Müstəqilliyimizin ilk illərində Azərbaycan olduqca çətin siyasi və çoxsaylı iqtisadi problemlərlə üz-üzə qaldı. Belə bir vəziyyətdə 1993-cü ilin iyun ayında məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdaraq qətiyyətli addımlar atması nəticəsində xalqımız bir çox təhlükədən xilas oldu, ölkəmizdə sabitlik bərpa olundu və inkişaf prosesləri başladı.
Ulu Öndər ölkə iqtisadiyyatının canlanması, ilk növbədə sahibkarlığın inkişaf imkanlarının reallaşdırılması üçün bir sıra fərman və sərəncamlar imzaladı. Atılan bu addımlar ölkədə biznes mühitini xeyli yaxşılaşdırdı. 1993-cü ildə "Azərbaycanda sahibkarlığın inkişafı (1993-1995)" Dövlət Proqramının qəbulu və onun icrasına başlanması, sahibkarlıq sektorunda islahatların həyata keçirilməsi ölkədə fəaliyyət göstərən kiçik və orta sahibkarların fəaliyyətini genişləndirməyə imkan verdi.
Ümummilli Liderin sahibkarlara qayğısına nümunə kimi 2002-ci il aprelin 25-də yerli və mayın 14-də xarici iş adamları ilə keçirilən görüşləri göstərmək olar. Bu görüşlərdə sahibkarlığın inkişafı yolları araşdırılmış, inkişafa mane olan əngəllərin aradan qaldırılması üçün konkret tədbirlər müəyyənləşdirilmiş, növbəti illər üçün Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı dövlət proqramları təsdiq olunmuşdur.
Məhz bu görüşlərin Azərbaycanda sahibkarlığın inkişafında mühüm tarixi əhəmiyyətini, habelə ölkənin iqtisadiyyatında sahibkarların artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyevin 21 aprel 2016-cı il tarixli sərəncamına əsasən, hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar Günü" kimi təsis edilmişdir.
Cənab İlham Əliyev ötən 22 ildə milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etmişdir. Bu gün hər bir sahibkar dərk edir ki, qüdrətli və müasir Azərbaycanın qurulması üçün Prezident İlham Əliyevin liderliyi altında bizi hələ bir sıra mühüm işlər gözləyir.
Müasir dövrdə sahibkarlıq hər bir ölkənin iqtisadi inkişafında mühüm rol oynayan əsas amillərdən biridir. Sahibkarlıq təkcə gəlir əldə etmək məqsədi daşımır, eyni zamanda yeni iş yerlərinin yaradılması, innovasiyaların tətbiqi və cəmiyyətin rifah səviyyəsinin yüksəldilməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Amma sahibkarlıq fəaliyyətinin inkişafı üçün ilk növbədə əlverişli iqtisadi mühit formalaşdırılmalıdır. Dövlət tərəfindən tətbiq olunan vergi güzəştləri, subsidiyalar və müxtəlif dəstək mexanizmləri sahibkarların fəaliyyətə başlamasını və bizneslərini genişləndirməsini əhəmiyyətli dərəcədə asanlaşdırır. Bununla yanaşı, hüquqi və inzibati maneələrin minimuma endirilməsi də sahibkarlığın inkişafına müsbət təsir göstərir.
Sahibkarlığın inkişafında təhsil və bilik səviyyəsi xüsusi rol oynayır. Müasir sahibkar yalnız ideyaya malik olmaqla kifayətlənməməli, eyni zamanda bazar tələblərini düzgün analiz etməyi, əsaslandırılmış qərarlar verməyi və riskləri effektiv idarə etməyi bacarmalıdır. Bu baxımdan biznes təhsili və praktiki təcrübə xüsusi əhəmiyyət daşıyır. Yeri gəlmişkən qeyd edək ki, texnologiyanın sürətli inkişafı sahibkarlıq üçün yeni imkanlar açır. Rəqəmsal platformalar, elektron ticarət və innovativ həllər sahibkarlara daha geniş bazarlara çıxış imkanı yaradır. Bu isə həm yerli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artmasına gətirib çıxarır. Nəticə etibarilə sahibkarlığın inkişafı iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. Bu reallığı nəzərə alan Prezident milli iqtisadi inkişaf modelinin reallaşdırılmasında özəl sektorun həlledici rolunu daim önə çəkir, güclü sahibkarlar təbəqəsinin formalaşmasına, onların cəmiyyətdəki mövqelərinin gücləndirilməsinə çalışır. Prezident İlham Əliyev öz çıxışlarında yerli sahibkarlara müraciət edərək bildirmişdir: "Mən çalışacağam ki, sizə maksimum dərəcədə sərbəstlik verilsin. Maksimum dərəcədə imkanlar yaradılsın ki, siz sərbəst, azad, rahat şəkildə öz fəaliyyətinizi davam etdirəsiniz". Sahibkarlığın inkişafına münasibətdə belə ardıcıl mövqe ölkəmizin iqtisadi potensialının hərəkətə gətirilməsi baxımından olduqca əhəmiyyətli olmuşdur.
Sərbəst bazar münasibətlərinə əsaslanan iqtisadi sistemdə mənəvi dəyərlərin yad təsirlərdən qorunması xüsusilə aktualdır. Bu təsirləri zərərsizləşdirmək isə yalnız yüksək mənəviyyatlı şəxsiyyətlərin üzərinə düşür. Hazırda bu nəcib missiyanı məsuliyyətlə üzərinə götürərək təmənnasız həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sırada dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin milli mədəniyyətin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri vardır. Mehriban xanım Əliyeva öz zəngin fəaliyyəti ilə təkcə ölkəmizdə deyil, bütün dünyada yüksək nüfuz, dərin ehtiram qazanmış, Azərbaycanın inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırılmasının qarşıda duran ən başlıca məqsəd olduğunu bəyan etmişdir. Onun ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyası nəinki ölkəmizin inkişafında müstəsna rol oynayır, hətta bir model olaraq keçid iqtisadiyyatı ölkələrinin iqtisadi inkişafı baxımından nümunəyə çevrilməkdədir. İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidenti olmaqla, Azərbaycan sahibkarlarının sonsuz məhəbbət bəslədiyi və daim əvəzolunmaz lideri kimi tanıdığı, etimad və etibar ünvanı saydığı rəhbərdir.
Prezident ölkəmizdəki biznes mühiti barədə öz çıxışlarında qeyd edib ki, müstəqillik dövründə əhalimiz 3 milyondan çox artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir: "Biz hər il 10 minlərlə yeni iş yeri yaratmalıyıq. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir". Bütün bunlar ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyinin bariz nümunəsidir.
Məlum olduğu kimi, son illər Azərbaycan xalqı üçün çox əlamətdar olmuşdur. 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatında Prezident-Ordu-Xalq birliyi nəticəsində torpaqlarımız işğaldan azad olunmuş, Azərbaycanın ərazi bütövlüyü bərpa edilmişdir.
Son illər Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atılır. Hazırda Azərbaycan dövləti tərəfindən Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş torpaqların sürətli bərpası istiqamətində böyük işlər görülür.
Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqiyaslı bərpa və yenidənqurma ilə yanaşı, sürətli iqtisadi reinteqrasiya tədbirləri görülür, biznesin canlanması məqsədilə sağlam bünövrə yaradılır. Ağdam və "Araz Vadisi İqtisadi Zonası" sənaye parklarının yaradılması bu məqsədlə həyata keçirilən ən önəmli işlərdəndir. Hər iki parkda sahibkarların müxtəlif güzəştlər əldə etməsi üçün əlverişli şərait yaradılıb və biznes fəaliyyəti stimullaşdırılır. İşğaldan azad edilmiş ərazilərdəki sənaye parklarının rezidentləri üçün tətbiq edilən güzəştlər çoxdur:
- Rezidentlər qeydiyyata alındığı vaxtdan başlayaraq, 10 il müddətinə mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.
- Müvafiq iqtisadi fəaliyyət sahələri üzrə texnika, texnoloji avadanlıq və qurğuların, xammal və materialların idxalı ƏDV və gömrük rüsumundan azad edilib.
- Məcburi dövlət sosial sığorta haqqı subsidiyalaşdırılır.
- Bölgədə vergi uçotuna alınan və istehsal fəaliyyəti ilə məşğul olan riskli vergi ödəyicisi olmayan sahibkarlara kommunal xidmətlərdən (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) istifadəyə görə ödədikləri vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödənilir.
- Sahibkarların maliyyə əlçatanlığının artırılması üçün güzəştli kreditlər verilir.
- Sahibkarlar bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlər üzrə dövlət zəmanəti və subsidiyadan yararlana bilərlər. İnvestisiya layihəsi həyata keçirən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15 faizədək olan biznes kreditlərinin 90 faizədək hissəsinə dövlət zəmanəti verilir. Bu kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır.
Sahibkarlar elektron hökumət portalı və İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun rəsmi internet səhifəsi üzərindən "Elektron kredit və zəmanət" informasiya sistemində qeydiyyatdan keçərək mexanizmdən yararlanmaq üçün müraciət edə bilərlər. İnsan kapitalının inkişafı məqsədilə iş yeri işğaldan azad edilmiş ərazilərimizdə olan mütəxəssislərə əlavə məzuniyyət verilir və onların aylıq vəzifə maaşlarına əlavələr hesablanır.
Yaradıldığı vaxtdan 4 ildən az vaxt keçməsinə baxmayaraq, artıq Ağdam Sənaye Parkı rezidentlərinin sayına görə ölkədə ikinci belə zonadır. Cənab İlham Əliyev demişdir: "Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın 2 ildə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar".
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası Prezidentin bu çağırışını dəstəkləyir və bildirir ki, iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə böyük töhfə verəcək.
Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Türk Ticarət və Sənaye Palatasına daxil olan dövlətlərlə keçirilmiş görüşlərdə Qarabağa investisiya qoyulması ilə bağlı iqtisadi imkanlar müzakirə edilmişdir. Həmçinin təşkilat bütün üzvlərinə müraciət edərək şəhid ailəsi üzvlərinin, qazilərin işlə təminatında aktiv olmağa çağırmışdır. İndiki şəraitdə, xüsusilə postmünaqişə dövründə özəl sektorun üzərinə daha böyük vəzifələr düşür. Konfederasiya öz imkanlarından istifadə edərək azad olunmuş torpaqlarda biznesin inkişafı, mövcud layihələrə xüsusi yanaşmaların tətbiq edilməsi və sahibkarların dövlətin dəstək tədbirlərindən yararlanması üçün təşkilati yardım göstərməyə hazırdır. Qeyd edək ki, artıq aqrar, təhsil, emal, mədənçıxarma, ticarət, turizm sahələrini əhatə edən investisiya təklifləri mövcuddur və bundan sonra təkliflərin icra mərhələsinə keçid etmək lazımdır. Əminik ki, birgə səylərimiz nəticəsində tez bir zamanda Qarabağ və Şərqi Zəngəzur yenidən dirçələcək, insanlar öz doğma yurdlarına dönəcəklər.
Bu sahədə dövlətlə özəl sektor arasında dialoqun, əməkdaşlığın olması da xüsusi əhəmiyyət daşıyır. İqtisadiyyat Nazirliyinin məlumatına görə, işğaldan azad edilmiş ərazilərimizdə biznes fəaliyyəti ilə məşğul olmaq üçün 30-dan çox ölkədən xarici şirkətlər müraciət edərək öz layihələrini təqdim etmişlər. Çünki Azərbaycan dövləti Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında yerli və xarici sahibkarları bərpa-quruculuq işlərində dəstəkləmək üçün müxtəlif stimullaşdırıcı addımlar atır. Gələcəkdə burada çalışan sahibkarlar müxtəlif vergi və rüsumlardan azad oluna bilərlər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının Rəyasət Heyətinin qərarı ilə Qarabağda və Şərqi Zəngəzurda iş qurmaq istəyən ölkə sahibkarlarının təkliflərini toplamaq məqsədilə işçi qrupu yaradılmış və sahibkarların təklifləri hökumətə təqdim edilmişdir.
Azərbaycanda sahibkarlığın inkişafı regional iqtisadi siyasətin ən mühüm elementlərindən birinə çevrilməkdədir. Regionların yeni sosial-iqtisadi reallığından söz açarkən ilk növbədə 2004-cü ildən bu günədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası yada düşür. Ötən illər ərzində şəhər və rayonlarda, kəndlərdə, qəsəbələrdə infrastruktur layihələri gerçəkləşmiş, ölkə vətəndaşlarının həyat tərzinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər görülmüşdür.
Dövlət proqramlarının icrası nəticəsində bölgələrin siması bütünlükdə dəyişmişdir. Regionlarda sənayenin, aqrar sektorun inkişafına təkan verilmiş, sənaye parkları, aqroparklar, fabrik və zavodlar açılımış, işsizlik səbəbindən paytaxta üz tutan insanlar yenidən regionlara dönməyə başlamışlar. Bu və digər istiqamətlərdə aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması Azərbaycanı dünyada güclü və demokratik dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.
Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes-plan tələbi aradan qaldırılıb. Sahibkarlığın inkişafına dövlət dəstəyi göstərilməsi sayəsində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin verilməsi prosesi dövlət büdcəsinə əlavə yük yaratmadan həyata keçirilməsi üçün kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilir.
İqtisadiyyat Nazirliyi yanında "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC 2025-ci ildə ümumi dəyəri 888,2 milyon manat olan 6210 investisiya layihəsinə 412,5 milyon manat güzəştli kredit vermişdir. 2024-cü illə müqayisədə investisiya layihələrinin sayı 8,5, güzəştli kreditlərin məbləği isə 66,2 faiz artmışdır. Ötən il verilmiş kreditlərin hesabına 5,6 mindən çox yeni iş yerinin açılması imkanı yaranmışdır. Güzəştli kreditlərin 38,5 faizi kənd təsərrüfatı, 61,5 faizi müxtəlif sənaye məhsullarının istehsalına və emalına yönəldilmişdir. Kreditlərin 76,4 faizi regionların, 23,6 faizi Bakı şəhəri və ətraf qəsəbələrin payına düşmüşdür.
Sahibkarlığın inkişafı sahəsində həyata keçirilən sistemli tədbirlər nəticəsində 2025-ci ildə də nüfuzlu beynəlxalq qurumların reytinqlərində Azərbaycan iqtisadi göstəricilərinə görə yuxarı sıralarda yer almışdır. Belə ki, dünyanın aparıcı beynəlxalq reytinq agentliklərindən biri olan "Moody's Ratings" 2025-ci il 3 iyul tarixində Azərbaycan Respublikasının suveren kredit reytinqini investisiya səviyyəsinə ("Ba1" səviyyəsindən "Baa3" səviyyəsinə) yüksəltmiş, reytinq üzrə proqnozu isə "müsbət" olaraq saxlamışdır. Bu nəticə Azərbaycanın regionda daha dayanıqlı iqtisadi mövqe nümayiş etdirdiyini göstərir. Qlobal miqyasda geosiyasi və iqtisadi çağırışların artdığı bir dövrdə Moody's-in bu qərarı ölkəmizə olan etimadın gücləndiyini, uğurlu iqtisadi siyasət nəticəsində Azərbaycanın beynəlxalq investorlar üçün daha da cəlbedici məkana çevrildiyini təsdiq edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində iqtisadi göstəriciləri açıqlayaraq bildirdi ki, ötən il həyata keçirilən məqsədyönlü siyasət və struktur islahatları sayəsində 2025-ci ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadi artım prosesləri sürətlənmiş və iqtisadiyyatın dayanıqlı inkişafı yeni mərhələyə daxil olmuşdur.
1 yanvar 2026-cı il tarixə ölkəmizdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların sayı 1 milyon 435 min nəfərdən çox olmuşdur. 2025-ci ildə ölkədə 129,1 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir. İqtisadiyyatın qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz artmışdır. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 faizini təşkil etmiş, əhalinin hər nəfərinə düşən ÜDM 12602,2 manata bərabər olmuşdur.
İqtisadiyyatın şaxələndirilməsi, neft-qaz sektorundan asılığın azaldılması, bu sektor üzrə ümumi daxili məhsulda və ixracdakı payının aşağı düşməsi qeyri-neft sektorunun inkişaf etməsinin əsas göstəricilərindən biridir. 2026-cı il yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən, 1,8 milyon nəfər olmuşdur. Onlardan 865,8 min nəfəri iqtisadiyyatın dövlət, 942,2 min nəfəri qeyri-dövlət sektorlarında fəaliyyət göstərmişdir. 2025-ci ilin ilkin məlumatlarına əsasən, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 9,3 faiz artaraq 1102,9 manat təşkil etmişdir. Qeyri-dövlət sektorunda işləyənlərin sayının dövlət sektoruna nisbətən çox olması ölkədə sahibkarlığın sürətli inkişafının göstəricisidir.
2025-ci ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 180 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 128 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ildə ölkənin xarici ticarət dövriyyəsi 48905,8 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 24526,1 milyon dollarını və ya 50,1 faizini ölkədən ixrac olunmuş məhsulların, 24379,7 milyon dollarını (49,9 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 146,4 milyon dollar məbləğində müsbət saldo yaranmışdır. 2025-ci ildə qeyri-neft-qaz məhsullarının ixracı 3628,2 milyon dollar təşkil etmiş və 2024-cü ilə nisbətən faktiki qiymətlərlə 8,1 faiz artmış, real ifadədə isə 18,1 faiz azalmışdır.
19 yanvar 2026-cı ildə Davosda keçirilən Dünya İqtisadi Forumunun əvvəlki toplantılarında olduğu kimi, bu dəfə də Azərbaycan diqqət mərkəzində olmuşdur. Davosdakı bu və digər görüşlər bir daha göstərdi ki, Azərbaycan investorlar üçün cəlbedici ölkə olaraq qalır. Burada münbit investisiya mühiti var. Müxtəlif sahələrin inkişafına sərmayə yatırmaq istəyən şirkətlər qarşısında yaşıl işıq yanır və onların hüquqlarının qorunmasını təmin edən mükəmməl qanunvericilik bazası var. Ən başlıcası - Azərbaycanın qurub yaradan, dediyi söz də atdığı imza qədər etibarlı olan Prezidenti var!
Cari il fevralın 11-də "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev demişdir: "Qeyd etdiyim kimi, transmilli böyük şirkətlərlə iş təcrübəmiz - bu da böyük üstünlükdür. Müsbət investisiya iqlimi. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox sərmayə qoyulub. Xarici sərmayələr qorunub - həm qanunlar tərəfindən, eyni zamanda gündəlik həyatda da görürük. Həm yerli, həm xarici sərmayələrin qorunması hər bir ölkənin inkişafını müəyyən edib, o cümlədən Azərbaycanın 30 ildən çox davam edən bizim neft-qaz layihələrimiz necə imzalanıbsa, bu gün elə də icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir".
Əldə edilmiş uğurların davamlılığının təmin olunması sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini, sahibkarlara, xüsusilə də kiçik və orta sahibkarlara göstərilən texniki, maliyyə, hüquqi, metodiki və sair xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, keyfiyyət səviyyəsinin daha da artırılmasını zəruri edir, bu sahədə institusional yanaşmanı şərtləndirir.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda qarşıda duran ən başlıca məqsəd Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə çatdırmaqdır. Bu baxımdan ölkənin inkişafının hazırkı mərhələsində qarşıya qoyulmuş əsas hədəflər çoxşaxəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının davamlı olaraq yaxşılaşdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası olaraq ölkəmiz 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olmuşdur. Bu sərəncamın icrası üçün dövlət-özəl dialoqunun dərinləşməsi istiqamətində mühüm addımlar atılır. Həmin istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyasına daxil olan bütün müraciətlər aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi ilə koordinasiya edilir.
Son illər ölkəmizdə sahibkarlığın inkişafı ilə bağlı islahatları və görülən işləri saymaqla bitməz. Məhz bu islahatların uğurla aparılması bütün dövlət orqanlarının, xüsusən iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə İqtisadiyyat Nazirliyinin gərgin əməyi nəticəsində mümkün olmuşdur. Özündə minlərlə sahibkarlıq subyektini, o cümlədən 70-ə qədər assosiasiya və birlikləri birləşdirən Azərbaycan Sahibkarlar Konfederasiyası bu tədbirlərin uğurla həyata keçirilməsi istiqamətində öz qüvvə və imkanlarını səfərbər etmişdir.
Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün sosial əmək münasibətləri üzrə razılaşdırılmış mövqelərini və birgə fəaliyyətlərini müəyyən edən Baş Kollektiv Saziş imzalanmışdır. Konfederasiya Baş Kollektiv Sazişin tərəfdaşı kimi sosial dialoq məsələlərinə önəm verir, müvafiq dövlət qurumları, həmkarlar ittifaqları ilə əməkdaşlıq çərçivəsində ölkədə əmək münasibətlərinin tənzimlənməsində fəal iştirak edir. Belə ki, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloji təhlükəsizlik Azərbaycan hökuməti ilə əməkdaşlığın prioritet istiqamətlərindəndir.
Məlum olduğu kimi, Azərbaycan Sahibkarlar Konfederasiyası Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının üzvüdür. Həmin komissiyaya "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası həvalə olunmuş və ötən dövrdə aktiv əmək müqavilələrinin sayı xeyli artmışdır. Bütün bunlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan Sahibkarlar Konfederasiyası ilə birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur.
Vətən müharibəsində iştirak etmiş və fərqlənmiş gənclərimizin işlə təmin olunmaları Azərbaycan Sahibkarlar Konfederasiyasının qarşısında prioritet məsələ kimi durur. Konfederasiya üzv olan sahibkarlara bu sahədə məsləhətlər verir və hüquqi yardım göstərir.
Sahibkarların qarşılaşdığı məsələlərin operativ şəkildə həllinə nail olmaq üçün yaradılan əlverişli mexanizmlərdən biri də Əməkdaşlıq şuralarıdır. Hazırda konfederasiyanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Mərkəzi Bankı, Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq şuraları fəaliyyət göstərir. Bu şuralar sahibkarların qaldırdıqları məsələlərin həllində müstəsna rola malikdir və dövlət-özəl dialoqunun ən işlək mexanizmlərindən biridir.
Bütün bunlarla yanaşı, Azərbaycan Sahibkarlar Konfederasiyası mütəmadi olaraq beynəlxalq əlaqələr sahəsində işini təkmilləşdirir və müxtəlif beynəlxalq təşkilatlarla əlaqələr yaratmaq imkanlarından istifadə edir. Azərbaycan Sahibkarlar Konfederasiyası sahibkarlarla, dövlət orqanları ilə, yerli qurumlarla birgə fəaliyyəti ilə yanaşı, bir çox ölkənin sahibkarlıq təşkilatları, xarici ölkələrin Azərbaycandakı və Azərbaycanın xaricdəki səfirlikləri, Dünya Bankı, Avropa İttifaqının komissiya və təşkilatları və digər beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq edərək yerli iş adamlarına Azərbaycanda və ölkə hüdudlarından kənarda tərəfdaşlar tapmaqda və investisiya qoyulmasında kömək göstərir.
Ölkəmizin rəqabətqabiliyyətli məhsullarının ixracının təşviq edilməsi məqsədilə hazırda Azərbaycanın xarici ölkələrdə 12 Ticarət evi fəaliyyət göstərir. Azərbaycanın xaricdə fəaliyyət göstərən ticarət nümayəndəlikləri sayəsində ölkənin qeyri-neft məhsullarının ixracının genişləndirilməsi sürətlə davam edir və qeyri-neft ixracının potensialı yüksək səviyyədə reallaşdırılır. Ticarət evlərində daimi fəaliyyət göstərən sərgilərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar nümayiş olunur.
Konfederasiya həmçinin Beynəlxalq Əmək Təşkilatı, Türk Ticarət və Sənaye Palatası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqresi və digər təşkilatlarda yüksək səviyyədə ölkəmizi təmsil edir.
Konfederasiya hazırda qeyri-neft sektorunun inkişafı istiqamətində ölkənin özəl sektorunda sağlam qüvvələrin birləşməsi əsasında öz işini qurur, sahibkarlara göstərilən xidmətlərin əhatə dairəsini genişləndirir, günün tələblərinə cavab verən mövzular üzrə treninqlər, seminarlar, konfranslar keçirir, sahibkarların hüquq və vəzifələrinin qorunması istiqamətində mütəmadi olaraq iş aparır. Bundan əlavə, dövlət və özəl sektorda şəffaflığın, uçot və hesabatlılığın müasir tələblərə uyğun təşkil olunması məqsədilə hər il İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin dəstəyi ilə sahibkarlıq subyektlərində çalışan mütəxəssislər üçün birgə tədbirlər keçirilir. Həmçinin Dövlət Gömrük Komitəsi ilə Azərbaycan Sahibkarlar Konfederasiyası arasında Əməkdaşlıq Şurası yaradılmış və şura üzvləri ilə birlikdə sahibkarlara dəstək məqsədilə müxtəlif tədbirlər həyata keçirilir ki, bu da sahibkarlar tərəfindən aparılan idxal-ixrac əməliyyatlarının sadələşdirilməsinə, operativliyin təmin olunmasına xidmət edir. Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq çərçivəsində bu ilin dekabr ayında ikinci gömrük forumunun keçirilməsi planlaşdırılır. Azərbaycan Sahibkarlar Konfederasiyası Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə də əməkdaşlığı davam etdirərək birgə tədbirlərin həyata keçirilməsində yaxından iştirak edir.
Ölkədə həyata keçirilən qeyri-neft sektorunun inkişaf konsepsiyasında ilk növbədə hüquqi və fiziki şəxslərin qismində sahibkarların fəal iştirakına geniş meydan verilməsi, sahibkarlıq subyektlərinə dövlət tərəfindən güzəştli kreditlər şəklində verilən maddi dəstəyin ilbəil artırılması və çoxsaylı digər tədbirlər Prezident İlham Əliyevin bu sahəyə diqqətini təsdiqləyən faktların yalnız az bir hissəsidir. Sahibkarlarımız da öz müəssisələrini müasir tələblərə uyğun qurmalı, ixrac bazarlarında rəqabətqabiliyyətli məhsullar istehsal etməli, xarici bazarlarda mövcud olan geniş imkanlardan faydalanmaq məqsədilə peşəkarlıqlarını artırmalı, ixrac menecerləri cəlb etməlidirlər.
Azərbaycan Sahibkarlar Konfederasiyası ölkə sahibkarlarını təmsil edən bir təşkilat olaraq həm əldə etdiyimiz uğurları dəyərləndirir, həm də müasir çağırışları dərindən təhlil edir, bununla bağlı silsilə və ardıcıl tədbirlər həyata keçirir. Bu, istər qanunvericilik aktlarının təkmilləşdirilməsi, istər sahibkarlıq subyektlərinin problemlərinin öyrənilib əlaqədar təşkilatlar tərəfindən onların həllinə nail olunması, istərsə də sahibkarların maarifləndirilməsi işinin daha da dərinləşdirilməsi ilə bağlıdır.
Konfederasiya Azərbaycan iqtisadiyyatının inkşafında sahibkarlığın rolunun qorunub saxlanmasında və inkişaf etdirilməsində genişmiqyaşlı işlər aparır. Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar. Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirməlidirlər.
Biz Sahibkarlar Konfederasiyası olaraq Azərbaycanda fəaliyyət göstərən bütün sahibkarları bu əlamətdar gün - Sahibkarlar Günü münasibətilə təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanıram ki, bütün sahibkarlarımız Prezident İlham Əliyevin ətrafinda sıx birləşərək dövlətimizin yaratdığı bu imkanlardan istifadə edərək rəqabətədavamlı istehsal potensialının artırılması məqsədilə öhdələrinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, yaradılan əlverişli şəraitdən səmərəli şəkildə istifadə edərək ölkəmizin, o cümlədən işğaldan azad olunmuş torpaqlarımızın daha da çiçəklənməsi, əhalinin rifah halının yaxşılaşdırılması üçün bütün qüvvələrini səfərbər edəcəklər.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti