ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Qusar, 25 aprel, AZƏRTAC
Buraxılış imtahanında maksimum nəticə göstərənlərdən biri Qusar məktəblisidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonun Yuxarı Zeyxur kənd tam orta ümumi təhsil məktəbinin XI sinif şagirdi Emiliya Qayıbova martın 15-də keçirilən buraxılış imtahanında maksimum nəticə — 300 bal toplayıb.
Emiliya 2015-ci ildə Samur qəsəbə kənd tam orta məktəbində təhsil almağa başlayıb. İbtidai məktəbi başa vurduqdan sonra təhsilini Yuxarı Zeyxur kənd tam orta məktəbində davam etdirib.
Emiliya Qayıbova IX sinifdə də buraxılış imtahanında yüksək nəticə göstərərək, 297 bal toplamağı bacarıb. Bundan əlavə, “Fermat” Beynəlxalq Riyaziyyat Olimpiadasının milli mərhələsində birinci yerin sahibi olub.
“İmtahanlara öz məktəbimizin müəllimləri ilə hazırlaşmışam. Əlavə repetitor yanına getməmişəm. Yüksək nəticə gözləyirdim. Riyaziyyat fənnini çox sevirəm. Yüksək bal toplamaq istəyən şagirdlərə tövsiyə edirəm ki, aşağı siniflərdən dərslərinə ciddi yanaşsınlar. Biliklərin bünövrəsi möhkəm qurulsun. I ixtisas qrupu üzrə Kompüter elmləri ixtisasında təhsil almaq istəyirəm. Bakalavr təhsilini ölkəmizdə aldıqdan sonra gələcəkdə xarici ölkədə də təhsil almaq barədə düşünürəm ”,- deyə o söyləyib.
Məktəbli Respublika Fənn Olimpiadalarının (RFO) fəal iştirakçısıdır. Cari tədris ilində riyaziyyat fənni üzrə RFO-nun rayon (şəhər) mərhələsində 95, yarımfinalda isə 100 bal toplayaraq finalda iştirak hüququ qazanıb. Bu mərhələdə də uğurla iştirak edən Emiliya medal qazanacağına inanır.
"Asudə vaxtım çox az olub. Bütün fənnləri əla oxumuşam. Eyni zamanda, fənn olimpiadalarına hazırlaşmışam. Xüsusi hobbim yoxdur. Özümü riyaziyyatsız təsəvvür etmirəm. Məqsədimə çatmaq üçün səylə çalışmışam. Qəbul imtahanlarında da yüksək nəticə əldə etmək istəyirəm", - deyə o vurğulayıb.
Emiliya Qayıbovanın anası pedoqoji fəaliyyətlə məşğuldur. Atası isə kənd təsərrüfatı sahəsində çalışır. Emiliyanın özündən balaca üç qardaşı var.
Müxbir - Elxan Yusifli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.