EN

Azərbaycan Serbiya ilə qaz elektrik stansiyası üzrə birgə müəssisə yaradacaq

"Serbiyanın Niş şəhəri yaxınlığında qaz elektrik stansiyasının tikintisi layihəsinin icrası üçün birgə müəssisənin yaradılması planlaşdırılır".
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, bu barədə Serbiyanın Mədən və Energetika Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, bununla bağlı müzakirələr Serbiyanın mədən və energetika naziri Dubravka Djedoviç Handanoviç ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyətinin görüşündə aparılıb.
 
Belə ki, Azərbaycan nümayəndə heyəti Serbiyanın Energetika Nazirliyi, "Elektroprivreda Srbije" və "Srbijagas" şirkətlərinin nümayəndələri ilə texniki səviyyədə bir sıra görüşlər keçirib.
 
"Tərəflər may ayının əvvəlində müqavilə şərtlərinin tam razılaşdırılacağına ümid edir", - məlumatda qeyd olunub.
 
Qeyd edilib ki, görüşün əsas mövzusu layihə üzrə müqavilənin kommersiya və texniki şərtlərinin razılaşdırılması olub.
 
Məlumata görə, sənəddə layihə üzrə tərəflərin - "Elektroprivreda Srbije", "Srbijagas" və SOCAR-ın iştirak payı və öhdəlikləri müəyyən ediləcək.
 
Nazirliyinin məlumatına əsasən, bu qaz elektrik stansiyası Serbiyanın strateji sənədlərində nəzərdə tutulmuş mühüm enerji layihələrindən biridir və ölkənin elektrik enerjisi sistemində əlavə baza güclərinin yaradılmasına, xüsusilə cənub bölgələrində sənayenin enerji təminatının gücləndirilməsinə xidmət edəcək. Stansiyanın 2030-cu ilədək istifadəyə verilməsi planlaşdırılır.
 
"Hazırda layihə çərçivəsində elektrik enerjisi üzrə təxminən 500 meqavat, istilik enerjisi üzrə isə 150 meqavat güc nəzərdən keçirilir", - nazirlikdən qeyd edilib.
Chosen
13
3
moderator.az

4Sources