EN

Bu gün “İKT-də Qızlar” Günüdür

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda texnologiya sektorunda qadınların payı artmaqdadır

Hər il aprel ayının dördüncü həftəsinin dördüncü günü keçirilən Beynəlxalq “İKT-də Qızlar” Günü bu günə təsadüf edir. Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsis olunan əlamətdar gün ənənəvi olaraq Azərbaycanda da qeyd edilir.

Hafta.az xəbər verir ki, “İKT-də Qızlar” Gününün keçirilməsi qızları informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinə cəlb etmək, onların bu sektorda fəaliyyətini stimullaşdırmaq məqsədi daşıyır. Bu ilin mövzusu isə “İnkişaf üçün süni intellekt: qızlar rəqəmsal gələcəyi formalaşdırır”.

Hazırda ölkəmizdə qadınların İKT sahəsində rolu günü-gündən genişləndirilir, bu istiqamətdə gender bərabərliyi təmin edilir. Məhz bu amil gənc qızları innovasiyalara yaxından maraq göstərməyə, texnologiyalar sahəsində peşə seçimi etməyə və öz karyeralarını bu sahədə qurmağa sövq edir.

Hər il əksər ölkələrdə “İKT-də Qızlar” Günü ilə əlaqədar xüsusi tədbirlər keçirilir. 2011-ci ildən dünyanın 170-dən artıq ölkəsində bu günə həsr edilmiş 11 mindən çox müxtəlif formatlı tədbirdə 400 minə yaxın qız və gənc qadın iştirak edib.

Dünyanın bir çox ölkələrini əhatə edən “COVID-19” pandemiyası səbəbindən bu dəfə İKT üzrə təhsil alan, çalışan, bu sektora öz töhfələrini verən qadınların iştirakı ilə ənənəvi tədbirlər təşkil edilmədi. Lakin İKT-də olan qadınlar sosial təcridlə bağlı real həyatdakı mövcud məhdudiyyətlərə baxmayaraq bu günü internet resurslarından yararlanmaqla virtual formatda qeyd edir və öz həmrəyliklərini nümayiş etdirirlər.

Azərbaycan bu təşəbbüsə qoşulduğu vaxtdan etibarən müxtəlif dövlət və özəl qurumlar tərəfindən mütəmadi addımlar atılır. Ölkəmizdə məktəbli qızlar (xüsusilə 10–15 yaş arası) üçün texnologiya sahəsinin əhəmiyyəti və bu sahədəki karyera imkanları barədə sessiyalar keçirilir. Həçminin müxtəlif təlimlər və vebinarlar təşkil olunur - “Girls Code Azerbaijan”, “FemTech” və digər platformalar tərəfindən proqramlaşdırma (məsələn, “R” dili), məlumat analitikası və robototexnika üzrə master-klasslar keçirlir. Qızların İKT-yə marağını artırmaq üçün “Azərkosmos”un Peyk Baş İdarəetmə Mərkəzi kimi yüksək texnoloji məkanlara səfərlər təşkil edilir. Bu il Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) ilə əməkdaşlıq çərçivəsinsə İKT-də qızlar günü münasibətilə bu sahədə təhsil alan və məzun olan qadınlar bir arada toplanacaq. Görüşdə panel müzakirələri nəzərdə tutulur. İKT sahəsində kariyera inkişafı, yerli və qlobalda iş fürsətləri, ITU proqramları və qadın sahibkarlığı mövzuları prioritet olacaq.

Görüşün moderatoru İRİA-nın layihə meneceri Leyla Zeynalova, spikerlər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin eksperti Sahibə Həsənova, “Azİntelecom”un departament rəhbəri Fidan Məmmədli, "Azercell" layihə meneceri Firuzə Quliyeva olacaq.

Azərbaycanda texnologiya sektorunda qadınların payı artmaqdadır. Məsələn, aparıcı telekommunikasiya şirkətlərində (məsələn “Azercell” şirkəti) işçilərin təxminən 42 faizini qadınlar təşkil edir.

Bu günün qeyd olunmasında əsas məqsəd gənc qızları STEM (elm, texnologiya, mühəndislik və riyaziyyat) sahələrinə cəlb etmək və rəqəmsal dünyada gender bərabərliyini təşviq etməkdir.

Chosen
34
hafta.az

1Sources