EN

Vaşinqton NATO-da cəza planı hazırlayır

ABŞ administrasiyasında İran məsələsində dəstək verməyən NATO müttəfiqlərinə qarşı sanksiya xarakterli addımlar müzakirə olunur.

Musavat.com xəbər verir ki, İspaniya ABŞ-nin İrana qarşı mümkün hərbi əməliyyatlarında yardım göstərməkdən imtina etdiyinə görə Vaşinqtonun ən ciddi narazılığına səbəb olub.

Madridin ABŞ qüvvələrinə öz aviabazalarından və hava məkanından istifadə icazəsi vermədiyi bildirilir.

Məlumata əsasən, ABŞ administrasiyasında “pis müttəfiqlər”ə qarşı hansı tədbirlərin görülə biləcəyi ilə bağlı daxili müzakirələr başlanıb.

“Reuters”ə danışan amerikalı rəsmilərdən biri bildirib ki, Pentaqon daxilində yayılan elektron məktubda bir sıra NATO ölkələrinə qarşı mümkün cəza variantları ətraflı göstərilib.

Həmin sənəddə bəzi müttəfiqlərin ABŞ-yə hava məkanı və hərbi bazalarını açmaq istəməməsindən narazılıq ifadə olunur. Müzakirə edilən variantlardan biri “problemli ölkələr”in NATO daxilində mühüm və nüfuzlu vəzifələrdən uzaqlaşdırılmasıdır. Bu tədbirin ilk növbədə İspaniyaya qarşı tətbiq oluna biləcəyi qeyd edilir.

Mənbələrin sözlərinə görə, İspaniyanın üzvlüyünün faktiki şəkildə dondurulması ABŞ-nin hərbi əməliyyatlarına böyük təsir göstərməsə də, ciddi siyasi və simvolik mesaj sayılacaq.

Məlumatda həmçinin Böyük Britaniyanın da Vaşinqtonun gözlədiyi qədər qətiyyətli dəstək göstərmədiyi üçün narazılıq doğurduğu vurğulanır. Bu isə alyans daxilində yeni gərginlik dalğasının yarana biləcəyini göstərir.

Musavat.com 

Chosen
54
musavat.com

1Sources