EN

Laçın şəhərində kanat yolu layihəsinin tikintisi sürətlə davam edir

Laçın şəhərində inşa olunan kanat yolu layihəsinin həyata keçirilməsi istiqamətində işlər sürətlə davam etdirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, layihənin 2026-cı ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Hazırda layihə çərçivəsində ərazidə genişmiqyaslı tikinti və hazırlıq işləri aparılır. Belə ki, yaşıllıqların köçürülməsi, kanat yolunun dayaqlarının quraşdırılması və terminal sahələrin bünövrə işlərinin icrası sürətlə davam edir. Onu da qeyd edək ki, layihə üçün nəzərdə tutulan zəruri avadanlıqların əraziyə çatdırılması mərhələli şəkildə həyata keçirilir.

Layihənin əsas məqsədlərindən biri bölgənin nəqliyyat və turizm infrastrukturunun inkişaf etdirilməsidir. Kanat yolunun istifadəyə verilməsi Laçına gələn ziyarətçilər üçün yeni və daha rahat hərəkət imkanları yaradacaq, həmçinin bölgənin turizm potensialının artırılmasına mühüm töhfə verəcək.

Laçın şəhəri üzrə həyata keçirilən bu layihənin həm yerli əhalinin, həm də turistlərin xidmətinə verilməsi bölgənin sosial-iqtisadi inkişafında yeni mərhələ kimi qiymətləndirilir.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan”

1Sources