EN

Telman Nüsrətoğlu: Antalya platformaları türk dünyasının qlobal rolunu gücləndirir

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Müasir beynəlxalq münasibətlər sistemində dərin transformasiyaların baş verdiyi, geosiyasi rəqabətin və qlobal çağırışların artdığı bir dövrdə çoxtərəfli dialoq platformalarının əhəmiyyəti daha da yüksəlir. Bu baxımdan Antalya Diplomatiya Forumu kimi mötəbər beynəlxalq tədbir yalnız fikir mübadiləsi məkanı deyil, həm də yeni dünya nizamının əsas istiqamətlərinin müəyyənləşdirildiyi strateji platforma kimi çıxış edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türk İslam Araşdırmaları Mərkəzinin sədri Telman Nüsrətoğlu bildirib.

Onun sözlərinə görə, qlobal miqyasda siyasi və iqtisadi güc balansının yenidən formalaşdığı bir mərhələdə bu cür forumlar dövlətlər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi, etimad mühitinin möhkəmləndirilməsi və ortaq maraqlara əsaslanan əməkdaşlıq modellərinin inkişafı baxımından mühüm rol oynayır: “Artıq ənənəvi güc mərkəzləri ilə yanaşı, yeni geosiyasi aktorlar da beynəlxalq gündəliyin formalaşmasında fəal iştirak edirlər. Türk dünyasının yerləşdiyi coğrafiyada belə mötəbər tədbirlərin keçirilməsi bu reallığın aydın göstəricisidir”.

T.Nüsrətoğlu vurğulayıb ki, Yaxın Şərqdən Balkanlara, Afrikadan Orta Asiyaya qədər geniş coğrafiyanı əhatə edən problemlərin məhz Antalya platformalarında müzakirə olunması bu forumların inklüziv və qlobal xarakter daşıdığını göstərir. Onun fikrincə, burada səsləndirilən yanaşmalar və irəli sürülən təşəbbüslər gələcək beynəlxalq əməkdaşlıq gündəliyinin formalaşmasına ciddi təsir edir.

“Bu platformalar təkcə siyasi dialoq deyil, eyni zamanda iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, rəqəmsal transformasiya və humanitar məsələlər üzrə kompleks yanaşmanın formalaşdırılmasına xidmət edir. Xüsusilə hazırkı mərhələdə enerji bazarlarında qeyri-sabitliyin artdığı, alternativ marşrutların və mənbələrin aktuallaşdığı bir dövrdə bu məsələlərin müzakirəsi xüsusi əhəmiyyət kəsb edir”, – deyə o əlavə edib.

Mərkəz sədri bildirib ki, Azərbaycan son illərdə həyata keçirdiyi uğurlu xarici siyasət kursu nəticəsində regional aktordan qlobal miqyasda təsir imkanlarına malik ölkəyə çevrilib. Onun sözlərinə görə, ölkəmiz Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və enerji layihələrinin həyata keçirilməsi baxımından aparıcı rol oynayır.

T.Nüsrətoğlu qeyd edib ki, İlham Əliyevin Antalya Diplomatiya Forumunda fəal iştirakı, keçirdiyi çoxsaylı ikitərəfli və çoxtərəfli görüşlər Azərbaycanın artan diplomatik çəkisinin və beynəlxalq nüfuzunun bariz təzahürüdür: “Xüsusilə Azərbaycan–Türkiyə–Pakistan üçtərəfli əməkdaşlıq mexanizmi regionda yeni geosiyasi reallıqların formalaşmasına mühüm töhfə verir. Bu format təhlükəsizlik, iqtisadi inteqrasiya və siyasi koordinasiya baxımından strateji əhəmiyyət daşıyır”.

Onun sözlərinə görə, Azərbaycan həm də türk dünyasının inteqrasiyası prosesində mühüm rol oynayan əsas aktorlardan biridir: “Tarixi, mədəni və geosiyasi bağlara əsaslanan bu inteqrasiya prosesi getdikcə daha sistemli xarakter alır. Bu baxımdan Azərbaycan həm təşəbbüskar, həm də birləşdirici rol oynayır”.

Ekspert əlavə edib ki, Azərbaycanın beynəlxalq platformalarda irəli sürdüyü əsas mesajlar qarşılıqlı hörmətə, beynəlxalq hüquqa riayətə, suverenliyə hörmətə və “qazan-qazan” prinsipinə əsaslanır: “Məhz bu yanaşma ölkəmizin etibarlı tərəfdaş kimi qəbul olunmasını şərtləndirir. Azərbaycan münaqişələrin dialoq yolu ilə həllini, əməkdaşlıq mühitinin gücləndirilməsini və qarşıdurmaların azaldılmasını prioritet hesab edir”.

T.Nüsrətoğlu vurğulayıb ki, enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu xüsusilə diqqətəlayiqdir. Avropanın enerji təchizatının şaxələndirilməsi prosesində ölkəmizin oynadığı rol getdikcə artır və bu da Azərbaycanın strateji əhəmiyyətini daha da gücləndirir.

Siyasi ekspert qeyd edib ki, Antalya kimi beynəlxalq platformalar türk dünyasının siyasi, iqtisadi və intellektual potensialının təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır: “Bu proseslər göstərir ki, türk dünyası artıq qlobal sistemdə yalnız iştirakçı deyil, həm də təşəbbüskar və istiqamətverici gücə çevrilməkdədir. Azərbaycanın bu prosesdə fəal iştirakı və artan rolu isə ölkəmizin gələcəkdə də beynəlxalq münasibətlər sistemində mühüm mövqe tutacağını deməyə əsas verir”.

Müxbir-Vüqar Qurbanoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
1
azertag.az

2Sources