EN

İranla bağlı son durum: Trampın taktikası Tehranı yorub, bitirməkdir...

Trampın bir neçə saat əvvəl yaydığı yeni bəyanatda nələr var:

"İran hökuməti daxilində ciddi fikir ayrılıqları nəzərə alınmaqla, hansı ki, təəccüblü deyil və feldmarşal A. Munir və Pakistanın Baş naziri Şərif xahişlə bizdən İran liderləri, nümayəndə heyəti vahid təklifə gələnəcən bizdən hücumu dayandırmağımız istənilib.

Buna görə də, mən hərbçilərimizə blokadaya davam etməyi və əks halda hazır və bacarıqlı qalmağı tapşırdım. Və buna görə də, atəşkəsi, təkliflər təqdim olunana və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər uzadacağam".

Nə deməkdir bu? Əvvəl, 2 həftəlik atəşkəs idi. Bitər-bitməz daha bir 10 gün uzatdı. Ayın 22-si ikinci möhlət bitəndən bir gün əvvəl elan etdi ki, filan səbəbdən möhlət müddətsiz uzadılır. Amma istədiyi vaxt deyəcək ki, bəsdir, vaxt bitdi... Salacaqdır Tehran rejimini seytnota.

Bunlar hamısı ABŞ-ın İrana qarşı düşünülmüş strategiya proqramıdır. Onu daimi nəzarət və blokada, gərginlikdə saxlayıb da yormaq üçündür. Bir tərəfdən vaxt verir, o tərəfdən İranın bütün dəniz sahilini, gəmilərini, neftini blokada edir, hələ Hörmüzdə və onun çevrəsində hərəkət edən bütün gəmilərini tutur hərəkətsiz saxlayır. Niyə? İran hökuməti neft sata bilməsin, maddi və iqtisadi olaraq çöksün.

Və hakimiyyət içindəki ziddiyyət, parçalanma daha da güclənsin. Xalq da bu rejimin bu taqətsizliyini görüb, qalxsın sərt, yanvardakı kimi, üsyanlı müqavimətə... Sonra isə taqətsiz ölkəyə rahat, qansız, itkisiz girsin. Zatən bu işdə Pakistan da ABŞ-a dəstək verməkdədir.

Tarixdə belə hallar çox olub. O qalanı ki, sadəcə mühasirəyə alıb, zamanla çökdürüb də almaq olur, niyə qoşunu salıb qırğın-qiyamət eləsin? Tramp nə itirir, belə metodla, İranı mühasirəyə salıb, iqtisadi-sosial və sərt mənəvi sıxıntıya soxmaqla?

Heç nə! Hörmüz əlində, neft əlində. Və üstəlik, bu arada içəridən didişən, başsız, yiyəsiz İran hakimiyyətini danışıqlarla oyuna çəkib, günü gündən parçalayır, zəiflədir. Və dünya aləmə elan edir ki, İran nüvə silahından imtina etmir, ay aman, onun əlində belə silah qalmamalıdır! Bununla, İranla savaşı, blokadanı əsaslandırır.

İran rejimi ABŞ-la, Trampla nahaq bu danışıqlara getdi. Əvvəla, artıq, bərk vurulub sarsılmış durumda olub, danışıqlar halında deyildilər. İkinci isə, bu Amerikadır, Trampdır, bunlar danışıqların, oyununların ustasıdırlar. Bunlarda psixologiya, təsir oyunu güclüdür!

Mən Trampın həyat və fəaliyyətini detallı analiz etmişəm; özünü gic, zəif yerinə qoyub, qarşıdakının hisslərini boşaldıb, 200 milyonluq şirkəti cəmi 50 milyona alıb! Bu da, həmin oyundur, hamı deyir Tramp boş şeydi, Tramp da deyir hə, boş şeyəm, amma dünyanı ala-ala gəlir, hətta, Putini ovsunlayıb, əl-qolunu bağlayıb!

İran rejimi gərək ya ilk sərt zərbələrdən sonra xoşluqla hakimiyyəti islahatçı hökumətə verəydi - dini elita, SEPAH da təhlükəsiz qalardı. Yada ki, qarşı tərəflə sonacan mərdanə vuruşardı. Belədə isə, bəzi rejim aşiqləri inciməsin, çıxış yolu görünmür, əsas da SEPAH üçün hər şey qaranlıqdır.

ilqar-altay-prezidentliye-namized-oldu

İlqar Altay, hüquq müdafiəçisi

Chosen
83
musavat.com

1Sources