EN

Baş İdarə rəhbəri: İşğaldan azad olunmuş ərazilərdə sosial infrastruktur ehtiyatları planlaşdırılıb

Bakı, 23 aprel, AZƏRTAC

Şəhərlər yalnız binalardan və yollardan ibarət deyil, şəhər ilk növbədə insan üçün formalaşdırılan sosial məkandır. Genderə həssas yanaşma bu prosesdə mühüm yer tutur. Şəhər məkanının planlaşdırılması zamanı qadınların gündəlik həyat təcrübəsi, təhlükəsizlik hissi, ictimai nəqliyyatdan istifadə imkanları, sosial xidmət obyektlərinə çıxış, işıqlandırma və ictimai məkanların təşkili kimi məsələlər xüsusi diqqətə saxlanmalıdır. “Təhlükəsiz şəhər” anlayışı yalnız fiziki təhlükəsizlik deyil, eyni zamanda, sosial təhlükəsizlik və rahatlıq deməkdir. Genderə həssas yanaşma sadəcə qayda və norma məsələsi deyil, şəhərin necə qurulması ilə bağlı əsas məsələdir.

AZƏRTAC xəbər verir ki, bunu Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbəri Qədir Babayev "Təhlükəsiz şəhərlər: Dayanıqlı inkişaf modellərinin planlaşdırılmasında genderə həssas yanaşma” adlı dəyirmi masada çıxış edərkən deyib.

Onun sözlərinə görə, şəhər məkanı hər kəs üçün eyni təsir göstərmir: "Planlaşdırma zamanı qəbul edilən qərarlar bəzi insanların hərəkətini asanlaşdıra, digərlərinin isə imkanlarını məhdudlaşdıra bilər. Qadınların gündəlik hərəkət trayektoriyası daha çoxşaxəlidir. Bunlar yaşayış yeri, məktəbəqədər müəssisə, məktəb, iş yeri, səhiyyə və xidmət obyektlərdir. Bu marşrutların təhlükəsizliyi, vaxt məsrəfi və əlçatanlığı birbaşa olaraq qadınların iqtisadi və ictimai iştirakına təsir göstərir".

Qədir Babayev vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma prosesi genderə həssas və insan mərkəzli planlaşdırma modelinin tətbiqi üçün strateji imkan yaradıb: "Yeni Baş Planlarda qarışıq funksional zonalaşma tətbiq edilib, sosial obyektlər yaşayış məhəllələrinin strukturu elementlərinə çevrilib, piyada əlçatanlığı əsas göstərici kimi müəyyən edilib, ictimai məkanlarda təhlükəsizlik və müşahidə oluna bilmə prinsipi təmin edilib. Artan əhali dinamikası nəzərə alınaraq sosial infrastruktur ehtiyatları planlaşdırılıb".

Müxbir - Günel Türksoy
Videooperator - Mirrəsul Cəfərov
Chosen
67
azertag.az

1Sources