EN

İqlimşünas-alim: Temperatur artımına əsas səbəb meridional sirkulyasiya prosesləridir

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycanda son illər bütün fəsillər üzrə temperatur artımı müşahidə olunur.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun iqlim şöbəsinin aparıcı elmi işçisi coğrafiya üzrə fəlsəfə doktoru Həsən Nəbiyev məlumat verib. O bildirib ki, temperatur artımının səbəblərini araşdırmaq üçün B.L.Dzerdzeyevskinin sirkulyasiya təsnifatına müraciət olunub. Aparılan təhlillər göstərir ki, bütün məntəqələrdə temperaturun yüksəlməsi üçün əlverişli şərait yaradan əsas amillər meridional şimal 12a və son dövrlərdə daha tez-tez təkrarlanan meridional cənub (13l) prosesləridir.

Alimin sözlərinə görə, yay aylarında, xüsusilə iyul və avqustda havanın daha isti keçməsinin səbəblərini müəyyən etmək üçün həmin aylarda sirkulyasiya tiplərinin təkrarlanma tezliyi araşdırılıb. Nəticələr göstərib ki, bu dövrdə 13l, 10b və 9a meridional sirkulyasiya tipləri üstünlük təşkil edir.

Qeyd olunub ki, Azərbaycanda 1975–1980-ci illərdən etibarən temperatur artımı meridional sirkulyasiyanın güclənməsi və zonal proseslərin zəifləməsi ilə uyğunluq təşkil edir. Yay aylarında müşahidə olunan bu sirkulyasiya şəraitində şimal yarımkürəsinin qütbətrafı ərazilərində formalaşan antisiklonlar cənuba doğru hərəkət edərək subtropik antisiklonla birləşir. Nəticədə yaranan yüksək təzyiq yalı Atlantik okeanından gələn qərb hava axınlarının qarşısını alır.

Eyni zamanda, Şərqi Avropa və Sibir üzərində formalaşan antisiklonların təsiri Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə qədər yayılır. Bu isə ölkə ərazisində dayanıqlı hava şəraitinin formalaşmasına və temperaturun daha da yüksəlməsinə səbəb olur.

Chosen
16
1
azertag.az

2Sources