EN

Barışa xidmət edən diplomatik körpü: Azərbaycanın sülh doktrinası

Bakı, 21 aprel, AZƏRTAC

XXI əsrdə tarixi yalnız güclü dövlətlər yox, güclü liderlər yazır. Azərbaycan xalqı xoşbəxtdir ki, onun İlham Əliyev kimi dünya miqyaslı Lideri var! Məhz Prezident İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti və dahiyanə diplomatiyası Azərbaycanı 30 illik əsarətdən Zəfərə apardı və sülhün, inkişafın, qardaşlığın məkanına çevirdi. Bu, sadəcə siyasət deyil – bu, tarixin axarını dəyişən Zəfər doktrinasıdır.

Məlum olduğu kimi, müasir dönəmdə dövlətin geosiyasi çəkisi də təkcə ordusunun gücü ilə deyil, müharibədən sonra sülh quruculuğu bacarığı ilə ölçülür. Bu mənada Azərbaycanın son 5 ildə keçdiyi yol müasir beynəlxalq münasibətlər üçün presedent yaratdı: hərbi qələbəni diplomatik kapitallaşdırma və regionu qarşıdurma zonasından əməkdaşlıq platformasına çevirmə.

Bu fikirlər siyasi elmlər doktoru, professor Ziyafət Həbibovanın məqaləsində qeyd olunub.

AZƏRTAC məqaləni təqdim edir.

Qırx dörd günlük Vətən müharibəsi Müzəffər Ali Baş Komandanın hərb dühasının təntənəsi oldu! Torpaqlarımızı 30 il işğal altında saxlayanlar İlham Əliyevin Dəmir Yumruğu qarşısında diz çökdü. Şuşa azad olundu, cəmi 3 il sonra isə Xankəndiyə də bayrağımız sancıldı, “Qarabağ əbədi Azərbaycandır” deyildi – və bütün dünya bunu qəbul etdi! Amma əsl Liderin böyüklüyü müharibədən sonra başlayır. İlham Əliyev sübut etdi: əsl Qalib düşməni məhv edən yox, düşməni sülhə məcbur edəndir! 10 noyabr 2020-ci ildən sonra Bakı bir an belə dayanmadı. Ermənistana, dünyaya, tarixə yeni status-kvo diktə edildi: “Ya sülh, ya məhv!” Ermənistan sülhü seçdi.

Azərbaycan qalib kimi sülh gündəliyini irəli sürdü. Müharibə bitən gün Bakı dünyaya bəyan etdi: “Biz torpaq yox, ədalət aldıq. İndi məqsədimiz regiona sülh gətirməkdir”. Bu, əslində minillik dövlətçilik təfəkkürüdür, siyasi uzaqgörənliyin örnəyidir. Çünki dayanıqlı sülh məğlubun kapitulyasiyası ilə deyil, regionun yeni təhlükəsizlik arxitekturası ilə mümkündür. Məhz bu yanaşma Azərbaycanı “münaqişə tərəfi” statusundan “sülh memarı” statusuna daşıdı.

Azərbaycanın sülh doktrinasının ikinci dayağı enerji amilidir. Rusiya-Ukrayna müharibəsi başlayanda Avropa real təhlükə ilə üz-üzə qaldı: illər əvvəl inşa edilən Cənub Qaz Dəhlizi layihəsi qitənin xilaskarına çevrildi.

Bu gün Azərbaycan qazı Avropada evləri qızdırır, zavodları işlədir. Amma daha vacibi – Azərbaycanın iradəsi Avropaya sabitlik gətirir. Bu gün Brüssel açıq şəkildə Bakını etibarlı tərəfdaş kimi qəbul edir. Bu o deməkdir ki, İlham Əliyev Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin qarantına çevirib.

Cənubi Qafqazda sülh prosesinin ən həssas nöqtəsi onun beynəlxalq legitimliyidir. Bu baxımdan, 2023-cü il dönüş nöqtəsi oldu: Vaşinqton. ABŞ Dövlət Departamenti. 30 il “Qarabağa status” tələb edən Ermənistanın naziri Azərbaycanın diqtə etdiyi sülh sənədini paraflayır! ABŞ Dövlət katibi şahidlik edir! Bu İlham Əliyevin diplomatik zəfəridir! 30 ildə Minsk Qrupunun bacarmadığını İlham Əliyev 3 ilə bacardı: “Status” sözünü lüğətdən sildi, “Ərazi bütövlüyü” prinsipini dünyaya qəbul etdirdi! ABŞ moderatorluğu göstərdi ki, Qərb Azərbaycanın irəli sürdüyü “ərazi bütövlüyü üstəgəl suverenlik” prinsipini əsas kimi qəbul edir. İkincisi, sənədin paraflanması tərəflərin hüquqi öhdəlik götürməsi deməkdir. Yəni, proses geri dönməzdir. Üçüncüsü, Vaşinqton formatı Brüssel və Moskvadan fərqli olaraq nəticəyə hesablanıb.

Prezident İlham Əliyev beynəlxalq hüquqa yeni məzmun verdi: “Ədalətli sülh”! Bu nə deməkdir?

1. Sərhədlər toxunulmazdır! Guya “öz müqəddəratını təyin etmə” adı ilə torpaq qoparmaq dövrü bitdi.

2. Suverenlik müqəddəsdir! Heç kəs Azərbaycanın daxili işinə qarışa bilməz! 30 il dünyanı “dondurulmuş münaqişə” nağılı ilə aldadırdılar. İlham Əliyev o nağılı bitirdi, real tarix yazdı! Bu gün BMT kürsüsündən tutmuş Afrika İttifaqınadək hamı Azərbaycan modelini öyrənir.

Bu gün Azərbaycan postmünaqişə dövrünün qaydalarını formalaşdırır, yaratdığı hərbi reallığın hüquqi və diplomatik çərçivəsini qurur, sülhü institutlaşdırır.

Perspektiv aydındır: Azərbaycan artıq masada əyləşən deyil, masa quran tərəfdir. Zəngəzur dəhlizi açılanda, Orta Dəhliz tam qüvvəsi ilə işləyəndə Bakı Çindən Avropaya uzanan ticarət qapısına çevriləcək. Ticarət olan yerdə müharibə ehtimalı sıfırlanır. Bu, sülhün iqtisadi qarantiyasıdır.

Beləliklə, Azərbaycanın sön dönəm təcrübəsi göstərdi ki, kiçik dövlətlər də qlobal gündəlik yarada bilər. Bunun üçün 3 şərt vacibdir: hərbi potensial, iqtisadi resurs və siyasi iradə. Prezident İlham Əliyev bu üçbucağı qapadı. Bu gün Azərbaycan beynəlxalq münasibətlərdə yeni kateqoriya yaradır: “Sülh ixrac edən dövlət”.

Chosen
16
1
azertag.az

2Sources