Fransa hökuməti ABŞ, İsrail və İran müharibəsində müvəqqəti atəşkəsin uzadılması ilə bağlı qərarı məmnuniyyətlə qarşıladığını bildirərək “möhkəm” bir razılaşmanın əldə olunmasına çağırıb.
"Cebheinfo.az" xəbər verir ki, Fransa Müdafiə Nazirliyi nəzdində dövlət katibi Alice Rufo “France Inter” kanalında qatıldığı proqramda Yaxın Şərqdəki vəziyyət və ABŞ-nin İranla müvəqqəti atəşkəsi uzatma qərarı ilə bağlı fikirlərini bölüşüb.
Rufo qeyd edib ki, intensiv danışıqların getdiyi bir dövrdə müvəqqəti atəşkəsin uzadılması daimi razılaşmaya nail olmaq üçün “zəruri vaxtı” təmin edəcək.
Müvəqqəti atəşkəsin uzadılması qərarını müsbət qiymətləndirdiyini bildirən Rufo tərəfləri atəşkəsə tam əməl etməyə və “möhkəm razılaşma” əldə etməyə çağırıb.
Rufo əlavə edib ki, ABŞ, İsrail və İran müharibəsi fonunda Fransa beynəlxalq diplomatik çərçivə qurmaq istiqamətində strategiya həyata keçirir və Parisdə Hürmüz boğazı missiyası ilə bağlı konfrans təşkil olunduğunu xatırladıb.
ABŞ və İsrailin 28 fevralda İrana qarşı başlatdığı hücumlardan sonra bölgəyə yayılan münaqişə 8 aprel tarixində ABŞ ilə İran arasında iki həftəlik atəşkəslə nəticələnmişdi.
ABŞ və İran 11 apreldə Pakistanın vasitəçiliyi ilə İslamabadda danışıqlar aparsa da, görüşlərin razılaşma əldə olunmadan başa çatdığı açıqlanmışdı.
ABŞ Prezidenti Donald Tramp Pakistanın da tələbi ilə İranın razılaşma təklifini təqdim edənə qədər atəşkəsin uzadılması barədə qərar verdiyini açıqlamışdı.