Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 15-də keçirilmiş növbəti buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 9 nəfər 300 bal toplayaraq ən yüksək nəticəni göstərib.
Nəticələrin açıqlanmasından sonra martın 9-da keçirilən imtahanların çətinliyi məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Belə ki, həmin tarixdə keçirilən imtahanda cəmi 2 abituriyent maksimal nəticə əldə etmişdi. İmtahandan sonra valideynlər və təhsil ekspertləri martın 9-da keçirilən imtahanın daha çətin olduğunu iddia edirlər. Bəs bu iddialar nə dərəcədə əsaslıdır? İmtahan sualları bir-birindən bu qədər fərqlənə bilərmi?
Mövzu ilə bağlı Pravda.az təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndinin fikirlərini öyrənib.

E.Əfəndi bildirib ki, buraxılış imtahanının çətinliyini yalnız maksimal bal toplayan abituriyentlərin sayına əsasən qiymətləndirmək düzgün yanaşma deyil: “Martın 15-də keçirilən imtahanda 58 mindən çox şagird iştirak edib və onların 9-u ən yüksək nəticə göstərib. Martın 9-da keçirilən imtahanda isə 62 mindən çox iştirakçı olub. Onların təxminən 4 min nəfəri Naxçıvan Muxtar Respublikasından idi. Regiondakı vəziyyətlə əlaqədar həmin imtahanlar təxirə salınaraq aprelin 19-da keçirildi. Bu səbəbdən imtahanda iştirakçıların sayı təxminən eyniləşdi. Hər iki imtahan üzrə ümumilikdə 11 nəfər maksimal bal toplayıb”.
Mütəxəssisin sözlərinə görə, mövcud göstəricilər imtahanların çətin olduğunu deməyə əsas vermir: “Hazırda müzakirələrdə imtahan suallarının çətin və ya asan olması ön plana çəkilir, lakin bu yanaşma kökündən yanlışdır. Bizim üçün əsas meyar iştirakçı sayı və median nəticədir. İştirakçıların maksimal toplaya biləcəyi bal 300-dür. Ümumi orta göstərici 100 baldan yuxarıdırsa, bu, ötən illərlə müqayisə edilərək qiymətləndirilir. Bu il hər iki imtahanda yüksək nəticə göstərən abituriyentlərin sayı kifayət qədərdir. Həm birinci, həm də ikinci imtahanda 200 baldan yuxarı nəticə göstərən çoxlu sayda abituriyent var. Ümumilikdə 116 min abituriyentdən təxminən 70–80 mini 200 baldan yuxarı nəticə əldə edibsə, bu, çox yaxşı göstəricidir”.
O əlavə edib ki, yekun qiymətləndirmə üçün rəsmi statistik göstəricilərə baxmaq lazımdır: “Mənim fikrimcə, bu il nəticələr daha yaxşıdır. Builki abituriyentlər daha hazırlıqlı idi və nəticələr də ötən illə müqayisədə daha yüksəkdir. Ən doğru məlumatı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadə yaxın zamanda ictimaiyyətə təqdim edəcək. Median göstəricilər açıqlanacaq. Əgər builki nəticələr ötən ilin göstəricilərini üstələyərsə, deməli, ümumi nəticələr daha yaxşıdır”.
Aygün İbrahimli