Radevin partiyası Bolqarıstan parlamentində çoxluğu qazandı
Bolqarıstanda keçirilən parlament seçkilərinin yekun nəticələri açılanıb. Bolqarıstan Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrə əsasən, parlament seçkilərində keçmiş prezident Rumen Radevin rəhbərlik etdiyi “Proqressiv Bolqarıstan” Partiyası qalib gəlib. Koalisiya səslərin 44,5-dən çoxunu toplayıb və parlamentdə 131 yer qazanıb.
Səsvermənin nəticələri...
Bolqarıstan Mərkəzi Seçki Komissiyası parlament seçkilərində verilən səslərin yer aldığı bülletenlərin 100 faizinin də yoxlandığını bildirib. Hazırkı parlament çoxluğu olan “GERB”- SDS koalisiyası 13,387 faiz (433.755 səs) ilə ikinci yeri tutub, “Dəyişikliklərə Davam Et - Demokratik Bolqarıstan” partiyası isə 12,618 faiz (408.845) səs ilə üçüncü yeri tutub. Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat (HHH) dördüncü yerdə 7,12 faiz və ya 230.693 səslə dördüncü, “Dirçəliş” Partiyası isə 4,257 faiz və ya 137.940 səslə beşinci olub. 50.700-dən çox seçici heç bir partiyanı dəstəkləməyib.
Xaricdəki seçki məntəqələrində alınan səslər də tam şəkildə emal olunub. “Proqressiv Bolqarıstan” səslərin 38,038 faizinə sahib çıxıb. “Dəyişikliklərə Davam Et - Demokratik Bolqarıstan” partiyası 22,843 faiz ilə ikinci, Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat isə 8,498 faiz ilə üçüncü yerdədir. Xaricdəki vətəndaşların yalnız 4,7 faizi “GERB”-SDS koalisiyasını dəstəkləyib. Beləliklə, seçki nəticələrinə görə, “Proqressiv Bolqarıstan” parlamentdə 131, “GERB-SDS” 39, “Demokratik Bolqarıstan” 37, “Hüquqlar və Azadlıqlar Uğrunda Hərəkat” 20 və “Dirçəliş” isə 13 yer qazanıb.
Yeni “Orban” gəlir?
Radev jurnalistlərə açıqlamasında bildirib ki, “Bu, ümidin inamsızlıq üzərində qələbəsidir. Bu, azadlığın qorxu üzərində qələbəsidir. Və nəhayət, bu, istəsəniz, əxlaqın qələbəsidir”.
Radev yanvar ayının ortalarında Bolqarıstanda iqtisadi siyasət və korrupsiya ilə bağlı başlayan kütləvi etirazlar fonunda istefa verib. O, ölkəyə 2017-ci ildən rəhbərlik edirdi, 2021-ci ildə isə yenidən prezident seçilib. Bir ay əvvəl Rosen Jelyazkov Baş nazir vəzifəsindən istefa verib.
Səsvermədən sonra Radev Rusiya ilə münasibətlər qurmaq niyyətində olduğunu açıqlayıb. Kreml isə bildirib ki, Rusiya keçmiş Bolqarıstan prezidentinin Moskva ilə dialoq istəyini dəstəkləyir.
Avropa Parlamentinin üzvü Valeri Hajer “Financial Times” qəzetinə bildirib ki, Radev NATO-da Rusiya üçün “Troya atı”dır. Lakin nəşr qeyd edib ki, yerli analitiklər bolqarıstanlı siyasətçinin Macarıstanın Baş naziri vəzifəsindən istefa verən ikinci Viktor Orbana çevrilə biləcəyinə şübhə ilə yanaşırlar.
Avropa Komissiyasının prezidenti Ursula Fon der Leyen də Radevi qələbə münasibətilə təbrik edib. “Bolqarıstanın və Avropanın çiçəklənməsi və təhlükəsizliyi üçün birlikdə işləməyi səbirsizliklə gözləyirəm”, - deyə o, sosial mediada yazıb.
Hərbi pilotluqdan prezidentliyə...
Rumen Radev 18 iyun 1963-cü ildə Bolqarıstanın cənubundakı Dimitrovqrad şəhərində anadan olub. O, 1987-ci ildə Ali Hərbi Hava Qüvvələri Məktəbini bitirib. 1992-ci ildə Dolna Mitropoliyadakı Georgi Benkovski Hərbi Akademiyasını, ABŞ-ın Alabama ştatındakı Maksvell Hərbi Hava Qüvvələri Bazasındakı Eskadrilya Zabitləri Məktəbini və 1996-cı ildə Sofiyadakı Georgi Rakovski Hərbi Akademiyasını bitirib.
2000-ci ildə Rakovski Akademiyasından hərbi elmlər doktoru dərəcəsi alıb. 2003-cü ildə Alabamadakı Hava Hərbi Kollecindən strateji tədqiqatlar üzrə magistr dərəcəsi alıb. Rumen Radev birinci dərəcəli pilotdur. O, L-29 və L-39 döyüş təlim təyyarələrini, MiG-15 və MiG-17 qırıcı təyyarələrini idarə etməyə başlayıb. Daha sonra F-15, F-16, F/A-18, MiG-21 və MiG-29 qırıcı və qırıcı-bombardmançı təyyarələrini mənimsəyib, 1400 uçuş saatı qeydə alıb.
1987-ci ildən Hərbi Hava Qüvvələrində xidmət edib. 2009-cu ildən 2014-cü ilə qədər Bolqarıstan Hərbi Hava Qüvvələrinin komandan müavini vəzifəsində çalışıb. 2014-cü ildə general-mayor rütbəsinə yüksəlib və Hərbi Hava Qüvvələrinin komandanı təyin edilib. 2016-cı ilin avqust ayında o, Bolqarıstan hava məkanının birgə qorunması haqqında Polşa ilə bağlanmış müqaviləyə etiraz olaraq Hərbi Hava Qüvvələri Komandanı vəzifəsindən istefa verib. İstefasından sonra müxalifətdəki Bolqarıstan Sosialist Partiyasının (BSP) dəstəyi ilə Rumen Radev prezidentliyə namizəd kimi irəli sürülüb. Onun seçki platformasının əsas məqamları korrupsiya, işsizlik və qanunsuz miqrasiya ilə mübarizə idi. Radev Avropa İttifaqının (Aİ) təşkilata üzv dövlətlərdə qaçqınlar üçün kvota ayırmasına qarşı çıxıb. O, Rusiya ilə münasibətləri yaxşılaşdırmaq və Bolqarıstanın xarici siyasətini milli maraqlara daha çox diqqət yetirməyə yönəltmək niyyətində olduğunu bildirib. 6 noyabr 2016-cı il tarixində keçirilən prezident seçkilərinin birinci turunda o, ən çox səs (25,44 faiz) toplayıb. 13 noyabr tarixində keçirilən ikinci turda isə mərkəz-sağçı Bolqarıstanın Avropa İnkişafı Uğrunda Vətəndaşlar (GERB) təşkilatının namizədi Tsetska Tsaçevanı 59,37 faiz səslə məğlub edib. Radev hərbi karyerası olan ilk Bolqarıstan prezidenti sayılır. 21 noyabr 2021-ci ildə müasir Bolqarıstan tarixində ilk dəfə ikinci müddətə prezident seçilib. 2025-ci ilin may ayında Radev ölkənin avrozonaya daxil olması ilə bağlı referendum keçirilməsini təklif etdi - lakin parlament təşəbbüsü dəstəkləmədi. Bolqarıstan 1 yanvar 2026-cı ildə avrozonaya qoşulu.
2021-ci ildən bəri davam edən siyasi böhran fonunda (2026-cı ilin əvvəlinə qədər 7 parlament seçkisi keçirilmişdi), Radev seçicilərin əksəriyyətinin etibar etdiyi yeganə siyasi fiqur olaraq qaldı. 2025-ci ilin dekabrında əvvəlki hökumət istefa verdi. 2026-cı ilin yanvar ayında Radev vəzifəsindən istefa vermək və 19 aprelə təyin olunmuş parlament seçkilərində iştirak etmək qərarını açıqladı. O, ingilis, alman və rus dillərində sərbəst danışır.
Radev Azərbaycana 2 dəfə səfər edib...
Rumen Radevin prezidentliyi dövründə Azərbaycan - Bolqarıstan əlaqələri də yüksələn xəttlə inkişaf kedib. Radev prezident olduğu dövrdə iki dəfə Azərbaycana səfər edib. İlk səfər 12-14 oktyabr 2017-ci ildə baş tutub. 2024-cü ilin mayında isə Bolqarıstan prezidenti Bakıya rəsmi səfər edib. Səfər çərçivəsində iki ölkə arasında “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə” imzalanıb. Bundan başqa, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu” da imzalanıb.
Həmin dövrdə Prezident İlham Əliyev də Bolqarıstana səfər edib. 30 sentyabr 2022-ci ilə təsadüf edən rəsmi səfər zamanı Azərbaycan Prezidenti İlham Əliyev bu ölkənin aparıcı biznes dairələrinin nümayəndələri ilə görüşüb. Bolqarıstanın aparıcı biznes dairələrinin nümayəndələri tərəfindən Azərbaycan Prezidentinə avtomobil, qida, enerji, peyk, pilotsuz uçuş aparatları, kommunikasiya, rəqəmsal inkişaf, İKT, tibb, kimya sənayesi ilə bağlı olan layihələr barədə təqdimatlar edilib. Görüşdə bolqarıstanlı iş adamlarına Azərbaycandakı investisiya imkanları və biznes mühiti barədə də ətraflı məlumat verilib.
2023-cü ilin 10 dekabrında prezidentlər Serbiya-Bolqarıstan qaz interkonnektorunun açılışında iştirak ediblər. Qeyd edək ki, Bolqarıstan Azərbaycandan təbii qaz idxal edən ölkələrdəndir. Bolqarıstana təbii qaz ixracı rəsmi olaraq 31 dekabr 2020-ci ildə start götürüb. Bu tarixdən etibarən Azərbaycan qazı Bolqarıstana (əvvəlcə Yunanıstan üzərindən) çatdırılmağa başlanıb. 2022-ci ildən sonra (xüsusilə Greece-Bulgaria Interconnector istifadəyə veriləndən sonra) qaz tədarükü daha da artıb. Artıq ixrac həcmi sürətlə yüksəlib və Bolqarıstan üçün əsas enerji mənbələrindən birinə çevrilib.
SADİQ