EN

Azərbaycanın təhlükəsiz enerji və strateji əməkdaşlıq mərkəzi kimi rolu güclənir - ŞƏRH

Bakı, 23 aprel, AZƏRTAC

Avropanın Türk coğrafiyasına marağının davamlı şəkildə artması, Cənubi Qafqaz və Xəzər hövzəsinin qlobal enerji təhlükəsizliyi arxitekturasında əhəmiyyətinin yüksəlməsi, eləcə də Latviya Prezidentinin Azərbaycana səfəri çərçivəsində aparılan müzakirələr Avrasiya məkanında yeni geosiyasi və geoiqtisadi reallıqların formalaşdığını göstərir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.

Ekspert qeyd edib ki, dünya enerji bazarında baş verən dəyişikliklər Avropa ölkələrini daha çevik, dayanıqlı və çoxşaxəli enerji siyasətinə keçməyə məcbur edib. Bu kontekstdə Türk coğrafiyası, xüsusilə Azərbaycan, yalnız enerji resursları ilə deyil, həm də tranzit və logistika imkanları ilə Avropanın strateji tərəfdaşına çevrilməkdədir.

“Avropanın enerji təhlükəsizliyi gündəliyində artıq “alternativ mənbələr” anlayışı real siyasət alətinə çevrilib və bu çərçivədə Azərbaycan etibarlı və uzunmüddətli tərəfdaş kimi ön plana çıxır. Azərbaycan uzun illərdir Avropanın enerji təhlükəsizliyinə töhfə verən sabit və proqnozlaşdırılan ölkə kimi tanınır. Bu gün isə bu rol daha da genişlənir və strateji əməkdaşlıq səviyyəsinə yüksəlir. Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi layihələr Azərbaycanın təşəbbüsü ilə Avropanın enerji xəritəsində yeni reallıq yaradıb və bu infrastruktur təkcə iqtisadi deyil, həm də siyasi etimad platforması formalaşdırıb. Onun fikrincə, bu layihələr Avropa ilə türk coğrafiyası arasında qarşılıqlı asılılığa əsaslanan yeni əməkdaşlıq modelini gücləndirir. Latviya Prezidentinin Azərbaycana səfəri bu proseslərin praktiki nəticələrindən biri kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində aparılan danışıqlar enerji təhlükəsizliyi ilə yanaşı, yaşıl enerji keçidi, rəqəmsal iqtisadiyyat, nəqliyyat-logistika dəhlizlərinin inkişafı və investisiya əməkdaşlığı kimi istiqamətləri də əhatə edib. Baltikyanı ölkələrin Azərbaycana marağının artması Avropa İttifaqı daxilində enerji siyasətinin şaxələnməsi və yeni tərəfdaşlıq formatlarının yaranması ilə bağlıdır. Latviya kimi ölkələr üçün Azərbaycan həm enerji təminatçısı, həm də Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm strateji mərkəzdir”, - deyə ekspert vurğulayıb.

Cafer Dal əlavə edib ki, Türk coğrafiyasının Avrasiyada güc mərkəzinə çevrilməsi prosesi artıq nəzəri mərhələdən praktiki əməkdaşlıq mərhələsinə keçib. Bu çərçivədə Türk Dövlətləri Təşkilatı ölkələri arasında koordinasiyanın güclənməsi regionun qlobal siyasətdə çəkisini artırır: “Azərbaycanın balanslaşdırılmış xarici siyasəti bu prosesdə xüsusi rol oynayır və ölkənin həm Avropa, həm də Asiya bazarları arasında etibarlı körpü funksiyasını yerinə yetirməsinə şərait yaradır. Azərbaycan bu gün təkcə enerji ixrac edən ölkə deyil, eyni zamanda regional sabitliyin və əməkdaşlığın mühüm təminatçısıdır. Yaxın perspektivdə enerji təhlükəsizliyi, yaşıl enerji layihələri, nəqliyyat inteqrasiyası və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığın genişlənməsi Avropa ilə türk coğrafiyası arasında əlaqələri daha da dərinləşdirəcək. Bu isə Azərbaycanın beynəlxalq sistemdə strateji mövqeyini daha da möhkəmləndirəcək”.

Müxbir-Vüqar Qurbanoğlu

Chosen
62
50
azertag.az

10Sources