Bakı, 24 aprel, AZƏRTAC
Bolqarıstan ilə Azərbaycan arasında enerji əməkdaşlığı təkcə iki ölkə deyil, həm də Balkan regionu və bütövlükdə Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir.
Bu barədə AZƏRTAC-ın saytında yayımlanan “Azərbaycan və dünya” proqramının son buraxılışında beynəlxalq münasibətlər üzrə bolqarıstanlı ekspert Stanislav Baçev bildirib.
Onun sözlərinə görə, Azərbaycan neft və qaz da daxil olmaqla, bütün enerji resurslarının etibarlı təchizatçısıdır və Avropaya sabit tədarükün təmin edilməsində mühüm rol oynayır. Öz növbəsində, Bolqarıstan da regionda əsas tranzit və paylama mərkəzi kimi xidmət edə bilər.
“Enerji əməkdaşlığı müxtəlif marşrutlar və təchizat mexanizmləri vasitəsilə, eləcə də hər iki ölkənin şirkətlərinin iştirakı ilə inkişaf etdirilə bilər”, - deyə ekspert vurğulayıb. O əlavə edib ki, enerji tərəfdaşlığı regional sabitlik və iqtisadi dayanıqlılıq üçün ən vacib amillərdən birinə çevrilir.
Müəllif - Tamilla Məmmədova