ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən səsləndirilən son açıqlamalar, xüsusilə “Qarabağ məsələsi bağlanıb” fikri regionda davam edən siyasi proseslər fonunda ciddi müzakirələrə səbəb olub. Bu bəyanatlar sülh gündəliyinin irəlilədilməsi baxımından müəyyən mesajlar versə də, onların real siyasi nəticələri və davamlılığı ilə bağlı suallar qalmaqdadır. Bəs, bu mövqe həm Ermənistan daxilində, həm də Azərbaycan–Ermənistan münasibətlərində proseslərin gedişinə necə təsir göstərə bilər.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib ki, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi proseslərdə gərginlik müşahidə olunur. "Xüsusilə sülhə qarşı olan revanşist qüvvələr və kilsə hökumətə qarşı müxtəlif təzyiq vasitələrindən istifadə etməyə çalışır. Bu prosesdə Azərbaycanla davam etdirilən sülh gündəliyinə kölgə salmaq, hökumətə qarşı manipulyasiya aparmaq və bununla da ictimai dəstək qazanaraq parlament seçkilərində daha çox yer əldə etmək cəhdləri diqqət çəkir. Cəmiyyətin düşüncəsi ilə manipulyasiya halları daha qabarıq şəkildə özünü göstərir. Nikol Paşinyan rəhbərliyindəki hökumət isə bu riskləri nəzərə alaraq daha sağlam və rasional mesajlarla çıxış etməyə çalışır. Xüsusilə vurğulanır ki, Azərbaycanla mümkün yeni müharibə və ya eskalasiya ehtimalı Ermənistan üçün ciddi təhlükələr və ağır nəticələr vəd edir".Ekspert bildirib ki, bununla yanaşı, Azərbaycanla müəyyən istiqamətlərdə əldə olunan razılaşmalar, xüsusilə tranzit imkanları, yükdaşımalar və enerji əməkdaşlığı kimi məsələlərin sosial-iqtisadi üstünlükləri Ermənistan cəmiyyətinə izah olunur. "Bu isə hökumətin mövqeyini müəyyən qədər gücləndirən amillərdən biri kimi qiymətləndirilir. Eyni zamanda, həm daxili qüvvələr, həm də xarici aktorlar tərəfindən sülh gündəliyinə təsir göstərmək cəhdləri müşahidə olunur. Müxalifətlə pərdəarxası təmaslar və hökumətə təzyiq fonunda sülh prosesinə maneə yaratmaq təşəbbüsləri istisna edilmir. Lakin Ermənistan hakimiyyəti artıq anlayır ki, yenidən eskalasiya risklərinin artması ölkə üçün geri dönüşü çətin olan nəticələr doğura bilər. Bu kontekstdə hökumət ənənəvi siyasətdən müəyyən qədər uzaqlaşaraq “Real Ermənistan” konsepsiyası üzərindən siyasət yürütməyə çalışır. Bu yanaşma daha realist və praqmatik xətt kimi təqdim olunur. Əks halda, “Böyük Ermənistan” ideologiyasına qayıdışın ölkə üçün yenə də mənfi nəticələr doğuracağı vurğulanır".Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan son açıqlamalarında konstitusiya dəyişiklikləri məsələsinə də toxunaraq bildirib ki, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistanın rəsmi şəkildə ərazi iddialarından imtina etməsini tələb edir. "Bu isə dolayısı ilə konstitusiya islahatlarının gündəmdə olduğunu göstərir. Nəticə etibarilə, həm daxili, həm də xarici təsirlər fonunda sülh prosesinə mane olmaq cəhdləri davam etsə də, Ermənistan hökuməti bu risklərin fərqindədir və buna qarşı addımlar atmaq niyyətini açıq şəkildə nümayiş etdirir. Cəmiyyətə verilən mesajlar da bu cəhdlərin dövlətçilik və milli maraqlar üçün təhlükəli olduğunu göstərməyə yönəlib. Hazırkı mərhələdə sülh prosesi üzrə müəyyən irəliləyişlərin olduğu müşahidə edilir. Bu irəliləyişlər ilk növbədə Ermənistanın maraqlarına, eləcə də regionda sabitlik və təhlükəsizliyin təmin olunmasına xidmət edir. Ümumilikdə, bu siyasətin davam etdirilməsi hər iki ölkənin maraqlarına cavab verən əsas istiqamət kimi qiymətləndirilir".Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.