EN

Bakı qlobal ekoloji diqqətin mərkəzinə çevrilir

Ölkəmiz iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək

2026-cı ilin iyun ayında Azərbaycanın Ümumdünya Ətraf Mühit Günü kimi mühüm qlobal təşəbbüsə ev sahibliyi edəcəyi təkcə bir beynəlxalq tədbirin təşkili kimi deyil, həm də ölkəmizin son illərdə formalaşdırdığı strateji kursun məntiqi davamı kimi qiymətləndirilməlidir. Astanada keçirilən RES2026 regional ekoloji sammiti çərçivəsində çıxış edən Baş nazir Əli Əsədov bu qərarın təsadüfi olmadığını, əksinə, Azərbaycanın qlobal dayanıqlı inkişaf gündəliyinə daha aktiv inteqrasiyasının nəticəsi olduğunu açıq şəkildə ifadə etdi. Onun vurğuladığı kimi, bu addım beynəlxalq səviyyədə ekoloji əməkdaşlığın gücləndirilməsinə və qlobal çağırışlara birgə cavab mexanizmlərinin formalaşdırılmasına əlavə impuls verəcək.

Azərbaycanın bu səviyyədə tədbirlərə ev sahibliyi etməsi artıq sistemli xarakter daşıyır. Xüsusilə COP29 kimi qlobal miqyaslı iqlim konfransının Bakıda uğurla təşkil olunması ölkəmizin həm təşkilati, həm də diplomatik potensialını nümayiş etdirdi. Bu təcrübə yalnız texniki baxımdan deyil, həm də siyasi etimad baxımından mühüm rol oynadı. Çünki belə tədbirlər yalnız infrastruktur imkanları ilə deyil, eyni zamanda, beynəlxalq etimad və tərəfdaşlıq mühiti ilə şərtlənir. Azərbaycanın bu etimadı qazanması isə onun beynəlxalq münasibətlər sistemində artan çəkisinin göstəricisidir.

Bakı qlobal gündəliyi formalaşdıran oyunçuya çevrilir

Eyni zamanda, Baş nazirin qeyd etdiyi kimi, ölkə yaxın dövrdə UN-Habitat ilə əməkdaşlıq çərçivəsində keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi etməyə hazırlaşır. Bu fakt onu göstərir ki, Bakı yalnız ekoloji deyil, həm də urbanizasiya, şəhər planlaşdırılması və dayanıqlı şəhər mühiti kimi sahələrdə beynəlxalq dialoqun əsas platformalarından birinə çevrilməkdədir. Müasir dövrdə şəhərlər iqlim dəyişikliklərinin həm səbəblərindən, həm də nəticələrindən ən çox təsirlənən məkanlar kimi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan şəhərsalma ilə ekologiyanın kəsişməsi artıq qlobal siyasətin əsas istiqamətlərindən birinə çevrilib və Azərbaycanın bu sahədə təşəbbüskar mövqedə çıxış etməsi diqqətəlayiqdir.

Ümumdünya Ətraf Mühit Gününün mahiyyətinə nəzər saldıqda isə onun sırf simvolik gün olmadığını, əksinə, qlobal ekoloji hərəkata çevrildiyini görmək mümkündür. 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis edilən bu təşəbbüs hər il milyonlarla insanı ətraf mühitin qorunması istiqamətində konkret addımlar atmağa səsləyir. Bu günün əsas gücü onun qlobal miqyasda ictimai şüurun formalaşmasına təsir etməsindədir. Dövlətlər, beynəlxalq təşkilatlar, qeyri-hökumət qurumları və vətəndaş cəmiyyəti bu platforma vasitəsilə bir araya gələrək ekoloji problemlərin həlli üçün ortaq yanaşmalar formalaşdırır.

Azərbaycanın cari  ildə bu təşəbbüsə ev sahibliyi etməsi ölkənin özünü qlobal ekoloji gündəliyin aktiv iştirakçısı kimi təqdim etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu addım həm də Azərbaycanın daxili siyasətində ekoloji məsələlərin prioritet istiqamətlərdən birinə çevrildiyini göstərir. Son illərdə ölkədə yaşıl enerji zonalarının yaradılması, alternativ və bərpaolunan enerji mənbələrinə investisiyaların artırılması, həmçinin işğaldan azad edilmiş ərazilərin yaşıl zona prinsipləri əsasında yenidən qurulması bu siyasətin konkret təzahürləridir.

Məsuliyyət təkcə milli deyil, qlobaldır

Bakı şəhərinin bu tədbirdən beynəlxalq platforma kimi istifadə etmək niyyəti strateji baxımdan olduqca əhəmiyyətlidir. Şəhər artıq təkcə regional deyil, qlobal səviyyədə dialoq və əməkdaşlıq məkanı kimi formalaşır. Ekoloji problemlərin həlli isə məhz belə platformalarda mümkün olur. Çünki iqlim dəyişikliyi, su qıtlığı, hava çirklənməsi kimi problemlər sərhəd tanımır və yalnız kollektiv yanaşma ilə həll oluna bilər. Azərbaycanın bu kontekstdə transsərhəd ekoloji problemlərin həllində uzlaşdırılmış yanaşmanın vacibliyini vurğulaması beynəlxalq məsuliyyət anlayışına sadiqliyini göstərir.

Digər tərəfdən, 2026-cı il tədbirinin əsas mövzusunun iqlim dəyişikliyi olması qlobal reallıqlarla tam uzlaşır. Bu gün dünya iqlim böhranının getdikcə dərinləşdiyi bir mərhələyə daxil olur. Temperatur artımı, ekstremal hava hadisələrinin intensivləşməsi, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi kimi proseslər artıq nəzəri deyil, real təhlükələrə çevrilib. Bu şəraitdə dövlətlərin yalnız milli səviyyədə deyil, beynəlxalq platformalarda da fəal iştirak etməsi zəruri xarakter daşıyır. Azərbaycanın bu prosesdə aktiv rol alması isə onun qlobal məsuliyyət bölgüsündə iştirak etmək niyyətini açıq şəkildə nümayiş etdirir.

Məsələ təkcə ev sahibliyi deyil…

Bununla yanaşı, bu cür tədbirlərin ölkə üçün sosial və iqtisadi aspektləri də diqqətdən kənarda qalmır. Beynəlxalq tədbirlərin keçirilməsi ölkəyə əlavə investisiya axını, turizm potensialının artması və beynəlxalq imicin güclənməsi kimi müsbət təsirlər göstərir. Lakin bu prosesin ən mühüm tərəfi bilik və təcrübə mübadiləsidir. Qlobal ekspertlərin, siyasətçilərin və mütəxəssislərin Bakıda bir araya gəlməsi yeni ideyaların formalaşmasına və innovativ həllərin tətbiqinə şərait yaradır.

Eyni zamanda, belə tədbirlər cəmiyyət daxilində ekoloji şüurun formalaşmasına da mühüm təsir göstərir. Ümumdünya Ətraf Mühit Günü çərçivəsində keçirilən kampaniyalar, maarifləndirmə tədbirləri və ictimai təşəbbüslər insanların gündəlik həyatında ekoloji məsuliyyət hissinin güclənməsinə xidmət edir. Bu isə uzunmüddətli perspektivdə daha dayanıqlı və balanslı inkişaf modelinin formalaşmasına zəmin yaradır.

Beləliklə, Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi çoxşaxəli əhəmiyyətə malikdir. Bu, bir tərəfdən ölkəmizin beynəlxalq arenada artan rolunu təsdiqləyir, digər tərəfdən isə qlobal ekoloji problemlərin həllində fəal iştirak etmək niyyətini ortaya qoyur. Bakı bu platforma vasitəsilə həm beynəlxalq əməkdaşlığı gücləndirmək, həm də özünün dayanıqlı inkişaf modelini təqdim etmək imkanı əldə edəcək. Bütün bunlar isə Azərbaycanın gələcəkdə də qlobal təşəbbüslərin mərkəzində yer almaq iddiasını daha da gücləndirir.

Nigar Orucova, "İki sahil"

Chosen
46
ikisahil.az

1Sources