EN

Ermənistanı böhrandan Azərbaycan xilas etdi? - Regionun enerji taleyi artıq Bakıda həll olunur

Cənubi Qafqaz regionu son illərdə qlobal enerji bazarlarında baş verən kəskin dalğalanmaların birbaşa təsirini üzərində hiss edir. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi fonunda enerji resurslarının tədarükü, qiymət sabitliyi və logistik imkanlar əvvəlkindən daha həssas məsələyə çevrilib. Bu kontekstdə region ölkələrinin enerji təhlükəsizliyi yalnız iqtisadi deyil, həm də siyasi sabitliyin əsas dayaqlarından biri kimi çıxış edir. Uzun illər ərzində Ermənistan əsasən Rusiya və İran kimi ona yaxın olan ölkələrdən yanacaq təmin edirdi. Lakin müharibənin yaratdığı yeni reallıqlar- Rusiyanın daxili tələbatının artması, enerji infrastrukturuna yönələn hücumlar, eləcə də İranın beynəlxalq məhdudiyyətlər altında olması-bu ənənəvi təchizat zəncirini ciddi risk altına salıb. Nəticədə, Ermənistan üçün enerji böhranı ehtimalı real təhlükəyə çevrildi.

Milli Məclisin deputatı Naqif Həmzəyev Musavat.com-a açıqlamasında bildirdi ki, Rusiya-Ukrayna müharibəsinin qlobal enerji bazarlarına vurduğu şok dalğası Cənubi Qafqaz regionunu xüsusi bir sınaqla üz-üzə qoyub: "Ənənəvi enerji axınlarının pozulması, Rusiyanın ixrac imkanlarının məhdudlaşması və İrana tətbiq olunan beynəlxalq sanksiyalar fonunda Ermənistan kimi ölkələr kritik bir yanacaq asılılığı böhranı ilə qarşılaşdı. Lakin bu böhran, eyni zamanda, regionda yeni bir enerji liderinin formalaşmasına da zəmin hazırladı.

Azərbaycan son illərdə enerji ixracçısı kimi öz rolunu əhəmiyyətli dərəcədə genişləndirib. Bakı, yalnız neft-qaz ixracatçısı olmaqdan kənara çıxaraq, regional enerji tarazlığının aktiv idarə edicisi mövqeyini tutmağa başlayıb. Bu prosesin ən bariz göstəricisi Ermənistana yanacaq tədarükündəki çevik yenidənqurma oldu. Qlobal qiymət artımı dalğasının regionu sarsıtdığı bir dövrdə Ermənistan bazarında nisbətən sabit qiymət dinamikasının saxlanması, Azərbaycanın iqtisadi praqmatizmi ilə sülhə yönəlik dövlət siyasətinin vəhdətini nümayiş etdirir.

Prezident İlham Əliyevin xarici siyasətinin əsas özəlliklərindən biri regionda mövcud münaqişələri dondurulmuş vəziyyətdə saxlamaq əvəzinə, iqtisadi qarşılıqlı asılılıq yaradaraq sabitliyin əsasını qurmağa çalışmaqdır. Enerji əməkdaşlığı bu strategiyanın ən güclü alətlərindən birinə çevrilib. Gürcüstanın Azərbaycandan artan enerji asılılığı da bu çərçivənin uğurla genişləndiyini göstərir.
Regional miqyasda baxıldıqda, Cənubi Qafqazın enerji arxitekturasında yeni bir qütb formalaşır və bu qütbün koordinat mərkəzi Bakıdır. Artıq alternativ mənbələrə arxalanan ölkələr belə anlamağa başlayır ki, regional enerji sabitliyinin təminatçısı kimi Azərbaycanın böyük əhəmiyyəti var. Bu, həm diplomatik, həm də iqtisadi baxımdan Azərbaycanın regional nüfuzunu möhkəmləndirən strateji bir reallıqdır".

Cavanşir Abbaslı
Musavat.com

 

Chosen
43
musavat.com

1Sources