EN

İrəvandan gecikmiş etiraf: enerji düyünü Bakıda açılır

Yunanıstanda keçirilən Delfi İqtisadi Forumunda səslənən fikirlər regionda formalaşan yeni geosiyasi və iqtisadi reallıqları açıq şəkildə ortaya qoydu.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın etirafına görə, Ermənistanda yanacağın qiyməti, məsələn, ötən ilin oktyabr ayındakı səviyyə ilə bərabərləşib. Beləliklə, Hörmüz boğazının blokadası ilə yaranan böhranın təsiri maksimum dərəcədə azaldılıb, çünki Azərbaycandan neft məhsulları tədarük olunur. Burada əsas məqam erməni nümayəndəsinin bu fikirləri adi, gündəlik tonla səsləndirməsidir: hələ yaxın keçmişdə öz kimliyini Azərbaycanla qarşıdurma üzərində quran ölkə indi açıq şəkildə etiraf edir ki, onun yanacaq bazarı müəyyən mənada Azərbaycan ixracından asılıdır. Qriqoryan bu sözləri İrəvanın iki xarici müharibənin nəticələri ilə necə mübarizə apardığı barədə suala cavab verərkən deyib. Bir neçə il əvvəl rəsmi İrəvandan bu məzmunda etiraf eşitmək çətin olardısa, indi artıq enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolunun açıq şəkildə vurğulanması yeni mərhələnin başladığını göstərir.

Əslində, Qriqoryanın dedikləri regional enerji balansının mahiyyətini ifadə edir. Ermənistan uzun illər ərzində enerji təminatını əsasən iki istiqamət -Rusiya və İran üzərində qurmuşdu. Lakin son illərdə baş verən hadisələr bu modelin dayanıqsız olduğunu üzə çıxardı. Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın enerji resurslarına daxili tələbatının artması və infrastrukturunun hədəfə alınması, eyni zamanda İrana qarşı sanksiyalar və regional gərginliklər Ermənistan üçün real risklər yaratdı. Bu isə alternativ mənbələrin zəruriliyini qaçılmaz etdi.

Məhz bu boşluqda Azərbaycanın rolu ön plana çıxmağa başladı. Bakı yalnız enerji istehsalçısı kimi deyil, həm də etibarlı və çevik təchizatçı kimi çıxış edir. Ən diqqətçəkən məqam isə odur ki, bu əməkdaşlıq siyasi şərtlərdən daha çox iqtisadi məntiqlə formalaşır. Yəni Azərbaycan öz enerji imkanlarını təzyiq alətinə çevirmədən, bazar prinsiplərinə uyğun şəkildə təqdim edir. Bu yanaşma isə regionda etimad mühitinin formalaşmasına xidmət edir.

Digər tərəfdən, 2025-ci ildə Vaşinqtonda əldə olunan razılaşmalar da bu prosesin sürətlənməsində mühüm rol oynayıb. Sülh gündəliyinin yalnız siyasi bəyanatlarla məhdudlaşmaması, real iqtisadi addımlarla müşayiət olunması yeni situasiya yaradıb. Azərbaycanın öz ərazisindən Ermənistan üçün tranzit imkanları açması, müxtəlif məhsulların, o cümlədən enerji daşıyıcılarının ötürülməsi bu siyasətin praktik təzahürüdür.

Tramppppppp.jpg

Qlobal kontekst də bu prosesi daha aydın göstərir. Hörmüz boğazı ətrafında yaranan gərginlik, Yaxın Şərqdəki qarşıdurmalar və enerji marşrutlarına təhdidlər fonunda sabit təchizat zənciri xüsusi əhəmiyyət kəsb edir. Ermənistan üçün Azərbaycan mənbəyinin meydana çıxması təkcə alternativ deyil, həm də risklərin sığortalanması deməkdir. Bu baxımdan, yanacaq qiymətlərinin Ermənistanda sabit qalması sırf iqtisadi göstərici yox, həm də geosiyasi faktorların nəticəsidir.

Region daxilində paralellər də maraqlıdır. Gürcüstan uzun illərdir Azərbaycanın enerji resurslarından geniş şəkildə istifadə edir və bunun iqtisadi faydasını görür. Ermənistan isə bu imkanlardan kənarda qalmışdı. İndi isə vəziyyət dəyişir və İrəvanda da eyni modelə inteqrasiya olunmağa başlayır. Bu, bütövlükdə Cənubi Qafqazda iqtisadi inteqrasiyanın dərinləşməsi deməkdir. Azərbaycan bu prosesdə mərkəzi rol oynayaraq regionda sabitliyin əsas dayaqlarından birinə çevrilir.

akif-nesirli.jpeg

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Musavat.com-a açıqlamasında bildirib ki, hazırda Azərbaycanın Ermənistana etdiyi ixrac daha çox sınaq xarakteri daşıyır. Yəni bu proses hələ tam formalaşmayıb, lakin gələcəkdə daha geniş miqyas ala bilər:

"Azərbaycan, əslində, Ermənistana daha çox həcmdə neft məhsulları ixrac etmək potensialına malikdir. Əgər bu iqtisadi əlaqələr davamlı xarakter alarsa, gələcəkdə iki ölkə arasında yeni ticarət marşrutları da formalaşa bilər. Hazırda Azərbaycan məhsulları Ermənistana əsasən Gürcüstan üzərindən çatdırılır. Bu isə əlavə logistika xərcləri yaradır. Birbaşa marşrut açılarsa, xərclər azalacaq və bu, xüsusilə Ermənistan üçün daha sərfəli olacaq.
Ümumilikdə, bu əməkdaşlıq hər iki tərəf üçün faydalıdır. Ermənistan üçün üstünlük ondan ibarətdir ki, daha ucuz və yaxın mənbədən enerji əldə edir. Azərbaycan üçün isə bu, yeni bazar deməkdir və ixracın şaxələndirilməsinə xidmət edir. Yəni ölkə təkcə xam neft deyil, eyni zamanda emal olunmuş neft məhsullarının satışını da artırmaq istiqamətində addımlar atır.

Hazırda Ermənistan neft məhsullarını əsasən Rusiya və İrandan alır. Lakin bu ölkələrdən tədarük məsafə baxımından daha uzaqdır və bu da qiymətə təsir edir. Azərbaycan isə coğrafi baxımdan daha yaxın olduğu üçün həm qiymət, həm də logistika baxımından daha əlverişli alternativdir".

Ekspert vurğulayır ki, bu əməkdaşlığın tam inkişaf etməsi üçün əsas şərt sülh müqaviləsinin imzalanması və iki ölkə arasında münasibətlərin normallaşmasıdır:

"Əgər bu baş verərsə, Azərbaycan gələcəkdə Ermənistanın enerji bazarında əsas təchizatçılardan birinə, hətta birincisinə çevrilə bilər. Bu, hər iki ölkə üçün qazancdır, amma xüsusilə Ermənistan üçün daha böyük iqtisadi fayda vəd edir. Çünki logistika xərclərinin azalması qiymətlərə birbaşa təsir edəcək. Qeyd olunur ki, son 30 ildə Ermənistan bu imkanlardan öz siyasəti səbəbindən kənarda qalıb.

Əgər regionda münaqişə olmasaydı, bu gün daha böyük enerji layihələri Ermənistan ərazisindən keçə bilərdi. Məsələn, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin alternativ marşrutları vaxtilə Ermənistan üzərindən müzakirə olunub. Lakin razılıq əldə olunmadığı üçün bu layihələr başqa istiqamətlər üzrə reallaşdırılıb.

Hazırda həmin imkanlar böyük ölçüdə itirilib. Bununla belə, Ermənistan yenə də regional əməkdaşlıq hesabına daha ucuz enerji əldə etmək şansına malikdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
13
2
olaylar.az

3Sources