EN

TƏCİLİ! Əli Əsədovu o əvəzləyə bilər

Azərbaycanın siyasi kuluarlarında və kadr islahatları strategiyasında son günlər müşahidə olunan hərəkətlilik sadəcə bürokratik rotasiya təsiri bağışlamır. Ölkənin idarəetmə sükanı arxasında əyləşən fiqurların fəaliyyəti, onlara verilən səlahiyyətlərin miqyası və ictimai rəydə formalaşan obrazlar yaxın gələcəkdə ciddi struktur dəyişikliklərindən xəbər verir.

NOCOMMENT.az xəbər verir ki, son dövrlər ən çox müzakirə olunan məsələlərdən biri hökumətin iqtisadi və maliyyə sütunlarının memarı kimi tanınan Baş nazirin müavini Samir Şərifovun dövlət idarəçiliyindəki çəkisinin sürətlə artmasıdır. Bu artım fonunda isə cəmiyyətdə və mediada bir sual daha gur səslənir: Azərbaycanın növbəti Baş naziri kim olacaq?

Samir

Məsələnin aktuallaşması heç də təsadüfi deyil. Son günlər mövcud Baş nazir Əli Əsədovun adı ətrafında yaranan informasiya dalğası, xüsusilə onun “biznes imperiyası” və tikinti sahəsindəki geniş kommersiya maraqları ilə bağlı yayılan iddialar hökumətin rəhbər heyətinə münasibəti yenidən gündəmə gətirib. Prezident İlham Əliyevin məmur obrazı, təvazökarlıq və dövlət maraqlarının hər şeydən üstün tutulması ilə bağlı kəskin xəbərdarlıqları fonunda, biznes maraqları ilə adı hallanan yüksək rütbəli şəxslərin mövqelərinin zəifləməsi qaçılmaz görünür. Belə bir mənzərədə isə sistemin “təmiz” və “peşəkar texnokrat” ehtiyacı məhz Samir Şərifov simasında təcəlli edir. Uzun illər ölkənin ən çətin maliyyə dövrlərində büdcə intizamını qoruyan, beynəlxalq maliyyə dairələrində böyük nüfuza malik olan Şərifovun profilinin daha çox qabardılması təsadüfi sayıla bilməz.

Samir Şərifovun fəaliyyət trayektoriyasına nəzər saldıqda görürük ki, o, sadəcə maliyyəçi deyil, həm də dövlətin ən kritik strateji layihələrində ön plandadır. Beynəlxalq tədbirlərin təşkilindən tutmuş, strateji iqtisadi tərəfdaşlıqlara qədər geniş bir sahəni kurasiya edən Baş nazirin müavini faktiki olaraq “baş nazir ambisiyasına” və potensialına malik olan yeganə fiqur kimi görünür.

Əli Əsədovla bağlı yayılan neqativ xəbərlər və iqtisadi idarəetmədəki bəzi ləngimələr fonunda Şərifovun “operativ idarəetmə rejiminə” keçməsi, onun xələf yox, məhz ən güclü alternativ olduğunu sübut edir. Hakimiyyətin yuxarı eşalonunda gedən bu “səssiz keçid” hazırlığı, dövlət idarəçiliyində daha dinamik və biznes maraqlarından uzaq bir komandanın formalaşdırılması məqsədi daşıyır.

Görünən odur ki, Azərbaycanın siyasi gündəmində kartlar artıq paylanıb və oyunun ən əhəmiyyətli fiquru məhz Samir Şərifovdur. Əli Əsədovun rəhbərlik etdiyi hökumətin cari çağırışlara cavab verməkdə çətinlik çəkdiyi və adının şəffaflıqla bağlı məsələlərdə hallandığı bir dövrdə, Şərifovun ulduzunun parlaması ölkənin gələcək idarəetmə modelinin anonsudur. Siyasi ekspertlərin fikrincə, yaxın vaxtlarda baş verəcək kadr islahatları Azərbaycanın icraedici hakimiyyətində “Şərifov erası”nın başlanğıcı ola bilər. Beləliklə, köhnə üsullarla işləyən və biznes maraqlarına bulaşan məmur obrazı tarixə qovuşarkən, yerini beynəlxalq səviyyəli texnokratlara verir.

Əli Səfərli,
NOCOMMENT.az

Chosen
23
2
nocomment.az

3Sources