EN

İranla müharibənin təsiri dünya iqtisadiyyatına getdikcə daha dərindən nüfuz edir

Bakı, 23 aprel, AZƏRTAC

Dünya iqtisadiyyatı İranla müharibənin yaratdığı enerji şoku səbəbindən getdikcə daha ciddi çətinliklərlə üzləşir. Zavodlar istehsal xərclərinin kəskin artımı ilə mübarizə aparır, xidmət sektorunda fəallıq zəifləyir.

AZƏRTAC xəbər verir ki, cümə axşamı “S&P Global” şirkətinin satınalmalar üzrə menecerlər arasında keçirdiyi sorğunun nəticələri vəziyyətin daha da pisləşə biləcəyini göstərib.

Dünya iqtisadiyyatının böyük hissəsi müasir tarix boyu enerji daşıyıcılarının tədarükündə baş vermiş ən ciddi pozuntular qarşısında dayanıqlılıq nümayiş etdirsə də, təxminən iki aydır davam edən münaqişənin nəticələri inflyasiyanın artmasına səbəb olur, ərzaq tədarükü ilə bağlı narahatlıqlar yaradır və iqtisadi artım proqnozlarının aşağı salınmasına gətirib çıxarır.

“Reuters” yazır ki, region üzrə ümumi iqtisadi fəallığın ilkin indeksi martda 50,7-dən apreldə 48,6-ya enib. Göstəricinin 50-dən aşağı olması iqtisadi fəallığın azalmasına işarə edir.

“Avrozona Yaxın Şərqdəki müharibənin yaratdığı və getdikcə dərinləşən iqtisadi problemlərlə üzləşir. Eyni zamanda, getdikcə daha geniş yayılan təklif çatışmazlığı yaxın həftələrdə qiymətlərə əlavə təzyiq göstərərək artım tempini daha da zəiflətmək təhlükəsi yaradır”, - deyə “S&P Global”da biznes məsələləri üzrə baş iqtisadçı Kris Uilyamson bildirib.

Xammal və material qiymətləri indeksi 68,9-dan 76,9-a yüksəlib ki, bu da avrozona müəssisələrində istehsal xərclərinin artdığını göstərir. Blokda üstünlük təşkil edən xidmət sahəsini əhatə edən indeks isə 50,2-dən 47,4-ə düşüb. Bu, “Reuters” agentliyinin proqnozlaşdırdığı 49,8 göstəricisindən xeyli aşağıdır.

Paradoksal görünsə də, satınalma menecerləri Yaponiya, Hindistan, Böyük Britaniya və Fransada istehsal səviyyəsinin daha yüksək olduğunu bildiriblər. “S&P Global” bunu bəzi hallarda şirkətlərin tədarük zəncirində daha ciddi pozuntularla bağlı narahatlıqlar səbəbindən istehsalı sürətləndirməsi ilə izah edib.

Yaponiya 2014-cü ilin fevralından bəri sənaye istehsalında ən güclü artım nümayiş etdirib. Halbuki xammal xərcləri 2023-cü ilin əvvəlindən bəri ən sürətli templə artıb.

Süni intellekt sahəsinə qlobal investisiya artımı texnologiya sektoruna fayda verməkdə davam edir. Dünya bazarlarındakı yüksək dəyişkənlik isə ticarət şirkətlərinə sərf edir.

Məsələn, Cənubi Koreya ötən rübdə mikrosxem ixracının artması hesabına son altı ilə yaxın dövrün ən sürətli artımını göstərib.

Beynəlxalq Valyuta Fondu ötən həftə bu il üzrə qlobal iqtisadi artım proqnozunu 3,1 faizə endirib. Bununla yanaşı, BVF sarsıntılar davam edəcəyi təqdirdə, dünya iqtisadiyyatının tammiqyaslı tənəzzül də daxil olmaqla daha əlverişsiz ssenariyə doğru irəliləməsi barədə xəbərdarlıq edib.

Chosen
39
1
azertag.az

2Sources