EN

Kamran İmanov: Süni intellektin əqli mülkiyyət subyekti olması haqqında danışmaq hələ tezdir

Bakı, 24 aprel, AZƏRTAC

Əqli mülkiyyət bir tərəfdən biliklərin xammalı, digər tərəfdən biliklərin məhsuludur. Ona görə biz düzgün başa düşməliyik, süni intellekt hazırda insana yaradıcılıq yollarında necə yardım edir. Lakin süni intellekt özü də məhsul yaradır, məsələn, mahnılar, şeirlər də yazır. Bunlara generativ süni intellekt deyilir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov söyləyib.

Kamran İmanov bildirib ki, bu günə qədər dünyada süni intellekt tərəfindən yaradılan məhsul tək onun adından qeydə alına bilmir: “Çünki qeydə almaq o deməkdir ki, süni intellekt insan imkanlarına bərabərdir. Amma bu, belə deyil. Qeydə almaq üçün süni intellektlə birgə işləyən şəxs öz adını qeyd etməli, süni intellektin yardımını göstərməlidir, o zaman bu, qəbul olunur. Tutaq ki, hər hansı dövlət süni intellekti müəllif kimi qeydə almaq qərarına gəlib. Lakin bu da mümkün deyil. Çünki dövlətlər əqli mülkiyyət sahəsində çoxtərəfli müqavilələrlə bağlıdır, məsələn, sənaye mülkiyyəti, patentlə bağlı Paris Konvensiyası, müəlliflik hüququ ilə bağlı Bern Konvensiyası mövcuddur. Yəni, bir dəyişiklik olarsa, bu, bütün ittifaqlara aid olub yenilənməlidir.

Kimə əqli mülkiyyət hüququ verilir? Bu hüquq müəlliflərə, hüquqi şəxslərə verilə bilər. Çünki hüquqların bir incəliyi var. Verilən hüquqlara görə, səlahiyyətdən savayı, vəzifələr də mövcuddur. Tutuq ki, süni intellektin idarə etdiyi maşın qəzaya düşdü, insanlar üçün bədbəxt hadisə baş verdi. Cavabdeh kim olacaq? Hazırda süni intellektin əqli mülkiyyət subyekti olmaq haqqında danışmaq hələlik tezdir. Azı 20-30 il lazımdır ki, bu məsələ öz yerini tapsın”.

Müxbir- Gözəl Ağayeva
Fotoqraf – Aydın Məmmədov
Operator – Şövqi Əzizov
Chosen
3
2
azertag.az

3Sources