EN

VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi təşkil ediləcək

Bakı, 22 aprel, AZƏRTAC

Mayın 16-da saat 11:00-da VI Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçiriləcək. Final mərhələsi Bakı Dövlət Universitetində, Naxçıvan şəhərində 7 nömrəli tam orta məktəbdə təşkil olunacaq. Respublika turunda 65 və daha yüksək bal toplamış şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar.

BDU-dan AZƏRTAC-a bildirilib ki, final mərhələsinin qalibləri sentyabrın 25-dən oktyabrın 5-dək Vyetnamın Hanoy şəhərində keçiriləcək XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak etmək məqsədilə xüsusi hazırlıq proqramına cəlb olunacaqlar.

Hazırlıq dərsləri Bakı Dövlət Universiteti və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin ekspertləri tərəfindən universitetdə və mərkəzdə təşkil ediləcək. Bundan əlavə, beynəlxalq olimpiadaya seçilmiş komanda üzvləri üçün N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında birhəftəlik yay düşərgəsi keçiriləcək. Həvəskar Astronomlar Cəmiyyəti isə məktəblilərə teleskoplardan istifadə qaydaları üzrə praktiki təlimlər keçəcək.

Komandanın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı Azərbaycan Respublikası Təhsil İnstitutunun dəstəyi ilə həyata keçirilir.

VI Azərbaycan Astronomiya Olimpiadası Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə təşkil olunur.

Chosen
46
2
azertag.az

4Sources