EN

Azərbaycan dünyada balanslı və praqmatik xarici siyasəti ilə seçilir - ŞƏRH

Bakı, 21 aprel, AZƏRTAC

Hazırda dünya mürəkkəb və gərgin bir mərhələdən keçir. Müxtəlif regionlarda silahlı toqquşmaların, onların “dondurulmuş” mərhələlərinin və uzunmüddətli danışıqlar proseslərinin şahidi oluruq. Belə bir mürəkkəb beynəlxalq şəraitdə Azərbaycan həm regionda, həm də qlobal müstəvidə balanslı və praqmatik xarici siyasət həyata keçirməklə seçilir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Mübariz Göyüşlü səsləndirib.

O bildirib ki, ölkəmiz müxtəlif güc mərkəzləri arasında çevik manevr edərək öz milli maraqlarına əsaslanan siyasət yürüdür. Bu siyasətin mahiyyəti qarşılıqlı faydalı əməkdaşlıq və tarazlaşdırılmış münasibətlər sisteminə söykənir. Ölkəmiz Rusiya, İran və Türkiyə kimi regional güclərlə yanaşı, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları kimi Qərb aktorları, həmçinin Çin ilə münasibətləri paralel şəkildə inkişaf etdirməyə xüsusi önəm verir:”Bu çərçivədə Azərbaycan bütün tərəfdaşları ilə münasibətləri yüksək səviyyədə saxlamağa çalışır və üzərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Rusiya və İranla iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlıq qorunub saxlanılır. Türkiyə ilə münasibətlər isə strateji müttəfiqlik səviyyəsində inkişaf edir və bu əməkdaşlıq çətin dövrlərdə özünü xüsusilə aydın şəkildə göstərir. Qərb ölkələri ilə iqtisadi və enerji sahəsində əməkdaşlıq genişlənir. Eyni zamanda, Çinlə də ticarət və investisiya əlaqələri inkişaf etdirilir. Azərbaycanın bu balanslı siyasəti nəticəsində ölkə hər hansı bir güc mərkəzindən və ya beynəlxalq təşkilatdan asılı vəziyyətə düşmür, müstəqil və suveren siyasət yürütmək imkanlarını qoruyur”.

Mübariz Göyüşlü deyib ki, Azərbaycanın enerji siyasəti də bu kontekstdə mühüm əhəmiyyət kəsb edir. Neft və qaz ixracı, eləcə də alternativ və bərpaolunan enerji mənbələrinin inkişafı sahəsində həyata keçirilən strategiya ölkəmizi həm Avropa, həm də region üçün etibarlı enerji tərəfdaşına çevirib. Bu isə öz növbəsində Azərbaycanın geosiyasi çəkisini artırır və beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirir. Bundan əlavə, Qarabağ münaqişəsinin həllindən sonra Azərbaycan müharibənin ağır nəticələrini yaşamış bir ölkə kimi sülhün və sabitliyin əhəmiyyətini daha dərindən anlayır. Məhz bu səbəbdən Azərbaycan heç bir münaqişədə tərəf tutmaq siyasəti yürütmür, əksinə, beynəlxalq münasibətlərdə sülhün və dialoqun tərəfdarı kimi çıxış edir.

Siyasi şərhçinin fikrincə, nəticə etibarilə, istər Qərb–Rusiya, istər Qərb–Çin rəqabəti fonunda, istərsə də regional münaqişələr şəraitində Azərbaycan balanslı xarici siyasət kursunu davam etdirərək milli və dövlət maraqlarını uğurla qoruyur. Eyni zamanda, ölkəmiz regional və qlobal problemlərin həllinə töhfə verməyə çalışır və bu istiqamətdə ardıcıl siyasət həyata keçirir.

Chosen
16
1
azertag.az

2Sources