EN

Tramp İranla atəşkəsin müddətini uzatdı

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin uzadıldığını bəyan edib.

 

Senzor.az bildirir ki, Amerika lideri bu barədə "Truth Social" şəbəkəsində yazıb.

 

"İran hökumətindəki ciddi parçalanmanı nəzərə alaraq (bu, təəccüblü deyil) və feldmarşal Asim Munirin və Pakistanın Baş naziri Şahbaz Şərifin xahişi ilə bizdən İran liderləri və nümayəndələri vahid bir təklif hazırlayana qədər hücumu dayandırmağımız istənildi", - deyə paylaşımda bildirilib.

 

Donald Tramp qeyd edib ki, bununla əlaqədar olaraq Amerika ordusuna blokadanı davam etdirməyi və bütün digər cəhətlərdən tam hazırlıq vəziyyətində qalmağı əmr edib. ABŞ Prezidenti İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib.

 

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

 

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. Aprelin 11-12-də İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında danışıqlar aparılıb. Saatlarla davam edən danışıqlar tərəflərin mövqelərindəki fərqlərə görə nəticəsiz başa çatıb. Danışıqların yeni raundu yaxın günlərdə keçirilə bilər.

 

Bloklanması dünyada enerji böhranına səbəb olan Hörmüz boğazı ətrafındakı vəziyyət qeyri-müəyyən olaraq qalır, hər iki tərəf müxtəlif fasilələrlə onun açıldığını elan edir, lakin faktiki olaraq regionda gəmiçilik dayandırılıb.

Chosen
79
4
senzor.az

10Sources