"ABŞ-İran qarşıdurmasındakı vəziyyət səngimək bilmir və son hadisələr fonunda bu münaqişənin hələ uzun müddət davam edəcəyini söyləmək çətin deyil. Dünən ABŞ Prezidenti Donald Trampın jurnalistlərə verdiyi açıqlama bu münaqişənin nisbi atəşkəs dövründən yenidən aktiv fazaya keçə biləcəyinin ilk əlamətlərini özündə ehtiva edirdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.
"Tramp əvvəlki açıqlamalarında Hörmüz boğazının tam blokadada olduğunu bildirsə də, Fars agentliyinin yaydığı məlumatlarda bir neçə gəminin SEPAH-ın müşahiyyəti ilə blokadanı keçərək limana daxil olduğu qeyd edilirdi. Bu onu göstərir ki, ABŞ-nin formalaşdırdığı Hörmüz blokadası gözlənildiyi qədər effektiv nəticə vermir. Paralel olaraq Tramp tərəfindən münaqişənin 4-6 həftə ərzində başa çatacağı söylənsə də, artıq 8-ci həftədir qarşıdurma davam edir və hələ də yekun nəticə əldə olunmayıb. Düzdür, Tramp bunun səbəblərindən biri kimi İranda vahid idarəetmənin olmamasını və ABŞ-nin kimlə danışıqlar aparmalı olduğunu müəyyən edə bilməməsini göstərir. Əslində bu müəyyən mənada başadüşüləndir. Çünki münaqişənin ilk günlərində İranın ali dini lideri Seyid Əli Xameneinin öldürülməsi və bunun nəticəsində idarəetmənin SEPAH generalları tərəfindən ələ alınması bugünkü danışıqlar prosesinə təsirsiz ötüşə bilməzdi".
.jpg)
Müsahibimiz əlavə etdi ki, Çinin İrandakı vətəndaşlarına ölkəni tərk etməklə bağlı xəbərdarlıq edilməsi diqqət çəkir və bu xəbərdarlığın əsas səbəblərindən biri də Trampın son açıqlamaları ilə bağlıdır:
"Belə ki, Tramp açıq şəkildə bildirdi ki, əgər İranla danışıqlar nəticə verməsə, bu münaqişə hərbi yolla həll ediləcək. Bu açıqlama onu göstərir ki, ABŞ hələ də öz məqsədlərində israrlıdır və əgər Hörmüz blokadası, eyni zamanda sanksiyalar istənilən effekti verməsə, yenidən hərbi vasitələrdən istifadə oluna bilər. Bu məqsədlə qırıcıların İran istiqamətinə göndərilməsi, paralel olaraq ətraf bazalarda hərbi hazırlıqların artırılması gözlənilən görünür".
Politoloqun sözlərinə görə, proseslərin indiki gedişatı onu göstərir ki, əgər İran öz mövqeyində qalarsa və Hörmüz blokadası effektivliyini göstərməzsə, yenidən münaqişənin eskalasiyası baş verə bilər:
"Silahlı insidentlər və hərbi qarşıdurmalar yenidən başlaya bilər. Mövcud vəziyyətdə ABŞ üçün iki yol qalır: ya öz maraqlarını müəyyən qədər kənara qoyub İranla kompromis razılaşmasına getmək, - amma bu da İranın siyasi mövqeyini gücləndirə bilər - ya da hərbi təzyiq xəttini davam etdirmək. Görünən odur ki, Vaşinqton birinci variantı istəmir, çünki bunun sonrakı mərhələlərdə İrandakı siyasi vəziyyətə təsiri ola bilər. Bu baxımdan ABŞ-nin İran razılaşmadığı təqdirdə yenidən hərbi vasitələrdən istifadəyə qayıtması istisna deyil".
Xədicə BAXIŞLI