EN

İki əsr ərzində xalqımıza qarşı urbisit və etnosit xarakterli siyasət həyata keçirilib – RƏY

Bakı, 23 aprel, AZƏRTAC

Ermənistanın xalqımızın tarixi, dini və mədəni irsinin məhv edilməsinə yönəlmiş əməllərinin tarixi onların Cənubi Qafqaza köçürülməsindən sonrakı dövrdən başlayır. İki əsr ərzində xalqımıza qarşı zaman-zaman urbisit və etnosit xarakterli siyasət həyata keçirilib.

Bunu filologiya üzrə fəlsəfə doktoru Cəlal Allahverdiyev AZƏRTAC-a açıqlamasında bildirib.

O, qeyd edib ki, xalqımızın milli kimliyini özündə ehtiva edən qədim tarixi və dini abidələr sistemli şəkildə yerlə-yeksan edilib, saxtalaşdırılıb və ya tamamilə məhv edilib. Bu vandalizm aktları xalqımızın tarixi keçmişini, milli kimliyini və mənəvi yaddaşını silməyə yönəlsə də, tarixi həqiqətlərin inkar edilməsi və yaddaşlardan silinməsi mümkün deyil.

“Xalqımıza məxsus minlərlə tarixi və dini abidəyə qarşı müxtəlif formalarda təcavüz həyata keçirilib. Belə ki, milli kimliyimizi əks etdirən abidələr, qədim yazılar, məzarlıqlar, qala divarları məhv edilib və ya özgələşdirilərək başqa kimlik altında təqdim olunub. 1988-ci ildən etibarən isə bu proses daha da intensiv xarakter alaraq total şəkildə həyata keçirilib. Tarixi, dini və mədəni irsinə qarşı törədilən bu cür vandalizm aktları təkcə bir xalqa qarşı deyil, ümumilikdə bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilməlidir”, - deyə o vurğulayıb.

C.Allahverdiyev bildirib ki, bu vandalizm faktlarının peyk görüntülər, foto və videomateriallar, eləcə də digər sənədlərlə təsdiqlənməsi məsələyə yalnız tarixi kontekstdə deyil, həm də beynəlxalq hüquq və qlobal ictimaiyyət müstəvisində yanaşmanı zəruri edir.

Müxbir - Səbinə Əlizadə

Chosen
46
3
azertag.az

4Sources