Dünyanın ən sirli radiostansiyalarından biri hesab olunan və "Qiyamət" radiosu kimi tanınan "UVB-76"dan yeni və müəmmalı siqnallar gəlməyə başlayıb.
Publika.az xəbər verir ki, stansiyanın fəaliyyətini izləyən "UVB-76 loqi" "Telegram" kanalı son sutka ərzində efirdə daha əvvəl rast gəlinməyən kodların səsləndiyini qeydə alıb.
Məlumata görə, Moskva vaxtı ilə saat 12:59-da (Bakı vaxtı ilə 13:59-da) stansiya tərəfindən "Çeçenka" (Çeçen qızı) və "Lazer" sözlərindən ibarət qoşa şifrəli mesaj ötürülüb. Bundan bir qədər əvvəl isə efirdə "Alimentnıy" (Aliment) sözü eşidilib.
Maraqlıdır ki, bu ifadələr stansiyanın 1976-cı ildən bəri davam edən yayım tarixində ilk dəfə istifadə olunub.
Qeyd edək ki, son günlər "UVB-76"-nın efirində qəribə aktivlik müşahidə olunur. Aprelin 16-da stansiya məşhur superqəhrəman Supermenə istinad edərək "Kriptonit" sözünü yayımlayıb. Aprelin 19-da isə yazıçı Viktor Pelevinin yeni romanının anonsu fonunda "Pelevizator" ifadəsi səsləndirilib.