Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare və Petre Andrei Universitetinin rektoru Sorin Bokançanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.
Qonaqları salamlayan rektor Elçin Babayev BDU-nun tarixi, elmi, tədris fəaliyyəti, beynəlxalq əməkdaşlıqları və ikili diplom proqramları barədə məlumat verib, Universitetin Rumıniya universitetləri ilə uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Rektor BDU ilə Petre Andrei Universiteti arasında maraq doğuran istiqamətlər üzrə birgə forumların, elmi konfransların keçirilməsinin, elmi tədqiqatlar aparılmasının vacibliyini qeyd edib.
Rumıniya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare ölkələrimiz arasında dostluq münasibətlərinin uğurla inkişaf etdiyini, bunda elm, təhsil müəssisələrinin də mühüm rola malik olduğunu qeyd edib.
Petre Andrei Universitetinin rektoru Sorin Bokança rəhbərlik etdiyi ali təhsil müəssisəsinin sosial, humanitar profil üzrə ixtisaslaşdığını, Avropa, xüsusilə Qara dəniz ölkələrinin nüfuzlu universitetləri ilə əməkdaşlıq etdiyini bildirib. O, rəhbərlik etdiyi universitetin elmi nəşrləri barədə məlumat verib, bu görüşün iki ali təhsil müəssisəsinin səmərəli akademik əməkdaşlığı üçün uğurlu başlanğıc olduğunu deyib.
Görüşdə BDU və Petre Andrei Universiteti arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanları, ortaq konfransların təşkili, birgə elmi nəşrlərin hazırlanması, tədqiqatların aparılması istiqamətində müzakirələr aparılıb.
Sonra BDU və Petre Andrei Universiteti arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.
Qonaqlar BDU-nun yenilənən infrastrukturu ilə tanış olublar. Sonda nümayəndə heyəti Petre Andrei Universitetinin “POLİS” beynəlxalq elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşrini BDU-nun Elmi Kitabxanasına hədiyyə edib.



