EN

Hörmüz boğazının minalardan təmizlənməsi 6 ay çəkə bilər

ABŞ-nin “Washington Post” qəzetinin Pentaqon rəsmilərinə istinadən yaydığı məlumata görə, Hörmüz boğazındakı minaların tam təmizlənməsi uzun müddət tələb edəcək.

Pentaqon rəsmiləri ABŞ Konqresində keçirilən qapalı iclasda bildiriblər ki, boğazın təhlükəsiz hala gətirilməsi 6 aya qədər çəkə bilər. Lakin ABŞ və İsrailin İranla müharibəsi tam başa çatmadan bu prosesin başlaması real görünmür.  

Məlumata görə, İran boğaz ətrafına 20-dən çox mina yerləşdirib. Bu minaların bəziləri GPS texnologiyası ilə uzaqdan idarə olunduğu üçün ABŞ qüvvələri onları aşkar etməkdə çətinlik çəkirlər. Bu vəziyyət həm demokratlar, həm də respublikaçılar tərəfindən narahatlıqla qarşılanıb.

Fevralın sonunda başlayan hərbi əməliyyatlar aprelin 8-də iki həftəlik atəşkəslə nəticələnmişdi. Tərəflər Pakistanın vasitəçiliyi ilə İslamabadda görüşsələr də, hələlik heç bir razılaşma əldə olunmayıb.

ABŞ Prezidenti Donald Tramp Pakistanın xahişi və İran rəhbərliyindəki daxili fikir ayrılıqlarını nəzərə alaraq atəşkəsi uzatdığını bildirib: “İran tərəfi rəsmi təklifini təqdim edənə qədər hücumlar dayandırılıb”.

ABŞ ordusu hələ də tam hazır vəziyyətdə gözləyir və dəniz blokadasını davam etdirir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources