EN

Sərnişinləri çətin vəziyyətdə qoyan hadisənin məsuliyyəti kimdədir?

Ötən gün Bakı metrosunda baş verən nasazlıq paytaxtın nəqliyyat sistemində ciddi iflicə səbəb oldu. 

Belə ki, “Bakı Metropoliteni” QSC-nin “Qara Qarayev – Nərimanov” sahəsində təmas relsinə yüksək gərginliyin verilməsində yaranan problem bu vəziyyətin əsas səbəbi kimi göstərildi. Nəticədə, metronun bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət qoyuldu və minlərlə insan ödəniş etməsinə baxmayaraq metrodan istifadə edə bilmədi.

Yaranmış vəziyyət sərnişinlər arasında narahatlıq və gərginlik doğurdu. İnsanlar təşviş içində tunellərdən çıxarılaraq alternativ yollar axtarmağa məcbur qaldı və bir çoxu gedəcəyi ünvana vaxtında çata bilmədi. Bu xaotik vəziyyətdən isə bəzi taksi sürücüləri yararlanmağa çalışdı. Fürsətdən istifadə edən sürücülər qiymətləri iki-üç dəfə artırdı. Hətta mən özüm də adətən 4-5 manatlıq məsafə üçün 10 manat ödəməli oldum.

Onu da qeyd edək ki, metroda gediş haqqı artıq əvvəlki kimi ucuz sayılmır. Lakin ödənilən məbləğə baxmayaraq, sərnişinlər hələ də rahat və komfortlu şəkildə mənzil başına çata bilmirlər. Xüsusilə pik saatlarda yaşanan sıxlıq, havasızlıq və narahatlıq gündəlik olaraq minlərlə insanın əsəblərini pozur.

Bunun əsas səbəblərindən biri isə qatarların sayının kifayət qədər olmamasıdır. Nəticədə, vaqonlar normadan artıq dolur, insanlar bir-birinə sıx vəziyyətdə hərəkət etməyə məcbur qalır. Bu da öz növbəsində metrodan istifadəni rahat nəqliyyat vasitəsindən çox, yorucu bir sınağa çevirir...

Günel Cəlilova

Chosen
22
hit.az

1Sources