EN

İsgəndər Sərdarlı: “Sərdar sandıq mücrü ocağı” milli mədəni irsin qorunmasına xidmət edir

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 23 aprel, AZƏRTAC

“Sərdar sandıq-mücrü ocağı”nın beşillik fəaliyyəti çərçivəsində ərsəyə gətirilən “Urudum” dekorativ-tətbiqi sənət əsəri xüsusi əhəmiyyət daşıyır. Bu əsər Urudun qədim daş kitabələrində əks olunan tarixi yaddaşı müasir texnologiyalar-rəqəmsal bərpa və 3D prototipləşmə vasitəsilə yenidən canlandıraraq bu günə daşıyır.

Bu barədə AZƏRTAC-a açıqlamasında Azərbaycan Rəssamlar İttifaqının üzvü, araşdırmaçı tətbiqi sənət ustası İsgəndər Sərdarlı məlumat verib.

O bildirib ki, müəllifi olduğu “Urud abidələri” kolleksiyası yalnız estetik baxımdan deyil, həm də elmi-tarixi dəyərinə görə seçilir: “Bu kolleksiyada əsas məqsəd Urud kəndinin zəngin maddi-mədəni irsini qorumaq, unudulmaqda olan ornament və yazı nümunələrini yenidən bərpa edərək gələcək nəsillərə çatdırmaqdır.”

“Gələcəkdə kolleksiyanın genişləndirilməsi və beynəlxalq sərgilərdə nümayişi də planlaşdırılır. “Urudum” əsəri və “Sandıq Ocağı”nın fəaliyyəti ilə yaxından tanış olan kulturoloq, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri, professor Fuad Məmmədov, Xalq şairi Sabir Rüstəmxanlı, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, Əməkdar rəssam, ali dərəcəli bərpaçı Natiq Səfərov bu təşəbbüsün milli-mənəvi dəyərini yüksək qiymətləndiriblər. Onlar “Sərdar Sandıq-Mücrü Ocağı”nın Qərbi Azərbaycanın, o cümlədən İrəvan şəhərində vaxtilə mövcud olmuş Sərdar Xan Sarayının tarixi yaddaşının yaşadılması istiqamətində müstəsna vətəndaş məsuliyyəti nümayiş etdirdiyini xüsusi vurğulayıblar. Bu cür qiymətləndirmə qarşıya qoyulan vəzifələrin məsuliyyətini daha da artırır. Məqsədimiz milli sənətimizi dünyaya sadəcə sənət nümunələri kimi deyil, həm də xalqımızın tarixi yaddaşını, mədəni kimliyini və mənəvi irsini əks etdirən dəyərli bir miras kimi təqdim etməkdir”, - deyə İsgəndər Sərdarlı qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
88
azertag.az

1Sources