EN

Rusiya Naxçıvana gedən dəmir yolu üçün 250 milyon istəyir?

“Ermənistan dəmir yollarının idarə olunmasını almaq istəyən potensial alıcı ən azı 250 milyon dollar ödəməli olacaq”.

Musavat.com xəbər verir bu ilkin hesablamanı jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov təqdim edib.

Şevtsovun sözlərinə görə, bununla yanaşı, hər il təxminən 40 milyon dollar istismar xərclərinə sərf olunmalıdır. Bundan əlavə dəmir yolun İcevan sahəsinin bərpasına təxminən 400 milyon, Vanadzor–Fioletovo xəttinin bərpası üçün 200 milyon dollar lazım gələcək. Həmçinin Türkiyə və Naxçıvan Muxtar Respublikası ilə sərhəd istiqamətlərində yolların bərpasına da daha 40 milyon dollar investisiya yatırılmalıdır.
O vurğulayıb ki, hazırkı müqavilə Rusiya tərəfi ilə Ermənistan üçün mümkün qədər əlverişli şərtlərlə bağlanıb. Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə yükdaşımaların həcmi mütləq azalacaq. Şevtsov əlavə edib ki, nəticələr gözləniləndən də ağır ola və Ermənistanın ittifaqdan ayrılması sosial-iqtisadi baxımdan daha böyük itkilərlə nəticələnə bilər.

Yada salaq ki, bir müddətv əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan “Cənubi Qafqaz Dəmir Yolları” QSC-nin (Rusiya Dəmir Yollarının törəmə şirkəti) idarəçiliyi guya ölkə üçün qeyri-rəqabət yaradıldığını demiş və idarəçiliyin üçüncü ölkəyə verilməsini təklif etmişdi. O, idarəetmənin Qazaxıstan, BƏƏ və ya Qətər kimi “Ermənistana dost ölkələrə” satıla biləcəyini bildirib. Paşinyan hətta konkretləşdirərək Rusiya tərəfinin razı olacağı təqdirdə, dəmir yollarının idarəsinin Qazaxıstan şirkətinə verilməsinə İrəvanın etiraz etədiyini demişdi. Öz növbəsində Rusiyanın nəqliyyat naziri Andrey Nikitin isə belə bir ötürmə ilə bağlı danışıqlar aparılmadığını bildirib.

Picture

Rusiyanın baş nazir müavini Aleksey Overçuk Moskvada erməni nümayəndə heyəti ilə görüşdən sonra bildirib ki, “Cənubi Qafqaz Dəmir Yolları” şirkətini üçüncü tərəfə satılması üçün heç bir obyektiv səbəb yoxdur.

Ermənistan dəmir yolları ətrafında yaranan müzakirələr əslində sırf iqtisadi deyil, daha çox siyasi və geoiqtisadi mahiyyət daşıyır. Mövzuya bu prizmadan baxanda görünür ki, İrəvanın mövqeyi ilə Moskvanın yanaşması arasında ciddi fərq var. Bir tərəfdən, Nikol Paşinyan hökuməti dəmir yollarının idarəçiliyini üçüncü tərəflərə açmaqla həm alternativ tərəfdaşlar qazanmaq, həm də Rusiyadan asılılığı azaltmaq istəyir. Digər tərəfdən isə Moskva bu addımı iqtisadi baxımdan əsassız və riskli sayır. Aleksey Şevtsov tərəfindən səsləndirilən rəqəmlər də göstərir ki, söhbət sadəcə idarəetmənin dəyişməsindən yox, yüz milyonlarla dollarlıq yeni investisiya razılaşmasından gedir.

Əsas məsələ ondadır ki, Ermənistanın dəmir yolu infrastrukturu uzun illərdir ciddi investisiya çatışmazlığından əziyyət çəkir. Bu şəraitdə yeni operatorun tapılması problemi həll etmir, əksinə, böyük maliyyə öhdəlikləri yaradır. Üstəlik, İcevan və Vanadzor istiqamətləri kimi strateji xətlərin bərpası üçün tələb olunan vəsaitlər layihənin kommersiya cəlbediciliyini sual altına qoyur.

Digər kritik məqam Ermənistanın Avrasiya İqtisadi İttifaqı ilə bağlı gələcək kursudur. Əgər İrəvan bu platformadan uzaqlaşarsa, yükdaşımaların azalması qaçılmaz görünür. Bu isə dəmir yollarının iqtisadi səmərəliliyini daha da zəiflədə bilər. Yəni yeni investor üçün risklər təkcə texniki yox, həm də bazar həcmi ilə bağlıdır.

Picture

Yəni Paşinyanın irəli sürdüyü ideya daha çox siyasi manevr təsiri bağışlayır. Praktik müstəvidə isə bu təşəbbüs ya Moskva ilə danışıqlarda təzyiq aləti rolunu oynayır, ya da Ermənistanın xarici iqtisadi kursunda dönüş siqnalıdır. Hər iki halda aydın olan budur: bu qərarın qiyməti kifayət qədər yüksəkdir və yanlış hesablanarsa, Ermənistan üçün əlavə iqtisadi problemlər yarada bilər.

Musavat.com

Chosen
56
3
musavat.com

4Sources