EN

“Texnologiyanı bilməyən müəllim dövrlə ayaqlaşa bilməyəcək”- ekspert

Rəqəmsal texnologiyalar və süni intellektin sürətli inkişafı təhsil sistemində də ciddi dəyişikliklərə səbəb olur. Artıq ənənəvi tədris metodları tədricən transformasiya olunur, yeni texnoloji həllər isə öyrənmə prosesini daha interaktiv və əlçatan edir. Bu dəyişikliklər fonunda gələcəkdə bəzi ixtisasların azalması və ya yenidən formalaşması ehtimalı da gündəmə gəlir.

 

Təhsil eksperti Ramin Nurəliyev QHT.az-a olan açıqlamasında bildirib ki, “süni intellekt və yüksək texnologiyalar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib və bu prosesin təhsil sistemindən kənarda qalması mümkün deyil. Gələcəkdə bəzi ixtisasların ixtisar olunması və tədris prosesində süni intellektin rolunun artması qaçılmazdır”. Onun sözlərinə görə, artıq dünyada, o cümlədən Türkiyədə robot müəllimlərin tətbiqi, süni intellekt əsaslı proqramlarla dərslərin keçirilməsi kimi yeniliklər sınaqdan keçirilir.

 

Müasir texnologiyalar təhsil mühitində ənənəvi əyani vəsaitlərin yerini getdikcə daha çox rəqəmsal vasitələrə verir. Məsələn, müəllimlər artıq dərs zamanı qlobus və ya statik şəkillər əvəzinə video platformalar və interaktiv proqramlardan istifadə etməklə mövzuları daha effektiv izah edə bilirlər.

 

Ekspert vurğulayıb ki, müasir dövrdə hər bir müəllim texnoloji biliklərə yiyələnməli və rəqəmsal alətlərdən istifadə bacarığını inkişaf etdirməlidir. Onun fikrincə, əmək bazarında rəqabət qabiliyyətli olmaq üçün yalnız ixtisas bilikləri kifayət etmir, eyni zamanda texnologiyadan istifadə bacarığı da vacib şərtə çevrilib.

Zəhra Ağayeva

Chosen
37
qht.az

1Sources