EN

Oğuzda Xəmsə Milli İntellektual Oyununun qalibləri mükafatlandırılıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Oğuz, 23 aptel, AZƏRTAC

Oğuzda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə yuxari sinif şagirdləri arasında "Xəmsə" Milli İntellektual Oyununun final mərhələsi keçirilib.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsindən məlumat verilib.

Oğuz rayonunun Mədəniyyət Mərkəzində keçirilən Milli İntellektual Oyunların təşkilatçıları Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin Oğuz rayonu üzrə gənclər və idman sektoru, Oğuz Rayon İcra Hakimiyyəti, Yeni Azerbaycan Partiyasi Oğuz rayon təşkilatı, Rayon Təhsil Sektoru və Rayon Mədəniyyət Mərkəzi olub.

Tədbirdə Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Aliyə Osmanova tədbiri açıq elan edərək iştirakçılara uğurlar diləyib, təhsilin, maariflənmənin əhəmiyyətindən bəhs edib. Yeni Azərbaycan Partiyasi Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərdən söhbət açıb, yarışda məktəblilərə uğurlar diləyib.

Sonra oyunun aparıcısı tərəfindən yarışın qaydaları haqqında komandalara məlumat verilib.

Oyun komandaların maraqlı və gərgin mübarizə şəraitində keçib. Nəticələrə gəldikdə Xaçmaz 1 nömrəli məktəbin komandası bütün rəqiblərini üstələyərək oyunların qalibi adını qazanıb. Nail İbrahimli adına 3 nömrəli məktəb-liseyin komandası 2-ci, Emin Abdullayev adına 2 nömrəli liseyin komandası isə 3-cü yeri tutub.

Tədbirdə musiqi nömrələri səsləndirilib. Sonda qalib gələn komandalara Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Oğuz Rayon İcra Hakimiyyətinin diplom və xatirə hədiyyələri təqdim olunub.

Müxbir - Rasim İslamoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
90
1
azertag.az

2Sources