EN

Vətən ayələri Rafael Hüseynov yazır

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Rafael HÜSEYNOVAkademik

Böyük dinlərin kitabları başdan-başa ibrətli, öyüdlü, dəlilli, əlamətli ayələrdən hörülüb. Millətin Tale Kitabının da öz hekayətləri, öz ayələri var və səmavi kitablardan fərqli olaraq, Millətin Kitabları gərək hər gün yazıla, çox yazıla, çox oxuna, hər yeni zamana görə də yeni-yeni ayələrlə bəzənə.

İTKİN SÖZ, İTMƏYƏN DƏYƏR VƏ ÇALOVDA OTURMUŞ MEMAR

Zamanında o restoran Sahil bağının ən cazibəli istirahət məkanlarından olub.

Tələbə vaxtı, 1970-ci illərdə biz də ora tez-tez gedərdik, yaxşı balıq kababı verərdilər.

Əslində elə indi də "Mirvari" ilk dəfə görənlərin diqqətini gendən dərhal çəkir.

1962-ci ildə isə Dənizkənarı bulvarda birinci müştərilərini qəbul eləyən "Mirvari" restoranı nəinki həmin ətrafda, ümumən, Bakıda öz memarlıq həllinin orijinallığı, yeniliyi, sovet inşaatının basmaqəlib çərçivəsindən kəskin şəkildə kənara çıxması ilə seçilən nadir tikililərdən idi.

Söylənənlərə görə, uzun illər Bakı şəhərinə rəhbərlik etmiş və paytaxtın həqiqi qayğıkeşlərindən olmuş Əliş Ləmbəranski bu ideyanı xarici səfərlərindən birindən gətiribmiş.

"Mirvari"yə oxşayan (daha dəqiqi, "Mirvari"nin bənzədiyi) "Manantiales" restoranı ispan memarı Feliks Kandelanın layihəsi ilə hələ 1958-ci ildə Mexikoda tikilmişdi.

Balıqqulağına oxşayan o məşhur restoranın fotosunu həmin illərin dəbdə olan memarı Vadim Şulqinə verən Əliş Ləmbəranski bizim bulvarda da bunun bənzərini görmək istədiyini söyləyir.

O çağın ən bəyənilən, geniş dünyagörüşlü, qəliblərə sığmayan, gözlənilməz və yenilkçi düşüncələrlə dolu memarlarından sayılan Vadim Şulqin tezliklə gələcək "Mirvari"nin layihəsini hazırlayır (Azərbaycanın Le Korbüzye üslubunda, modernist tərzdə işləyən memarlarından olmuş Vadim Alekseyeviç Şulqinin özü haqqında az bilgiliyiksə də, yaratdıqlarından "Turist" mehmanxanası, Heydər Əliyev sarayı... hamıya tanışdır).

Elə həmin 1962-ci ildə Əliş Ləmbəranski Vadim Şulqinə gününə görə daha bir ultramüasir görünüşlü restoranın layihəsini sifariş edir.

Qız qalasının yanında, indiki Bazar meydanının yerində ucaldılması düşünülən bu restoran möhtəşəm abidəmizlə adaş olacadı.

Köhnə içərişəhərli dostum, uşaqlığı, gəncliyi o həndəvərdə ötmüş rəssam Elçin Hami Axundov danışır ki, Qız qalasının böyründəki indiki Bazar meydanının yerində birmərtəbəli, ikimərətəbəli evlər varmış. Planlaşdırılan tikinti ilə əlaqədar orada yaşayan sakinlər bir-bir köçürülür.

Tikililəri söküb qurtarırlar və başlayırlar nəzərdə tutulan restorana bünövrə qazmağa.

Elə bu əsnada yerin altından həmin bazar meydanındakı köşklərin tağları üzə çıxır.

Söküntünü davam etdirmək istəsələr də, hay-küy qopur.

Memar və araşdırıcı Niyazi Rzayev atılıb girir ekskavatorun çalovuna: "Görmürsünüz burdan tarixi abidə çıxır? Nədir, gözümüz görə-görə keçmişimizi dağıtmaq istəyirsiniz? Ölsəm də, qoymaram qazasınız!"

Nə illah edirlər, çılğın alimi inadından döndərə bilmirlər.

İnşaatçıların köməyinə sahə müvəkkili, onun ardınca milis işçiləri tələsir.

Tərs Niyazi: "Düşmərəm ki, düşmərəm" deyib durur, "Qazırsınızsa, mənimlə birgə qazın!"

Baksovetdən gəlirlər.

Camaat yığışır, məsələ böyüyür, işə digər ziyalılar da qatışır.

Höcətləşmə hava qaralanadək davam edir.

İş vaxtı qurtarır, inşaatçılar dağılışır.

Gecənin xeyrindən sabahın şərinin guya daha yaxşı olacağına şübhə ilə baxan Niyazi Rzayev və həmfikirləri elə gecə ilə müxtəlif ünvanlara, o cümlədən, Moskvaya teleqramlar göndərirlər.

Və sovet dövrü üçün qeyri-adi olan hadisə baş verir.

Tikintisinə hökumətin rəsmən qərar verdiyi layihə ziyalıların iradəsi ilə dayandırılır.

Təbii, Xruşşov dövrünün siyasi iqlimdəki isinmə əyyamlarına təsadüf etməsəydi, belə dikbaşlığın cəzası yetərincə ağır ola bilərdi.

Qəziyyə sakit ötüşür, etirazçılara dəyib-dolaşan olmur.

Memar Niyazi Rzayevin dəliqanlı təəssübkeşliyi, oyaq milli qeyrəti illər sonra həmin məkana yaraşıq verəcək, o günlərə qədərsə yüzillərdən bəri torpaq altında gizli qalan abidəni xilas edir və üzə çıxarır.

...Yolunuz Qız qalası tərəfə düşəndə, o füsunkar Bazar meydanını seyr edəndə unudulmaz memarımız, Şirvanşahlar sarayının bərpa layihəsinin müəllifi professor Niyazi Rzayevi də minnətdarlıqla və rəhmətlə anın!

...2000-ci ildə mən dünyanın 30-dan artıq ölkəsinin son iki əsrdəki təcrübələrini diqqətlə araşdırdıqdan sonra "Əlifba" kitabı üzərində işləyirdim.

O dərslikdəki mətnlərdən biri İçərişəhərə həsr edilmişdi. Bununla bağlı ayrıca şeir də yazmışdım, Cavanşir Quliyev həmin şeirə yaxşı bir mahnı da bəstələmişdi.

Və İçərişəhəri bütün ayrıntıları ilə canlandıracaq bir rəsm əsərinin də bu dərslikdə yer almasının faydalı olacağını düşündüm.

Həmin lövhəni - İçərişəhərin divarları arasındakı aləmi necə təsəvvür etdiyimi ən xırda detallarınadək bir plan kimi yazaraq istedadlı rəssamımız, heyiflər ki, çox erkən itirdiyimiz dostum Ucal Haqverdiyevə verdim.

O da hər şagirdin baxaraq saatlarla haqqında danışa, bir neçə müxtəlif mövzulu inşa yaza biləcəyi qədər incəlikləri olan, kitabın qoşa vərəqini dolduran gözəl rəsm əsəri yaratdı.

Həmin rəsmə bir surət də əlavə etmişdik.

Təhlükə milli maraqlara yönələndə, söhbət Vətən təəssübkeşliyindən gedəndə gözünü qan örtən, qorxu-hürkünü unudaraq sındırıla, zədələnə, yox edilə biləcək bir tarix yadigarını qorumaqçün köksünü cəsarətlə irəli verən memar Niyazi Rzayevin rəsmini: Qız qalasının yanı, camaat toplaşıb, qırmızı papaqlı milis işçisi qollarını ölçə-ölçə nəsə qışqırır, bir orta yaşlı insan oturub ekskavatorun çalovunda!..

İstəyim o idi ki, balalarımıza oxumağı, yazmağı öyrətməyin lap başlanğıcında bu cür örnək insanları da tanıdaq, belə nəciblikləri də aşılayaq!

"Əlifba" yalnız hərflər sırası demək deyil ki!

QOCA VƏ AĞAC

Ağac əkmək savabdır. Amma yalın çöllükdə, cadar-cadar olmuş torpaqda, şoranlıq düzəndə bağ-bağat salmaq, həyat toxumları səpmək ikiqat savabdır.

Sumqayıtın adı salnamələrdə lap qədimlərdən anılırsa da, burada keçmişlərdən abadanlığın, gur yaşayışın olması barədə məxəzlərdə soraqlar yoxdur.

Sumqayıtla bağlı əfsanələrin, rəvayətlərin da əksərində su həsrəti var.

Su qıt olan yerdə isə şüurlu həyat nə gəzir!

Odur ki, Sumqayıtı başdan-sonacan dolansan da, nə yaşı yüzillərlə ölçülə biləcək köhnə tikili görəcəksən, nə də sinni 100-dən çox olan ağac.

Amma Azərbaycan boyu səyahət et, şahid olacaqsan ki, Ağcabədidə, Ağstafada, Qazaxda, Tovuzda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Şamaxıda, İsmayıllıda, Şəmkirdə, Tərtərdə, Goranboyda, Qaxda, Dəvəçidə, Oğuzda, Abşeronda, Füzulidə, Zəngilanda, Laçında, Xocavənddə... rəsmən qeydiyyata düşmüş, yaşı yüzillərlə ölçülən, Samuxda, Cəbrayılda, Qubadlıda isə sinni 1500-ü aşan çinarlar var (Füzulidəkilərin, Cəbrayıldakıların, Qubadlıdakıların, Zəngilandakıların, Laçındakıların halı  necə oldu?).

Sumqayıtdakı ağaclarsa 1930-cu illərin sonlarından, 1940-cı illərdən əkilməyə başlanıb.

Bir çilik basdırıblar, küləyə, şaxtaya, qızmara, şorana tab gətirməyib, quruyub.

Yenisini əkiblər, o da tutmayıb, bir təzəsini əkiblər.

Beləcə, sərt təbiətlə tutaşa-tutaşa insan torpağı ram edib, yaşıllıqlar salıb, düzəngahda bağ-bağat yaradıb.

Sonra ucalan ağacların boyuna baxıb, ürəyi açılıb, hərdən insan elə canlı adam kimi ağacla danışıb da.

Bunu təxəyyüllə deyil, elə başına gələn kimi yazıram.

Əkdiyim ağaclarla öz doğmalarım kimi, ya haradasa rast gəldiyim qocaman ağaclarla bir nurlu ağsaqqalla söhbətləşən təhər pıçıldaşmağım az olmayıb.

Bunu arxayınca və kimsənin rişxənd etməyəcəyinə əminliklə yazıram. Çünki bunun çoxlarının başına gəldiyinə heç şübhəm yoxdur.

Əkilənin qədrini bilmək, tikilib-ucaldılmışın qeydinə qalmaqçün, görülmüş işin layiqli qiymətini verməyi bacarmaqçün, nankor olmamaqçün gərək özün də haçansa nəsə etmiş olasan.

İnsan o şeyin, o kəsin təəssübünü çəkə bilir ki, onlarda taleyinin bir parçası var, onlara ürəyi ilə bağlıdır, onların naminə əziyyətlərə qatlaşıb, məhrumiyyətlərə dözüb, onları sevib və sevir...

Necə də haqlıdır Koroğlu ustadnaməsi:

Arının qəhrin çəkməyən

Balın qədrini nə bilər?!

Kərim Axundov əslən lənkəranlı idi. Lap cavan vaxtlarında Ukraynaya işləməyə yollanmışdı, sonra İkinci Dünya müharibəsi başlanmışdı, onu da cəhbəyə göndərmişdilər, döyüşmüşdü, sağ-salamat qayıdaraq yenə Odessada tikintidə çalışmaqda davam etmiş, oralarda qabil inşaatçı kimi ad-san, hörmət qazanmışdı.

1953-cü ildə radioda eşidir ki, Azərbaycanda Sumqayıt adlı yeni şəhər salınır, Sovet İttifaqının hər yerindən gəncləri ora dəvət edirlər.

Kərimin artıq 40 yaşı vardı. Biliyi, təcrübəsi, səriştəsi də çox idi.

Bu çağırışa səs verir, qayıdır Vətənə və Sumqayıtın ən alovlu qurucularından birinə çevrilir.

Özü deyirdi ki, mən 1954-cü ildə Sumqayıta köçəndə burada cəmi ikicə dənə ikimərtəbəli bina vardı.

2013-cü ilin fevralında vəfat edəndə Kərim kişi Sumqayıtın ən qocaman sakini idi və onun 100 yaşının tamam olmasına vur-tut 3 ay qalmışdı.

Sumqayıtlıların yaddaşına dərs kimi köçən bu əhvalatsa 2000-ci illərin əvvəllərində baş verib.

Yaşına baxanda kifayət qədər qıvraq olan Kərim Axundov bir gün şəhərdə gəzərkən görür ki, hələ 1950-ci illərdə yol qırağında əkdiyi ağacları kəsməyə hazırlaşırlar.

Addımlarını yeyinlədərək özünü çatdırır onlara: "A bala, bu ağacları niyə kəsirsiniz?"

Cavab verirlər ki, ağaclar qocalıb, ona görə kəsirik.

Yaşı 90-ı adlamış Kərim kişi doluxsunur: "O ağacları mən əkmişəm. Mən o ağaclardan da qocayam. Nə durmusuz, onda gəlin məni də kəsin!" - deyir.

O ağaclar o anda bütün ömrünü halal zəhmətlə yaşamış Kərim kişidən ötrü doğma balaları idi, həyatı uzunu qayğılarını çəkdiyi, namusunu qoruduğu ailəsi idi, bu ixtiyar çağında hərdən-hərdən xiffətlə yada saldığı valideynləri idi, gəncliyi, xatirələri, yaddaşı idi.

Qadınlığından-kişiliyindən asılı olmayaraq, bir insanın el üçün, millət üçün, yurd üçün yapma deyil, səmimi təəssübkeşliyinin qızıl qaydası elə budur: elin, millətin, yurdunku olana balana, ailənə, əzizlərinə, öz malına və canına bəslədiyin sayaq təmənnasız məhəbbət və mərhəmət!

Adamlar itirə biləcəklərini əldən verməmişdən təəssüb, qeyrət çəkməyə can atmağı bacarsaydılar, nə xoşbəxt olardılar!..

Evimizin divarlarından o yana təəssübünü, qeyrətini çəkəcəyimiz nələrimiz var?

GEDƏNLƏRİN QAYITMAĞI

Nə "təəssüb", nə "qeyrət" bizim sözdür. Hər ikisi ərəbcədən gəlmədir. Amma bu anlayışlar özləri var axı bizdə! Düşündüm ki, bir baş vurum "Divan-i lüğət ət-türk"ə, görək Mahmud Qaşqarlı dədəmiz bu babətdə nə yazır.

"Kitab-i Dədəm Qorqud"dakı qeyrət, təəssüb səhnələri yaddaşımda dolaşırdı. Fikirləşdim ki, Ana Kitabımızı da yenidən vərəqləyim, bəlkə orada münasib kəlmələrə tuş gələm.

Nə orada, nə burada dəqiq cavab tapa bildim və bu, mənə çox yer elədi.

Axı necə olur ki, bu duyğu, bu düşüncə səndə minillər, yüzillərdir var, ancaq öz dilində bu hissin adını deyə bilmirsən.

Tarixin tozanaqlarında, yad dillərin dərinə işləyən həmlələrində bu sözlər unudulan kimi olub.

Əlbəttə ki, itməyib!

Söz ruh kimidir, qeyb ola bilməz, haradasa yaşayır, bəlkə də hansısa əski əlyazmanın saralmış bir vərəqinə qısılaraq ağır-ağır nəfəs almaqdadır, ona əl uzadanı, təzə nəfəs verəcək nəcib yurddaşımızı, onu yenidən gün işığına - dil işığına çıxaranı gözləyir.

Təəssübünü çəkməsən, qeyrətini daşımasan, söz asta-asta soluxa, dilin dil çatmayan qəribliyinə çəkilə bilir, küsür adamlardan.

Belə sözlərimiz nə qədərdir, görəsən?

Yüz, ya bir neçə yüz, yaxud min və ya bir neçə min?

Sözün, dilin təəssübünü və qeyrətini çəkməyəndə, hamı biganə-biganə baxaraq səsini çıxarmayanda, müqavimət göstərməyəndə, dili, sözü incidənləri töhmətləməyəndə, dilimizlə qaba rəftarı onların başına qaxınc, üzünə toxunc etməyəndə belə başıpozuqluq baş alıb gedir.

Kürsülərdən, radio-televiziyalardan, mətbuatdan dili hörmətsiz etməyə başlayırlar, ağır zəhmətlərlə, axtarışlarla, üzücü çarpışmalarla şəkilləndirilmiş ədəbi dillə ədəbsiz davranırlar, kəlmələri əyirlər, şikəst edirlər, ləhcələri, şivələri qatışdıraraq göyçək dilimizə xal salırlar, saflığını, duruluğunu korlayırlar.

Dilin təəssübü çəkilməyəndə ən azı tutduğu vəzifəsinə görə hökmən ana dilində adam balası kimi danışmalı olanlar da elə belə olmalıymış kimi heç narahatlıq keçirmir, naqis nitqləri ilə adam arasına çıxmaqdan xəcalət çəkmirlər.

Dilin, sözün təəssübü hamılıqla çəkilməyəndə və həssaslıqla yaşanılmayanda dilin, sözün üstündə dəlləklik etmək istəyənlər başlayır meydan sulamağa.

Təəssüb, qeyrət hissi yetərincə iti olmayanda, hamıda olmayanda adamın torpağını da əlindən qopara, sərvətlərini də mənimsəyə bilirlər.

Lap adını da əlindən alırlar, dilinə də nə ad istəyirlər qoyurlar.

Fəqət təəssüb, qeyrət kimi anlayışları nişan verən əsl öz sözlərimiz itsə də, bu qavramlar indiyədək ona görə büsbütün aradan getməyib ki, həmişə, hər zamanda, mütləq və mütləq tək-tək də olsa, az-az da rast gəlinsə belə, təəssübkeşlər, qeyrətçəkənlər olub.

Və bu azlar çox dəyərlərimizin əliyalın keşikçisinə dönüblər, bir güllə də baharın açılmasına insanları inandırıblar.

Kim deyir ki, bir güllə bahar olmaz!

Bütün güllərin açdığı günə yaz demək nə asan!

Hünər odur ki, tək bircə Zərif Gül açılmasıyla sazağa, şaxtaya, qara, borana meydan oxuya, özündən yüz qat çox olanla, zahirən dəfələrlə güclü görünənlə döş-döşə gəlməkdən çəkinməyə, qarşısındakına anlatmağa təpəri çata ki, mən tək olsam da, varam, gəlirəm, sənə yenilməyəcəyəm.

Çünki mən sadəcə yazın təmsilçisi, rəmzi deyiləm, baharın özüyəm!

Keşməkeşli keçmişlərdə dilimizin ən etibarlı qalxanı olmuş, yad dillərin yava təsirlərindən ən mərdanəliklə çıxmış feillərimizin ortaq adı olan "fe'l" sözümüzü sözün kökünü, əslini də təhrif edərək bilməzlikdən, naşılıqdan, ya elə mərdümazarçılıq məqsədilə "feil"ə döndəriblərsə (bununla birgə "şe'r"imizi "şeir", onların gözünə qataraq "meyl"imizi "meyil" ediblərsə və belə-belə digər yazı hoqqaları durğuzublarsa), bizlər də ellikcə buna vaxtında mane ola bilməmişiksə, deməli, yetərincə təəssübkeş, lazımi qədər qeyrətçəkən olmamışıq.

Parlaq Cəfər Cabbarlı düz bir əsr qabaq - 1926-cı ildə o çağın ən baş nəşri olan "Kommunist" qəzetində məqalə yazmışdı və qarşıdan gələn Birinci Türkoloji Qurultaydan umurdu ki, dilimizə soxulmuş və öz qanunları ilə köçmüş yabançı sözləri öz dilimizin qanunlarına tabe olan hala gətirməkçün qətiyyətli tədbirlər töksün.

Son 1000 ildən artıq müddətdə dilimizdə "pasport" verilərək vətəndaşlaşdırılmış, ancaq onillərlə burada yaşayıb dilimizi öyrənməmiş bir çoxları kimi, hələ də dilimizin Ruhuna uyuşmadan yadlığını saxlayan kəlmələrin əski türkcədəki əsilləri aranmalı, lüğətimizdən perik salınmış doğma sözlər qaytarılmalıdır.

İtkisi onillərcə sinəmizdə dağ olmuş torpaqlarımızı qaytarmağımız işarədir.

Təpər olsa, bütün gedənlərimiz qayıdar.

Amma orası var ki, gedənlər adətən özxoşuna qayıtmır.

Gərək gedənləri qaytarmaqçün fədakarlıqla çalışasan!

ÜRƏYİNİZDƏ VƏ EYVANLARINIZDA HƏMİŞƏ DALĞALANMALI AZƏRBAYCAN BAYRAĞI

Bu sualı neçə dəfə hamıya ünvanlayaraq ucadan eşitdirmişəm - yazılarımda, çıxışlarımda: Sizin evdə Azərbaycan bayrağı varmı?

Bayrağın hansısa kitabda, qəzetdə-jurnalda olan şəklini nəzərdə tutmuram, böyüklüyündən-kiçikliyindən asılı olamayaraq gerçək bayrağın özünü deyirəm.

Bəs niyə yoxdur?

Axı hər gün bayrağımızın bayramıdır! Kimsə düşünürsə ki, yox, bayrağa aid millətin təqvimində rəsmən müəyyənləşmiş günlər var, haqsızdır. Uğrunda bu qədər qanlar tökülmüş, başımızın üstündə və yurdun dörd bucağında qürurla ucalışı naminə onminlərin, yüzminlərin fəda olduğu bayrağımızın bayramı hər gündür, hər saatdır, hər dəqiqədir!!!

Və bayrağımızın yüksəklərdə dalğalandığı günlərin hər biri içərisində nə qədər qayğılar olsa belə, millətin bəxtiyar günüdür!

Əvvəllər, sovet dönəmində müşkül idi, ancaq indi vəziyyət başqadır - bilirəm, əksər insanımızın evində Quran var.

Olsun, lap yaxşı! Müqəddəs bildiklərimizi həmişə gözümüzün önündə tutmalı, ürəyimizin başında saxlamalıyıq.

Amma ay qardaşlar, ay bacılar, ay əzizlərim, axı bir millət üçün, bir yurddan ötrü onun istiqlalı elə Quran qədər müqəddəs bilinməli alidən-ali dəyər, ən qiymətəsığmaz sərvətdir!

Bəs ona qarşı niyə belə soyuğuq?

Hanı evinizdəki üçrəngli bayrağımız, hanı bu gün balkonlarınızdan asılmalı olan bayrağınız?

Anlayıram, bu bayramı bizə çox görənlər az deyil. Xatırlayın sovet əyyamlarını.

Əsrlərin sınağından keçib gəlmiş Novruz, Ramazan kimi bayramları, o qəbil mərasimləri ki, xalq ürəyinə yaxın tuturdu, onları heç bir məhdudiyyətə, təzyiqlərə, hədələrə məhəl qoymadan, hətta cəzalardan belə çəkinmədən qeyd edirdi.

Yaxşı, bayrağımızın bayramının hər gün olması məsələsini qoyuram bir kənara, elə təqvimdəki rəsmən bayraq bayramı olan gündə, ya mayın 28-də, ya noyabrın 8-də... elə Novruzdakı sayaq evlərinizdə plov dəmlənirmi, mənzillərinizdə bayram süfrəsi açacaqsınızmı?

Söz yox, hər ailənin imkanı fəqlidir. Süfrənizin təmtərağı seçilə bilər. Ancaq süfrənin zənginliyi və kasıbyanalığından asılı olmayaraq, ürəkdəki təmtərağı nə təhər qurmaq insanın öz mərifətindən, öz qabiliyyətindən, öz xislətindən, özünün məhəbbət, istək, qeyrət, ləyaqət səviyyəsindən asılıdır.

Gənclər, müstəqillik dövründə dünyaya gəlib böyüyənlər bilməz, amma yaşlılar ki xatırlayır bizləri necə yönəldirdilər, 7 noyabrı - "Böyük Oktyabr Sosialist İnqilabı"nın baş verməsinin, sovet dövlətinin yaranmasının hər ildönümünü hansı təntənə, hansı həşəmət, hansı vur-çatlasınla keçirirdilər.

Küçələr, eyvanlar, xiyabanlar, meydanlar bayraq selinə bürünərdi. Sovet bayrağı hər guşədə dalğalanardı. Nümayişə çıxarılan minlərlə insana irili-xırdalı bayraqlar paylanardı ki, hər kəsin əlində bu rəmz dalğalansın.

Uğrunda ən igid, ən yurdsevər, ən millətpərvər Vətən övladlarının can qurban etdikləri, ucalması naminə talelərini vaxtın səmumlarına qarşı qoyduqları üçrəngli müqəddəs bayrağımıza sevgimiz, ehtiramımız içərimizdə ürək kimi çırpınmalıykən hanı o hissiyyat?!

Hər il dekabrın son günü, təqvimlərimizin yeni ili yaxınlaşanda ilin axırıncı ayının ilk günlərindən başlayaraq Bakının mənzərəsi asta-asta dəyişməyə üz qoyur.

Həm də yalnız paytaxt Bakının deyil, elə rayon və şəhərlərimizin də.

Mağazalarda, idarə və müəssisələrdə, məktəblərdə, meydanlarda küknarlar, şam ağacları bəzənir, üstündən əlvan oyuncaqlar asılır.

Bu bayram əskilərdə bizdə olmayıb, gəlmə bayramdır.

Onun mənşəyini, dini tərəfini qoyuram bir qırağa.

Yola salınan iş ilimizin, başlanan təzə təqvim ilimizin bayramı kimi keçirilir, heç bir etirazım yoxdur, yaxşı da bayramdır, uşaq-böyük hamı sevinir - olsun! (Fəqət bu da unudulmasın ki, Yeni il bayramı elə öz-özünə belə fərəhli, möhtəşəm alınmır. Əgər Yeni il bayramı hamını sevindirə biləcək şəkildə gerçəkləşirsə, bunun arxasında təşkilatçılıq dayanır.

Elə bayramın nəfəsi gendən duyulcağın radio-televiziyalar müvafiq proqramlar hazırlamağa başlayır, uyğun filmlər, musiqilər bir-birini əvəz edir. Bütün xristian dünyası bayrama köklənir, Avropa, Moskva televiziyaları bu ritmdə işləyir, istər-istəməz başqa ölkələr və xalqlar da həmin ahəngə uyğunlaşır).

Şükür ki, indi Novruz rəsmi bayramlarımız sırasındadır. Novruz ərəfəsində də hansı evə gedirsən, hansı mağazaya girirsən, hansı vitrinə baxırsan, yaxınlaşan bayramın ab-havası sezilir. Gözün hara dikilirsə, baxırsan səmənilər göyərdilib, hər tərəfdə yaz görüntüləri sayrışır. Radio-televiziyalar, mətbuat da o ərəfələrdə işini Novruz dalğasında qurur.

Bu da gözəl!

Xalqın bayramıdır, təbiətin oyanan çağlarıdır, gözəlliyin, təzəliyin artan dəmləridir, niyə də bayram ovqatı hər nöqtədə duyulmasın?!

Dövlətin nəvazişi, diqqəti, qayğısı onsuz da sevimli olan Novruzun calalını, şan-şövkətini dəfə-dəfə artırır.

Amma əziz yurddaşlarım, İstiqlal, müstəqillik bayramımız, Respublika, Bayraq, Zəfər günlərimiz o bayramların hamısından qat-qat artıq, dəfələrcə qutsal və dəyərli ola-ola bu təntənəni, bu ümumxalq sevincini, bu elliklə bayrama bürünmək ovqatını könül istəyən genişlikdə görmürük.

İstiqlal günümüzü, müstəqillik bayramımızı biz XX əsrin başlanğıcında, 1920-ci ilin aprelində əldən verərək sonra düz 70 il həsrətini çəkmişik. Qürbətlərdə üçrəngli bayrağımızı qaldıran, göz yaşları içərisində Vətəndən uzaqlarda həmin 28 May günlərində ürək sıyıran xiffətlə millət şərqimizi - himnimizi oxuyan mühacirlərimiz bu əziz günün qayıdışı üçün bütün var-yoxlarını verməyə hazır olublar, talelərini həmin mübarizəli yola kökləyiblər.

Belə müqəddəs dəyərlərlə zarafat olmaz, əziz vətəndaşlarım!

Tarix, tale üzümüzə güldü, müstəqilliyimiz təzədən geri döndü və nə bəxtiyarıq ki, artıq yenidən qayıtmış müstəqilliyimizin 35-ci ilini yaşayırıq.

Bəli, hər yaz gələndə novruzgülülər baş qaldırır, ağaclar tumurcuqlayır, qaranquşlar da uçub getdikləri qərib ellərdən qayıdır.

İstiqlalımız da bu millətin, bu yurdun qaranquşu kimidir.

Qaranquşlar adətən hər növbəti gəlişində ötən illərdə ünvan seçdikləri evə, yuva qurduqları tanış eyvanlara qayıdırlar.

Amma incidilmiş, qəlbinə dəyilmiş qaranquşların hərdən-hərdən köhnə ünvana qayıtmaması da olur.

Allah belə qisməti, belə küsməkliyi hər evdən, hər xalqdan, hər məmləkətdən, ən əvvəl bizdən iraq etsin!

İstiqlal bayramımızı, Bayraq günümüzü hər dəfə ən azı Novruz kimi gözləyib elə o sayaq da bayram etmədiyimiz çağlaracan, bu bayramı ürəyimizə ən azı Novruz kimi yaxın bilmədiyimiz günlərəcən onu itirmək təhlükəsi başımızın üstündən çəkilməyəcək.

Mən çox istəyirəm ki, bu bayram ən böyük salonlarda ən dərin coşqu ilə qeyd edilməklə yanaşı, hər 28 Mayda millətin birliyinin, ortaq şadlığının ifadəsi olan izdihamlı xalq gəzintiləri də ənənəyə çevrilsin.

Umuram ki, dövlət başçısı, hökumət üzvləri, millət vəkilləri, xalqın seçkin ziyalıları Novruzda olduğu kimi, camaatla birgə Bakıda və ölkə boyu ümumxalq gəzintisinə çıxsınlar, birgə deyib-gülsünlər, sevinc bölüşsünlər.

XX yüzilin əvvəllərində, istiqlalın şirin dadını ilk dəfə duyduğumuz, üçrəngli bayrağımızı bir daha enməyəcəyi arzusu ilə ucaltdığımız dönəmdə, 23 aylıq müstəqillik çağlarımızda 28 Mayı bayram etmək bu xalqa bircə kərə müyəssər olmuşdu.

1919-cu ilin 28 Mayı İstiqlal günümüzün, Müstəqilliyimizin, Respublika quruluşumuzun yaddaşlara əbədi həkk olunan təntənəsinə çevrilmişdi.

Təfərrüatları həmin illərin mətbuatı olduğu kimi bizə çatdırır.

...Bakının küçələri bayramla daşırmış.

Bütün şəhər bir bayram meydanı imiş. Eyvanlardan xalılar, bayraqlar asılıbmış.

Vətən şərqiləri oxuyan Bakı məktəbliləri dəstə-dəstə küçələrdən keçirmiş və onların oxuduğu istiqlal nəğmələri anaların, ataların, babaların, nənələrin boğazını qəhərlə yandırırmış, gözlərini yaşardırmış...

Nə xoşbəxtdir o millət, o məmləkət ki, belə iftixarlı, sonsuz sevincli, qürur dolu anların qəhəri, göz yaşları ilə duyğulana bilir!

Bu bayramı bizə bağışlamış qurucu babaları ən dərin sayğı və məhəbbətlə yad etmək, böyük ruhlarına salamlar göndərmək hər birimizin borcudur.

Bu bayram günlərində, təntənələrdə heç adlarını da ürək dolusu dilə gətirmirik. Olarmı belə?

Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşı, Həsən bəy Ağayev, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əhməd bəy Pepinov, Xudadat bəy Rəfibəyov, Xudadat bəy Məlikaslanov, Behbud ağa Cavanşir, Firidun bəy Köçərli, Xəlil bəy Xasməmmədov, Aslan bəy Səfikürdski, Məmmədbağır və Nağı bəy Şıxzamanlılar, İsmayıl Ziyadxanov, Məhəmmədhəsən Hacınski, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Məhərrəmov, Cavad bəy Məlikyeqanov, Xosrov bəy Sultanov, Mirhidayət Seyidov, Səməd bəy Mehmandarov, Teymur bəy Makinski, Məmmədyusif Cəfərov, Üzeyir və Ceyhun Hacıbəylilər, Şəfi bəy Rüstəmbəyli, Əli bəy Zizikski, Məhəmməd xan Təkinski, Əkbər ağa Şeyxülislamov, Həmid ağa Şaxtaxtinski...

Və bütün silahdaşlar, bütün məsləkdaşlar!

Halal edin haqqınızı bu millətə və bu məmləkətə!

Ramazanda hansı günsə hansısa səbəbdən oruc pozulanda, namaz qılanlar günün hansısa hissəsində borcunu yerinə yetirə bilməyəndə mütləq bunun əvəzini çıxır.

Onillərlə bayrağımızı öpə, ona baş əyə bilməmişik.

Hər birimizin, bütün millətin bayrağımız qarşısında yeddi onillik kəffarəsi, qəzası - zəruri borcqaytarma məsuliyyəti var.

Bu borcu hər gün qaytaraq ki, ömrümüz bitənəcən günahlarımızı yuyub qurtara bilək.

Bu millət və yurd bütün səadətlərə layiqdir və haqq etdikləriniz zaman-zaman daim qismətiniz olsun!

Və yadınızdan çıxmasın deyə əvvəldəki sualımı bir də təkrar edirəm: EVİNİZDƏ AZƏRBYACAN BAYRAĞI VARMI?

Həmin bayrağın bayramı hər gündür! Ancaq lap yaxında yenə 28 May gələcək. Evinizdəki bayrağınız eyvanınıza çıxacaqmı?

Çıxsın, hökmən çıxsın ki, həmin gün yurd və millət başdan-başa bayraq işığına bürünsün!

Unutmayın! Bu yurdun və millətin tarixində 28 aprel də olub ha!

FƏXRİ XİYABANDA YERİ GÖRÜNƏN MƏZAR

Orada - Parisdə, Sən-Klu məzarlığında Əlimərdan bəy Topçubaşı doğmaları ilə birgədir.

Övladları Rəşid bəy, Ələkbər bəy, zövcəsi Pəri xanımla eyni məzarın müxtəlif qatlarında uyuyurlar.

1934-cü il noyabrın 8-də Əlimərdan bəy 71 yaşında ikən çox acılar daddığı və şərəflə yaşadığı bu dünyada qəlbinin döyüntülərinin dayanmasından 3 gün sonra torpağa gömüldü.

Onillər sonra isə uzun və inadlı hazırlıq işlərinin, müxtəlif danışıqların aparılması, razılaşmaların əldə edilməsinin başa çatmasından sonra böyük Əlimərdan bəyin Bakıda düzəltdirdiyimiz abidəsini, sinə daşını, hətta yerə döşənəcək mərmər lövhələrini də buradan Parisə apardıq və 2006-cı il mayın 30-da həmin müqəddəs məzarın üstü yenidən quruldu.

Gələcəkdə həmin məzarın Azərbaycanın Fransadakı dövlət nişanələrindən birinə çevrilməsi haqqında düşünmüşdük.

Sadə və ənənəvi bir müsəlman qəbri olan həmin məzarın başdaşında Quran ayələri həkk edilmişdi, sinə daşında da məzardakıların adları.

Əlimərdan bəyin bu ailə məzarının yenidən qurulmasını mənə 2000-ci illərin lap başlanğıcında təkidlə tövsiyə edənsə İkinci Dünya savaşından sonra Fransada yaşayan qeyrətli və müdrik soydaşımız Qədir Süleyman (Qədir dayı 2014-cü ilin 17 sentyabrında 97 yaşında vəfat etdi) olmuşdu.

O, Fransaya, Avropa Şurası Parlament Assambleyasının komitə iclaslarına növbəti gedişimdə bir axşam mənə həyəcanla xəbər vermişdi ki, Parisdəki ifrat millətçilər üstündəki əski əlifbalı yazılara görə bunu bir ərəb qəbri hesab edirlər və dağıdılmaq təhlükəsi var.

Rəsmi səviyyədə məzarın yenidənqurulması ilə məşğul olmaq ciddi maneələrin üzə çıxması ilə qarşılana bilərdi. Ona görə də məsələni şəxsi səviyyədə həll etməyi münasib saydım. Təsəvvür etdiyim məzarüstü abidənin ilkin cizgisini tərtib edərək heykəltaraş dostum, Xalq rəssamı, unudulmaz Akif Əsgərova verdim.

Həmin cizgini tərtib etməkdən ötrü isə öncə Dövlət arxivinə gedərək Cümhuriyyət dövrü sənədlərindən Azərbaycan Məclis-i Məbusanının - ilk Parlamentimizin rəhbəri olaraq Əlimərdan bəyin sənədlərin altında vurduğu möhürün faksimilesini və imzasının surətini çıxarmışdım.

Eyni zamanda, düşündüm ki, Sən-Klu məzarlığında, Əlimərdan bəyin bu son dayanacağında ana dilimiz də görünsün.

Ona görə də Əlimərdan bəyin ziyalılıq (və ziya) saçan ifadəli, gözəl surətinin aşağı hissəsində bir cümlə yazmaq qət olundu: "Bir yolumuz var - İstiqlal!", altında möhür və imza.

Sinə daşında isə dövlətimizin qurucu babalardan bizlərə yadigar qalmış əsas rəmzlərindən biri - herbimizin qabartma əksi həkk olundu.

Üçrəngli bayrağımızı da həmin məzarda əks etdirməyi qərara almışdım.

Məzarın aşağı hissəsində təbii güllər əkməkçün mərmərdən düzbucaqlı, içərisi dərin xüsusi dibçək düzəltdirdim. Nəzərdə tutmuşdum ki, onun içərisində bir cərgə mavi, bir cərgə qırmızı, bir cərgə yaşıl xırda çiçəklər əkilsin.

Başlanğıcda bu güllərlə məşğul olmağı Parisdə yaşayan, əslən Güneydən olan soydaşımız, gül dükanında işləyən və belə işlərdən yaxşı başı çıxan dostum Maşallah Rəzmidən xahiş etmişdim və bir müddət məhz çiçəklər elə həmin bayraq görüntüsü yaradan nizam və səliqə ilə əkilirdi.

Bütün bunlarda məqsəd həm də o idi ki, Əlimərdan bəy Tobçubaşının məzarı Parisdə yaşayan və Fransa paytaxtına səfərə gələn azərbaycanlıların daimi ziyarət məkanlarından ən əsasına çevrilsin.

Elə indi təxminən məhz belədir.

2006-cı il mayın 30-da Prezident İlham Əliyev Fransada səfərdə idi.

Mən bu layihənin bütün addımları barədə cənab Prezidenti məlumatlandırırdım və məzarüstü abidəni quraşdırmağı da elə planlaşdırmışdıq ki, dövlətimizin başçısı Paris səfəri əsnasında vaxt pəncərəsi tapılarsa, gəlib ziyarət etsin.

Prezident İlham Əliyev gəldi, məzarı ziyarət etdi və gördüyümüz işləri təqdir etdi, belə bir abidənin elə Bakıda da quraşdırılmasının gərək olduğunu söylədi.

Və mən də xahiş etdim ki, 1934-cü ildən bu məzarın üzərində ucalmış tarixlər şahidi, neçə-neçə fədakar, millətpərvər, yurdsevər mühacir soydaşımızla üz-üzə qalmış köhnə başdaşını Bakıya aparmaqda kömək etsin.

Ən minnətdar duyğularla xatırlayıram ki, cənab Prezident dəhal göstəriş verdi.

Və mən həmin yadigar başdaşını 2007-ci ildə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində yeni ekspozisiyanı qurarkən Əlimərdan bəyin qayınatası Həsən bəy Zərdabiyə həsr olunmuş guşə ilə yanaşı yerləşdirdim.

Ən azı Əlimərdan bəy əvəzi Vətənə qayıtmağa müyəssər olmuş həmin xatirə başdaşı önündə indi hər gün sıra-sıra insan ayaq saxlayır, Topçubaşının bu millət, dövlət və yurd qarşısındakı xidmətləri haqda söylənənləri dinləyərək ehtiramlarını ifadə edirlər.

Əlimərdan bəy Topçubaşının Parisdə, Sən-Kludakı artıq yetərincə təntənəli məzarı oradakı şanlı ünvanımızdır və elə o cür də daim qorunmalı, sevilməlidir.

Mənim böyük arzum isə bütün millətimizin sayğı ilə ziyarətə gəldiyi, bu milləti millət edən parlaqların uyuduğu Fəxri xiyabanda üstünün rəmzi abidəsi ilə qurucu babaların bir simvolik ortaq məzarının olmasıdır.

Bir ovuc torpağı Parisdən Əlimərdan bəyin qəbrindən gətirək, bir ovuc torpağı Ankaradan - Məhəmməd Əmin Rəsulzadənin məzarından, hərəsindən bir ovuc olmaqla Tiflisdəki Nəbatat bağındakı iki yanaşı məzardan - Fətəli xan Xoylunun və Həsən bəy Ağayevin qəbirlərinin torpağından götürək və digər belə məzarlarımızdan.

Fəxri xiyabandakı ortaq məzarlarında sürəkli hicranlardan sonra, nəhayət ki, o amal və məslək qardaşları yenidən qovuşsun!

Onların bir zamanlar Bakıda yaşadıqları evlərin divarlarında barelyefləri ilə birgə xatirə lövhələrini də görməyi çox arzulayıram.

Hər birimizin boynunda müstəsna haqqı olan o seçilmişlərin hamısının ortaq evlərindən biri isə indiki Nizami muzeyi olub.

1918-ci ildə Azərbaycan istiqlalı elan ediləndən üç aydan da bir az artıq keçəndən sonra, sentaybrın 15-də rəşadətli Qafqaz İslam Ordusu və cəsur Azərbaycan əsgəri Bakını azad edir, hökumət Gəncədən Bakıya köçür.

Həmin çağların məşhur hoteli olan "Metropol"u verirlər Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin ixtiyarına.

Başlayırlar burada həm yaşamağa, həm işləməyə.

Və nə gözəl olardı ki, bir zamanların həmin "Metropol" hoteli yerləşmiş indiki Nizami muzeyi ilə Həmkarlar İttifaqları Konfederasiyası binasının aralığında həmişə minnətdar olacağımız qurucu ölməzləri qovuşduran abidə ucala: XX yüzilin başlanğıcının xoşbəxt istiqlal günlərindəki sayaq birgədirlər, hamısının ürəyi məsud sabahlara ümidlərlə dolu.

Göyçək paytaxtımıza millət fədailərinin o möhtəşəm qayıdışını görmək hamınıza nəsib olsun!

15 aprel 2026

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
36
525.az

1Sources