2025-ci il və 2026-cı ilin birinci rübündə 157 nəzarət obyektində keçirilmiş yoxlamalar zamanı müəyyən olunan nöqsanlar aradan qaldırılıb.
Hafta.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyində keçirilən Kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, maliyyə pozuntuları bərpa olunub, vergidən yayınmış məbləğlərin dövlət büdcəsinə ödənilməsi təmin edilib, həmçinin ilkin maliyyə nəzarəti tədbirləri ilə artıq xərclənmələrin qarşısı alınıb. Eyni zamanda, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində inzibati və intizam tədbirləri görülüb, bir sıra hallarda materiallar hüquq-mühafizə orqanlarına təqdim olunub.
Kollegiya iclasında vurğulanıb ki, nəzarət tədbirlərinin effektivliyinin artırılması məqsədilə risk əsaslı yanaşma və müasir təhlil metodları geniş tətbiq olunur, “Rəqəmsal Dövlət Maliyyəsi İnformasiya Sistemi” və digər elektron platformalar üzərindən əldə olunan məlumatların inteqrasiyası gücləndirilir. Eyni zamanda, qanunvericiliyin təkmilləşdirilməsi, yeni nəzarət qaydalarının hazırlanması, institusional potensialın artırılması və kadr təminatının gücləndirilməsi istiqamətində sistemli işlər davam etdirilir.
S.Babayev dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsi, nəzarət tədbirlərinin səmərəliliyinin artırılması və risk əsaslı yanaşmanın genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsinin vacibliyini bildirib. Bu məqsədlə rəqəmsal informasiya sistemlərindən istifadənin genişləndirilməsi, maliyyə pozuntularının erkən aşkar edilməsi və qarşısının alınması üçün ilkin maliyyə nəzarəti mexanizmlərinin gücləndirilməsinin xüsusi əhəmiyyət daşıdığı qeyd olunub.
Nazir aşkar edilmiş maliyyə pozuntularının bərpası üzrə tədbirlərin effektivliyinin artırılması və bu istiqamətdə icraya nəzarətin gücləndirilməsi, habelə maliyyə nəzarəti tədbirlərinin aparılmasına dair yeni qaydaların və metodiki tövsiyələrin hazırlanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Qeyd olunub ki, Mərkəzləşdirilmiş İnformasiya İdarəetmə Sistemindən əldə olunan məlumatların müvafiq alt sistemdə icmallaşdırılaraq nəzarət tədbirlərinin planlaşdırılmasında istifadə olunması və elektron pilləli yoxlama sisteminin yaradılması nəzarət mexanizmlərinin operativliyinin və effektivliyinin artırılmasına, şəffaflığın gücləndirilməsinə mühüm töhfə verəcək.