ain.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Latviya Prezidenti Edqars Rinkeviçs bu həftə Azərbaycanda səfərdə oldu. Bu səfər iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərdi.
Modern.az saytı Latviya-Azərbaycan münasibətlərinin aktuallaşdığı bir vaxtda latviyalı deputat, milliyətcə azərbaycanlı Alim Səlimova bir sıra sual ünvanlayıb.
Latviya parlamentinin azərbaycanlı deputatı ilə müsahibəni təqdim edirik:
- Latviyada yaşayan azərbaycanlılar təxminən nə qədər olar?
- Son statistikaya əsasən, Latviyada yaşayan azərbaycanlıların sayı hazırda 2200 nəfər təşkil edir ki, onlardan da 1100 nəfəri Latviya vətəndaşıdır. 964 nəfərin isə müvəqqəti yaşama icazəsi var. Onların arasından 500 nəfəri tələbələrdir. Digərləri isə işgüzar adamlardır.
- Azərbaycanlılar əsasən hansı sahələrdə çalışırlar?
- Azərbaycanlılar arasında biznesmenlər çoxdur. Meyvə-tərəvəz mağazalarında, tikintidə gəlib çalışırlar. Az da olsa, incəsənət insanları, müəllimlər, informasiya texnologiyaları (İT) mütəxəssisləri də var.
- Latviyada təhsil alan tələbələrdən neçəsi təhsilini bitirərək orada qalıb çalışır?
- Latviyada 500-ə yaxın azərbaycanlı tələbə oxuyur. Tələbələrdən çox azı təhsilini başa vurduqdan sonra Latviyada qalır. Çoxu Almaniya, Fransa kimi digər ölkələrdə gedib təhsillərini davam etdirirlər.
- Latviyalıların azərbaycanlılara baxışı necədir?
- Diplomatik baxımdan münasibətlərimiz çox yaxşıdır. Kənd təsərrüfatı naziri, prezident Edqars Rinkeviçs Bakıda səfərdə olublar. Bundan əvvəl Azərbaycanla dostluq qrupunun üzvlərini burada qarşılamışıq. Bizim azərbaycanlı həmkarlarla münasibətlərimiz əladır. Parlamentin deputatı kimi diplomatk və siyasi münasibətlərimizin müsbət səviyyədə olduğunu təsdiqləyə bilərəm. Latışların azərbaycanlılara münasibətlərinə gəldikdə, onlar azərbaycanlılar latış dilində danışanda çox sevinirlər. Bizim ümumi tariximiz var, sovet dövründə bir yerdə olmuşuq, mədəniyyətlərimiz oxşardır. Latışlar və burada ümumi əhalinin 30%-ni təşkil edən ruslar bizə pis baxımırlar. Münasibətlərimiz yaxşıdır.
- Latviya prezidenti cənab Edqars Rinkeviçsin Azərbaycana səfərindən sonra münasibətlərin necə inkişaf edəcəyini düşünürsünüz?
- Biz çox sahələrdə əməkdaşlıq edə bilərik. Buna misal kimi müdafiə sahəsini göstərmək olar. Çünki Azərbaycanın İkinci Qarabağ Müharibəsindən sonra dron və digər silahlarla bağlı çox böyük və gözəl təcrübəsi var. Müəyyən məhsulların qarşılıqlı alış-satışı, Latviya üzərindən ixrac baş tuta bilər. Azərbaycan öz qazını Avropaya sata bilər. Avropanın xeyli qaz tələbi var. Ən vacib məsələ miqrasiya ilə əlaqədardır. Latviya Azərbaycan üçün miqrasiya şərtlərini yüngülləşdirə bilməz. Çünki biz Avropa İttifaqının üzvüyük. Bizim müvəqqəti yaşamaq üçün icazə verdiyimiz şəxs avtomatik 27 ölkəyə açılır. Lakin Latviyanın buna istəyi var. Çünki bizdə işçi qüvvəsi çatışmır. Demoqrafik vəziyyət neqativdir. Hardasa, 26 min şəxs dünyasını dəyişir, amma doğulanların sayı 13 mindir. Deməli, hər il əhali sayında 13 min minusdur. Amma ondan əlavə 18 min nəfər Latviyanı tərk edib, başqa ölkələrdə yaşayır, işləyirlər. Ümumi saysaq, hər il əhalimizin sayı 33 min nəfər azalıb. Və buna görə də, Latviyanın insan resurslarında çatışmazlığı var. Bizə çox vacibdir ki, Azərbaycanla çox yaxşı münasibətlər quraq. Azərbaycanlılar ölkəmizə gəlib kafe-restoranlarda aşpaz, xadimə, tikintidə fəhlə, sürücü işləyə bilərlər. Bu sahələrdə iş çoxdur.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.