Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 aprel 1915-ci il hadisələri ilə bağlı Türkiyədə yaşayan ermənilərə müraciət ünvanlayıb.
Redaktor.az xəbər verir ki, Ərdoğan Birinci Dünya Müharibəsinin çətin şəraitində həlak olan Osmanlı ermənilərinin xatirəsini ehtiramla yad etdiyini və onların yaxınlarına başsağlığı verdiyini qeyd edib.
Qeyd olunub ki, prezident əvvəlki illərdə olduğu kimi, Anadolu coğrafiyasında Osmanlı İmperiyasının bütün xalqlarının ağır itkilər verdiyini, o cümlədən ermənilərin də bu çətinliklərdən təsirləndiyini vurğulayıb.
Məlumata görə, İstanbuldakı erməni kilsəsində keçirilən mərasimdə oxunan bəyanatda sülh, harmoniya və qardaşlıq prinsipləri əsasında bütün vətəndaşlarla birlikdə gələcəyə doğru addımlanmasının vacibliyi qeyd olunub.
Açıqlamada Konstantinopol erməni patriarxı Sahak Maşalyanın da çıxış edərək xalqlar arasında düşmənçiliyin davam etdirilə bilməyəcəyini, dialoq və birgəyaşayışın vacibliyini vurğuladığı bildirilib.
Qeyd olunub ki, o, bölgədə tarixən müxtəlif xalqların yanaşı yaşadığını və bu birgəyaşayışın qorunmasının mühüm əhəmiyyət daşıdığını deyib.
Aminə ŞAHSUVARQIZI
Başlıq: Ərdoğandan 24 aprel mesajı: “Sülh və birgəyaşayış vacibdir”