“Buckingham” Sarayının qapıları önündə saatlarla davam edən bir gözlənti başlamışdı. Səhər saatlarında, təxminən 12 radələrində sarayın qarşısına gəlmişdim. Mərhum Kraliça II Elizabetin cənazəsinin axşam saatlarında saraya gətiriləcəyi gözlənilirdi və mən axşam saat 6-7-yə qədər orada qalmalı idim.
Bütün media nümayəndələri saraydan uzanan Mall küçəsi boyunca yerləşmişdi, hər kəs bu tarixi gündən son xəbərləri çatdırırdı. Mən də onların arasında idim. Yerimi dəyişə bilmirdim. Bilirdim ki, az sonra ərazi bağlanacaq və başqa bir nöqtəyə getsəm, geri qayıtmaq mümkün olmayacaq.
Axşam saat 8-ə yaxın Kraliça Elizabetin cənazəsi sarayın qapılarından keçənə qədər səbirlə gözlədim. 2022-ci il sentyabr ayının 13-ü idi. Birləşmiş Krallığın milyonlarla sakini kimi mən də bu tarixi anların şahidi olurdum. Kraliça II Elizabet Britaniya monarxiyasının tarixində ən uzun müddət hökm sürən monarx kimi yadda qalmışdı.
Ondan sonra gələn Kral Çarlz və Şahzadə Uilyamın bu rekordu keçməsi üçün onilliklər lazım olardı, bu isə demək olar ki, mümkünsüz görünürdü.
Bəlkə də həmin gün baş verənlərin əhəmiyyətini tam dərk etmirdim. Amma bu gün geriyə baxanda anlayıram ki, çox mühüm tarixin bir parçası olmuşam.
Əgər yaşasaydı, bu gün Kraliça Elizabetin 100 yaşı tamam olacaqdı. O, xalq tərəfindən sevilən bir monarx idi. 1952-ci ildən etibarən gənc yaşlarından taxta çıxmış və onilliklər boyu bu ənənəni davam etdirmişdi. Onun vəfatından sonra Britaniyada uzun müddət qadın monarxın olmaması ehtimalı böyükdür, çünki taxtın növbəti varisləri Kral Çarlz, Şahzadə Uilyam və onun oğlu Corcdur.
Monarxiyaya münasibət birmənalı olmasa da, bu institut Britaniyanın mədəniyyətinin ayrılmaz hissəsidir və ölkəyə hər il milyardlarla funt gəlir gətirir. Mənim üçün isə hətta qısa bir müddət də olsa, bu monarxiyanın mühüm anlarını işıqlandırmaq böyük qürur idi.
Bu gün, onun 100 illiyi münasibətilə, Kral Çarlz anası Kraliça Elizabetin geyim üslubu və həyatından bəhs edən sərgini “Buckingham” Sarayında ziyarət etdi. O, artıq aramızda olmasa da, rəngarəng geyimləri və özünəməxsus üslubu ilə tarixdə silinməz iz buraxıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
