EN

KOBİA rəsmisi: Qadınlar şəhərsalmaya təsir edir

Bu fikirləri İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) İdarə Heyəti sədrinin müaviniRüfət AtakişiyevBakıda “Memarlıq və Şəhərsalma İli” çərçivəsində “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda səsləndirib.

O qeyd edib ki, Azərbaycanda qadınların iqtisadi fəallığı son illərdə nəzərəçarpacaq dərəcədə artıb və onların kiçik və orta biznesdə iştirakı genişlənib. Bu tendensiya məşğulluğa və ümumi biznes mühitinə müsbət təsir göstərir.

Rüfət Atakişiyev bildirib ki, qadın sahibkarlığın qarşısında əsas çətinliklər biznes biliklərinin çatışmazlığı, maliyyə resurslarına çıxış imkanlarının məhdudluğu və bazara çıxışla bağlı problemlərdir.

Onun sözlərinə görə, bu istiqamətdə yalnız təşviq deyil, həm də konkret dəstək mexanizmləri həyata keçirilir. KOBİA tərəfindən qadın sahibkarlar üçün təlim proqramları təşkil olunur, qrant dəstəyi və startap mexanizmləri tətbiq edilir, eləcə də bazara çıxış imkanları genişləndirilir.

O əlavə edib ki, qadın sahibkarların məhsullarının tanıdılması üçün sərgilər və yarmarkalarda iştirakına dəstək göstərilir, beynəlxalq təcrübə mübadiləsi proqramları isə onların idarəetmə bacarıqlarının inkişafına töhfə verir. Qeyd edib ki, qadınların iqtisadi proseslərdə aktiv iştirakı sosial sabitliyə, ailə rifahına və insan kapitalının inkişafına müsbət təsir göstərir və şəhərsalma prosesində daha balanslı inkişaf modelinin formalaşmasına xidmət edir.

“Bununla yanaşı beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində də fəaliyyət həyata keçirilir. Menecerlərin təlimi üzrə Almaniya-Azərbaycan birgə proqramı çərçivəsində qadın sahibkarlar xarici təcrübə ilə tanış olmuş və onların idarəetmə bacarıqlarına real təsir göstərib. "Biznesdə qadınların gücü" layihəsi çərçivəsində qadın sahibkarların maliyyə resurslarına çıxışı, biznes biliklərinin artırılması və bazar əlaqələrinin qurulması istiqamətində konkret nəticələr əldə olunub. Bu kimi təşəbbüslər qadınların biznesdə daha dayanıqlı mövqe tutmasına imkan yaradır. Eyni zamanda "Bumbazar" kimi platformalar qadın sahibkar məhsullarının təqdim olunması, yeni müştəri və tərəfdaşların cəlb edilməsi baxımından effektiv alət kimi çıxış edir. KOBİA yanında İctimai Şura çərçivəsində də qadın sahibkarların təmsil olunması, onların fikir və təkliflərinin qərarvermə prosesinə daxil edilməsinə imkan yaradır. Bu isə həyata keçirilən tədbirlərin daha real ehtiyaclara uyğun qurulmasına şərait yaradır, - Rüfət Atakişiev deyib.

KOBİA təmsilçisi bildirib ki, qadın sahibkarların fəaliyyəti yalnız iqtisadi nəticə ilə məhdudlaşmır. Bu fəaliyyət sosial sabitliyə, ailə rifahına və insan kapitalının inkişafına təsir göstərir. Və bu baxımdan qadın sahibkarlığı iqtisadi siyasətin mühüm istiqamətlərindən biri kimi formalaşır.

Onun fikrincə şəhərsalma kontekstində bu yanaşma daha geniş məna kəsb edir. Yeni qurulan şəhərlərdə iqtisadi həyatın formalaşması üçün sahibkarlıq fəaliyyətinin inkişafı əsas şərtlərdən biridir və qadınların bu prosesdə aktiv iştirakı şəhər mühitinin daha balanslı və funksional qurulmasına töhfə verir:

"Bu istiqamətdə formalaşan yanaşma xüsusilə şəhərsalma proseslərində özünü daha aydın göstərir və yeni yaşayış məkanlarının planlaşdırılması yalnız fiziki infrastrukturun qurulması ilə məhdudlaşmır, iqtisadi fəaliyyətin təşkili və insan kapitalının bu mühitə inteqrasiyası əsas şərtlərdən biri kimi çıxış edir. Qadınların bu proseslərdə fəal iştirakı xidmət sektorunun genişləndirilməsinə, kiçik bizneslərin formalaşmasına və yerli iqtisadi dövriyyənin sürətlənməsinə real təsir göstərir. Xüsusilə Qarabağda həyata keçirilən yenidənqurma işləri fonunda qadın sahibkarların təşəbbüsləri yeni şəhər mühitində iqtisadi həyatın erkən mərhələdə formalaşmasına töhfə verir. Bu isə daha dayanıqlı və balanslı inkişaf modelinin qurulmasına şərait yaradır”.

Rüfət Atakişiyev həmçinin vurğulayıb ki, tədbirin memarlıq və şəhərsalma ili çərçivəsində keçirilməsi mövzunun aktuallığını daha da artırır:

“Bu il ərzində şəhərsalma sahəsində innovativ yanaşmalar, inklüzivlik və insan yönümlülük xüsusi yer tutur. Qadınların da bu proseslərdə təmsil olunması qərarların daha əsaslandırılmış və həyatın real tələblərinə uyğun qurulmasına imkan verir. İnanıram ki, bugün burada səsləndirilən fikirlər gələcək şəhər mühitinin daha səmərəli planlaşdırılmasına töhfə verəcək və qadınların bu sahədə rolunun daha da güclənməsinə xidmət edəcək”.

Səbinə Həsənova
AzVision.az


Chosen
75
49
azvision.az

10Sources