EN

Qurumların sayğac oyunu: Bunun sonu görünmür

ain.az bildirir, Cebheinfo portalına istinadən.

Naxçıvan Muxtar Respublikasında istismar müddəti bitmiş "smart kart" tipli qaz sayğacları dəyişdiriləcək.

Bunu Naxçıvan Regional Qaz İstismarı İdarəsinin rəisi Rəşad Cavadov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Naxçıvan şəhərində hazırda 20 min abonent "smart kart" tipli sayğacdan istifadə edir:

"Ümumilikdə 24 min "smart kart tipli" sayğac mövcud idi. Artıq 4 min abonentin sayğacı mexaniki (sonradan ödənişli) sayğacla əvəzlənib. Yerdə qalan 20 min sayğac da dəyişdirilir və abonentlərə yeni kodlar təqdim edilir". 

R.Cavadov deyib ki, ötən bir il ərzində Naxçıvan şəhərində 1 000 abonent şəbəkəyə qoşulub: 

"Hazırda qaz təminatı ilə bağlı heç bir çətinlik yoxdur. İş prosesində yerli icra hakimiyyəti orqanları ilə koordinasiyamız da yüksək səviyyədədir".

Hazırda Naxçıvan şəhərinin qaz abonentlərinin sayı 24 minə çatıb. Qeyd edək ki, son illər vətəndaşlar bir neçə dəfə sayğacların dəyişdirilməsinin şahidi olublar.

Sovet dövründə mexaniki sayğaclar (xüsusilə qaz və elektrik) olduqca geniş yayılmışdı və indiki smart (kartlı) sayğaclardan fərqli olaraq tamamilə analoq, mexaniki mexanizmlə işləyirdilər.

Sovet istehsalı olan mexaniki sayğaclar çox dözümlü və uzunömürlü hesab olunurdu. Bir çoxu onilliklərlə dəyişdirilmədən işləyə bilirdi. 

2010-cu illərin əvvəllərindən Azərbaycanda smart-kart tipli (əvvəlcədən ödənişli) qaz sayğaclarının tətbiqinə kütləvi şəkildə başlanıldı. Bu sayğacların əsas xüsusiyyəti abonentlərin qazla təminatını öncədən ödəniş etməklə həyata keçirməkdən ibarət idi.

2012-2013-cü illərdən etibarən "smart-kart" tipli sayğacların istismarı və quraşdırılması geniş vüsət aldı. Məqsəd qaz borclarının qarşısını almaq və ödənişləri öncədən reallaşdırmaq idi.

2020-ci illərdən etibarən Azərbaycanda smart-kart tipli qaz sayğaclarının istismar müddətinin başa çatması ilə əlaqədar onların yeni nəsil "ağıllı" sayğaclarla əvəzlənməsi prosesi həyata keçirilməyə başlandı.

Səbəbi isə mövcud smart-kart tipli sayğacların istismar müddətinin (yoxlama müddətinin) başa çatması idi. Beləliklə, Almaniyanın "Zenner" şirkətinin istehsalı olanlar da daxil olmaqla, daha müasir, məsafədən məlumat ötürmə funksiyasına malik "ağıllı" sayğaclar quraşdırıldı.

Artıq son illər ölkədə yenidən mexaniki sayğacların quraşdırılmasına başlanılıb.  Sayğaclar arasındakı fərqi müvafiq qurum belə izah edirdi ki, həm öncə ödənişli qaz sayğacı (smart-kart tipli), həm sonra ödənişli - mexaniki tipli sayğacların hər biri ölçü vasitəsidir və onların daxili ölçmə quruluşunda hər hansısa bir fərq yoxdur:

“Sadəcə olaraq birində qazın həcmini alırsınız və sonradan onu istifadə edirsiniz, mexanikidə isə bir ay müddətində istifadə etdiyiniz qazı sonrakı dövrdə ödəyirsiniz. Yəni, fərq yalnız ödəniş metodologiyasındadır”.

Mexaniki sayğacın əsas üstünlüklərinə gəldikdə isə belə izah edilirdi ki, smart-kart tipli qaz sayğaclarına nisbətən hər hansı bir zaman kəsiyində ödənişi edə bilərsiniz.

Ödəniş üçün abonentə daha çox müddət verilir. Amma smart-kart tipli sayğaclarda daxil edilən limit hər hansı bir vaxtda bitərsə, aydın məsələdir ki, klapan bağlanır və təbii qazdan yenidən istifadə etmək üçün ya kreditdən istifadə edilməlidir (1 kub), ya da yenidən məbləği yükləmək lazımdır”.

Həmçinin bildirilmişdi ki, mexaniki sayğacların alınması 26 dollara, smart-kart tipli sayğaclar isə bundan 3 dəfə baha başa gəlir. Buna görə də "Gəncə Cihazqayırma Zavodu" ASC ilə memorandum imzalanıb. Artıq onlar sayğac istehsalına başlayıblar və fəal iş gedir.

Görünən odur ki, son illər abonentlərin davamlı olaraq sayğacları dəyişdirilir və hər dəfə bu dəyişilk  prosesində yeni sayğacın daha yaxşı olduğunu bildirirlər. Nəticədə ötən illər ərzində mexaniki sayğaclar- smart kart tipli- “ağıllı” sayğaclar-mexaniki sayğaclar prosesi davam edir.

Vətəndaşlar isə hər sayğac dəyişdikdə ondan istifadə qaydaları ilə bağlı problem yaşayırlar. Bu sayğac dəyişmə prosesinin nə vaxt başa çatacağı məlum deyil.     

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

sayğac Rəşad Cavadov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
20
2
cebheinfo.az

3Sources