhəmiyyəti artır.
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" Hazırkı dövrdə Rusiya regionda öz təsir imkanlarını qoruyub saxlamaq istəyirsə, Ermənistan ilə münasibətlərini zəiflətmək və onu tamamilə itirmək istəməz. Bununla belə, reallıq ondan ibarətdir ki, Rusiyanın Ermənistan üzərində təsir rıçaqları hələ də qalmaqdadır. Bu rıçaqlar əsasən enerji (qaz təminatı), iqtisadi əlaqələr və hərbi mövcudluq üzərindən formalaşır.
Əvvəlki illərlə müqayisədə Ermənistanda bəzi sahələrdə Rusiyanın təsiri zəifləyib. Buna baxmayaraq, Moskva Ermənistan üzərində birbaşa və sərt təzyiq mexanizmlərini tam şəkildə işə salmaqda ehtiyatlı davranır. Çünki İrəvana qarşı ciddi təzyiq addımları onun Rusiyadan daha sürətli uzaqlaşmasına səbəb ola bilər.
Ticarət və logistika sahələrində də əməkdaşlıq mövcuddur. Ermənistan ixracının müəyyən hissəsi Rusiya bazarına yönəlir. Bu sahədə mümkün məhdudiyyətlər həm Ermənistan, həm də Rusiyanın regiondakı iqtisadi mövqelərinə mənfi təsir göstərə bilər. Bundan əlavə, Rusiyanın Ermənistandakı hərbi mövcudluğu mühüm təsir vasitələrindən biri olaraq qalır. Lakin son dövrlərdə, xüsusilə müharibə fonunda Rusiyanın resurslarının müəyyən qədər məhdudlaşdığı da müşahidə olunur.
Ona görə də Rusiya bu rıçaqlardan genişmiqyaslı şəkildə istifadə edərsə, bu, onun özü üçün də siyasi və geosiyasi risklər yarada bilər. Buna görə də Moskvanın daha çox mərhələli təzyiq strategiyasına üstünlük verəcəyi ehtimal olunur. Reallıqda isə Ermənistan bir tərəfdən Rusiya ilə münasibətləri qorumağa, digər tərəfdən isə Qərblə əlaqələri dərinləşdirməyə cəhd edir. Bu yanaşma yeni deyil və uzun illərdir tətbiq olunur. Hazırkı mərhələdə də Ermənistanın Rusiyadan tam uzaqlaşaraq bütün əlaqələri kəsməsi ehtimalı aşağı görünür. Daha real ssenari ondan ibarətdir ki, İrəvan Qərblə münasibətlərini gücləndirməyə davam edəcək, eyni zamanda, Rusiya ilə əlaqələri tam qoparmadan asılılığı tədricən azaltmağa çalışacaq. Hazırda Ermənistanın balans siyasəti hələ də davam edir, lakin bu balansı qorumaq getdikcə daha çətin və həssas xarakter alacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
olaylar.az

1Sources