EN

Azərbaycanda niyə doktoranturaya maraq yüksək deyil? - MÜSAHİBƏ

Son illərdə ölkədə ali təhsil alan gənclərin sayı artsa da, magistratura və doktorantura pilləsinə maraq eyni səviyyədə deyil. 

Bir çox gənc magistratura təhsilini davam etdirsə də, doktorantura mərhələsinə keçməkdə tərəddüd edir. Bunun arxasında maddi çətinliklər, əmək bazarının tələbləri və uzunmüddətli elmi fəaliyyətin yaratdığı məsuliyyət dayanır. Bu baxımdan, gənclərin elmə yönəlməsi, elmi kadrların artırılması və təhsil sistemində hansı yeniliklərin edilməli olduğu məsələləri aktuallığını qoruyur... 

Azərbaycanın Gənc Alimi, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov doktorantura və magistratura pillərlərinə olan maraq və gözləntilərlə bağlı Hit.az-a müsahibə verib: 

-    İlqar bəy, nəyə görə magistratura pilləsinə olan maraq doktorantura səviyyəsində bu qədər yüksək olmur? 
-    Azərbaycanda təhsilin magistratura və doktorantura pillələri arasındakı kəskin fərq həm iqtisadi, həm də struktur səbəbləri ilə bağlıdır. Bu sahədəki ümumi mənzərəni aşağıdakı fundamental məqamlarla xarakterizə etmək olar. Öncəliklə maraq fərqinin kökündə dayanan iqtisadi və sosial faktorlardır. Magistratura və doktorantura pillələrinə olan maraq fərqinin əsasında ilk növbədə iqtisadi gəlir amili dayanır. Magistr dərəcəsi əmək bazarında dərhal maaş artımına və ya daha asan iş tapmağa xidmət edən praktiki vasitə kimi görülsə də, doktorantura uzunmüddətli, akademik zəhmət tələb edən və maddi qarşılığı dərhal hiss olunmayan bir proses kimi qəbul edilir. Zaman itkisi də mühüm faktordur. 

Doktorantura 3-4 illik gərgin tədqiqat, laboratoriya işi və arxiv araşdırmaları tələb etdiyi halda, gənclər bu müddəti real karyera qurmağa sərf etməyi üstün tuturlar. Magistratura bir çox gənc üçün hərbi xidmətdən möhlət hüququ qazandıran vasitə funksiyasını yerinə yetirsə də, doktorantura səviyyəsində bu motivasiya artıq aktuallığını itirmiş olur.

-    Elm və təhsil sahəsində inkişaf əsas məsələlərdən biridir. Xüsusən Azərbaycanda elmi kadrların artması üçün nə dəyişməlidir?
-    Elmi kadr potensialını gücləndirmək üçün ilk növbədə maliyyələşmə sistemi təkmilləşdirilməlidir. Doktorantların təqaüdü onların minimal yaşayış xərclərini tam qarşılamalıdır ki, tədqiqatçılar kənar iş axtarmadan yalnız elmlə məşğul ola bilsinlər. Paralel olaraq, infrastruktur yenilənməli, müasir laboratoriya avadanlıqları və beynəlxalq elmi bazalara (Scopus, Web of Science) pulsuz giriş təmin edilməlidir. Müdafiə prosesi və sənədləşmə sadələşdirilməli, şəxsi münasibətlər deyil, məhz elmi nəticələr əsas götürülməlidir. Mövcud bürokratik maneələr və saxta himayəçilik meylləri sağlam elmi mühitin formalaşmasına ciddi əngəl törədir.

-    Təhsil pilləsinə diqqət həmçinin istehlakçı tələbilə də ölçülür. Doktorantura təhsili əmək bazarının tələbləri ilə nə dərəcədə uyğunluq təşkil edir? 
-    Ölkəmizdə elm və real iqtisadiyyat arasındakı əlaqənin zəifliyi  aktual problemlərdən biridir. İnkişaf etmiş ölkələrdə doktorantlar özəl şirkətlərin sifarişi ilə tədqiqatlar apardıqları halda Azərbaycanda özəl sektorun elmi araşdırmalara tələbi çox aşağıdır. Xüsusilə fundamental elm sahəsində tədqiqatlar konkret müəssisələrin texnoloji problemlərinin həllinə yönəlməlidir. Köhnəlmiş və strateji əhəmiyyət kəsb etməyən mövzular əvəzinə innovativ mövzular təşviq edilməlidir.

-    Sizcə, gənclərin elmi fəaliyyətə və doktoranturaya yönəlməsi üçün hansı stimullar tətbiq olunmalıdır? 
-    Gənc tədqiqatçılar üçün stimullar istedadlı gəncləri elmi fəaliyyətə cəlb etmək üçün təkcə baza təqaüdü deyil, həm də uğurlu nəticələrə görə fərdi qrantlar verilməlidir. Doktorantura dövründə ən azı 6 ay xarici universitetlərdə təcrübə keçmək imkanları genişləndirilməlidir. Hazırda elmi dərəcəsi olan gənclər üçün güzəştli ipoteka və sosial paketlər tətbiq olunsa da, əməkhaqqı azlığı səbəbindən bu imkanlar çox vaxt əlçatmaz qalır. 

-    Təhsilə hansı yeniliklərin gətirilməsini təklif edirsiniz ?
-    Müasir müdafiə mexanizmlərinə keçid müdafiə şuralarına xarici mütəxəssislərin cəlb edilməsi elmi işlərin keyfiyyətinə müsbət təsir göstərə bilər. Bu məqsədlə onlayn və hibrid müdafiə prosesləri geniş tətbiq edilməli, beynəlxalq ekspertlərin şuralarda iştirakı təmin olunmalıdır. Yekun olaraq, keyfiyyətli elmi kadr yetişdirmək üçün elm artıq bir fədakarlıq sahəsi deyil, yüksək gəlirli və nüfuzlu bir karyera sahəsi kimi cəlbedici olmalıdır.

Arzu İbrəhimova


 

Chosen
6
hit.az

1Sources