Bir neçə ay əvvəl başlayan torpaq sürüşməsi indi hər gün daha da sürətlənir.
Xezerxeber.az xəbər verir ki, söhbət Lənkəranın 6 yaşayış məntəqəsini birləşdirən Hirkan-Daşdatük-Biləsər avtomobil yolundan gedir.
Əvvəllər yolun yalnız bir hərəkət hissəsində müşahidə olunan sürüşmə artıq genişlənərək böyük ərazini əhatə edib. Hazırda torpaq kütləsinin aktiv hərəkəti nəticəsində yolun bir neçə metrliyində də ciddi çatlar və çökmələr yaranıb.
Sürüşmə baş verən ərazidə yolun hər iki hərəkət istiqaməti tamamilə yararsız vəziyyətə düşüb. Buna görə də sürücülər həmin hissədən keçərkən yolun kənarı ilə hərəkət etməyə məcbur olurlar.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbərə"ə bildirildi ki, sözügedən ərazi hazırda nəzarətdə saxlanılır. Bərpa işlərinin aparılması üçün burada geoloji-kəşfiyyat işlərinin görülməsi zəruridir. Yaxın müddətdə həmin işlərin icrası təmin ediləcək, bərpa tədbirləri ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.